525.Az

Afroditanın hədiyyəsi


 

Afroditanın hədiyyəsi<b style="color:red"></b>

Bu gün Azərbaycan dünyanın nar ixrac edən əsas ölkələrindən biri kimi tanınır. Payız aylarında Göyçayda keçirilən "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti"  2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

İncəsənətimizdə, xüsusilə də rəssamlıqda narın təsvirini tez-tez görürük. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri Aslan Xəlilovun sözlərinə görə, Azərbaycan təsviri sənətində özünəməxsus rəmzi məna daşıyan narın bədii obrazının yaradılması öz başlanğıcını hələ orta əsrlərdən götürür.

XIX əsrdən etibarən isə nar və nar ağacının təsviri dövrün saray tikililərində daha geniş vüsət almışdı. Bu mənada Şəki xan sarayının divar rəsmlərini, o cümlədən, Usta Qəmbər Qarabaği tərəfindən Mehmandarovun evindəki bir pannoda yaradılmış nar ağacı təsvirini qeyd etmək olar.

Cənnət meyvəsi hesab edilən nar müxtəlif xalqların mədəni həyatında bir neçə rəmzi mənanı ifadə edir. Bunlar arasında məhsuldarlıq, bərəkət, zənginlik, artım, tac, həyat, sevgi, dünya ağacı və s. Xüsusilə seçilir. Odur ki, Azərbaycan rəssamlarının yaradıcılