Son günlər Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi müşahidə olunur. Bu, özünü həm müsbət bəyanatlarla, həm də bir sıra konkret addımların atılması ilə göstərir. Bu istiqamətdə ən mühüm qərarlardan biri Azərbaycanın Ermənistana tranziti məhdudiyyətlərini aradan qaldırması oldu. Azərbaycan lideri bu barədə Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub: “Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Ötən həftə həm də vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda görüşü oldu. Həmin görüşlə bağlı da təəssüratlar müsbətdir.
Ermənistan hakimiyyəti Azərbaycanla sülhün, əməkdaşlığın qurulmasının onun üçün vacib əhəmiyyətə malik olduğunu anlayır. Bu, İrəvan üçün həm də Türkiyə ilə əməkdaşlıq, regionun imkanlarından geniş şəkildə faydalanması deməkdir. Uzun illər ərzində Ermənistan işğalçılıq siyasətinə görə, özünü bütün bu imkanlardan məhrum edib, həm siyasi, həm iqtisadi baxımdan tam asılı vəziyyətə düşüb. Rəsmi İrəvan gec də olsa anladı ki, düşmənçilik səhifəsini çevirmək, özünütəcriddən xilas olmaq onun üçün həyati əhəmiyyət kəsb edir. Əks halda, yenə də forpost olmağa, asılı vəziyyətdə yaşamağa davam etməlidir.
Bu il 8 avqust tarixində Vaşinqtonda keçirilən üçtərəfli sammit, qəbul edilən Birgə Bəyannamə, sülh sazişinin imzalanması bu mənada mühüm dönüş nöqtəsi oldu. Tərəflər dialoqu, müzakirələri davam etdirir, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində liderlərin görüşləri baş tutur. Artıq vətəndaş cəmiyyətlərinin də prosesə qoşulması o deməkdir ki, cəmiyyətlərin sülhə hazırlanması, onlar arasında təmaslar üçün addımlar atılır və bu da zəruridir.
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, 2026-cı il sülh üçün həlledici il olacaq. O bildirib ki, gələn il keçiriləcək parlament seçkilərində Ermənistan xalqının sülhün tərəfdarı olmasını gözləyir:
"2026-cı il sülh üçün həlledici il olacaq, çünki növbəti parlament seçkiləri iyun ayında keçiriləcək.
Və bu seçkilərdə cavablandırılmalı olan əsas sual var. Ermənistan Respublikası xalqı sülhə səs verməlidir. Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir. Əks halda, Ermənistan yenidən münaqişəyə sürüklənəcək.
Sülh tərəfdarı olmaqla, Ermənistan xalqı həm də bu yeni müstəqillik səviyyəsi, öz suverenliyi, öz dövləti üçün mübarizə aparacaq".
Məlumdur ki, hazırda Ermənistanda daxili siyasi gərginlik hökm sürür. Yəni revanşistlər öz pozucu əməllərindən əl çəkmək istəmirlər. Onlar kilsə ilə əlbir olaraq sülh pozmağa, hakimiyyəti devirməyə çalışırlar. Paşinyan onlarla mübarizə aparır, bir çoxları həbs olunub.
Onu da qeyd edək ki, Ermənistan hakimiyyəti ilə kilsə arasındakı qarşıdurma may ayından başlayıb. Həmin vaxt Paşinyan sosial şəbəkə hesabında yüksək vəzifəli din xadimlərini sərt tənqid edib. Hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib, dövlətin bu prosesdə əsas rol oynamalı olduğunu söyləyib. Bir qədər sonra isə arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan, yepiskop Mkrtıç Proşyan və Muğni kəndindəki Surb Gevorq monastırının rahibi Qaregin Arsenyan müxtəlif ittihamlarla həbs ediliblər. Həmçinin keçmiş ierey Aram Asatryanın Erməni Apostol Kilsəsi daxilində müxalifət mitinqlərində iştirak etməyə məcbur edilməsi barədə ifadələri əsasında da cinayət işi açılıb. Bundan əlavə, xarici güclərin siyasi meydana çıxarmağa çalışdıqları bir sıra şəxslər, siyasətçilər, həmçinin Masis şəhərinin meri David Hambartsumyan, Gümrü meri Vardan Qukasyan həbs ediliblər.
“Şərəfim var" fraksiyasından baş nazir vəzifəsinə namizəd olan Hambartsumyan 2018-ci ildə etirazçılara qarşı silah tətbiq etməkdə və iğtişaşlarda ittiham olunurdu.
Qukasyanın həbsində isə korrupsiya və rüşvət faktoru ilə yanaşı, onun revanşistlərə və rusiyapərəst qüvvələrə xidmət etməsi olub. Eyni zamanda, ona ölkənin suverenliyindən imtinaya çağırış etdiyinə görə yeni cinayət işi açılıb.
Amma o da bəllidir ki, revanşistlərin arxasında dayanan güclər var. Onlar həm xarici qüvvələrdən, həm də erməni diasporundan dəstək alır. Bu dəstək özünü təkcə təxribat planlarında deyil, həm də maddi cəhətdən də göstərir. Bir sözlə, Paşinyan hakimiyyəti həlledici sınaq qarşısındadır. Bu çətin sınaqdan keçə bilməsini qarşıdakı zaman göstərəcək.
Politoloq İlqar Vəlizadə “525”ə açıqlamasında həm sülh istiqamətində son proseslərlə, həm də revanşistlərin nə dərəcə təhlükə yaratmalarına münasibət bildirib.
Onun sözlərinə görə, sülhü təşviq edən bəyanatları mütləq Ermənistanın daxili siyasi gündəmi ilə uzlaşdırmaq lazımdır: “Çünki Ermənistanda Nikol Paşinyana qarşı çıxan revanşist qüvvələr köhnə gündəliyə qayıtmaqla bağlı mesajlar verirlər. Onlar deyirlər ki, Azərbaycan və Türkiyə ilə indi daha sərt ritorika ilə danışmaq, hansısa bir təsirli ideyanı ortaya qoymaq lazımdır. Paşinyan sülhün, ideyalarının Ermənistana və erməni xalqına mənfəət gətirəcəyini göstərməlidir. Ona görə də sülh gündəliyindən yapışıb. Çünki əks halda onun siyasi platforması xeyli zəif görünəcək və revanşist siyasi platformasında Paşinyan birmənalı olaraq uduzacaq. Ona görə də sülhü istəməklə Paşinyan yeni reallıqları, yeni Ermənistan ideyasını da tətbiq etmək istəyir. Burda da onun məqsədi Ermənistanın siyasi landşaftını dəyişmək, yeni konstitusiyasını qəbul etmək, revanşist qüvvələri, eyni zamanda, siyasi əleyhdarlarını, ümumiyyətlə siyasi gələcəkdən məhrum etməkdir. Əslində əsas məqsəd bundan ibarətdir. Çünki başqa çıxış yolu yoxdur. Sülh gündəliyi onun üçün əsas alətdir, meyardır. Bu sülh gündəliyində onun kifayət qədər güclü tərəfdaşları var. Azərbaycan, Türkiyə, ABŞ və digər ölkələri göstərmək olar. Onlar əlbəttə ki, istəyərlər ki, regionda sülh bərqərar olsun. Ona görə ki, həmin qüvvələrin də regionda öz maraqları var. İstəyirlər ki, öz maraqlarını məhz regionda sülh şəraitində tətbiq etsinlər. Bu mənada düşünürəm ki, Paşinyanın istəyi təkcə sülhdən deyil, həm də daxili siyasi istəkdən irəli gəlir”.
Politoloq revanşist qüvvələrin sülh üçün nə dərəcədə təhlükəli olmalarına, seçkilərdə mümkün şanlarına da toxunub. Onun sözlərinə görə, həmin qüvvələr təhlükə yaradırlar: “Çünki onlar təkcə siyasi amillərdən deyil, eyni zamanda, güc amilindən istifadə edirlər. Kriminal qruplardır, onların arxasında böyük pullar, böyük hərbləşmiş qruplaşmalar, kriminal qruplar da dayana bilər. Onlar hər şeyə əl ata bilərlər. Bu mənada təkcə siyasi baxımdan deyil, eyni zamanda, kriminal baxımdan da Paşinyan üçün, hazırkı hakimiyyət üçün çox ciddi təhdidlər yarada bilərlər. Hətta seçki qabağı müxtəlif təxribatlara əl atmaları mümkündür. Xarici havadarlarının əli ilə terror aktları törədə bilərlər. Müxalifətin mahiyyətinin nədən ibarət olduğunu başa düşmək üçün bir “Daşnaksütyun” partiyasını qeyd etmək kifayətdir”.
İ.Vəlizadə əlavə edib ki, Paşinyan bu radikal qüvvələrlə mübarizə aparır və demək olar ki, onların metodlarından istifadə edir: “Vaxtilə Paşinyana qarşı istifadə etdikləri metodlardan, yəni həbslər, təzyiqlər və s. indi Paşinyan onlara qarşı istifadə edir. Çünki başa düşür ki, bu revanşistlərlə başqa metodlarla bacarmaq mümkün olmayacaq. Düşünürəm ki, bu metodlarla siyasətini davam etdirsə, onda şansları da çox olacaq”.
çap et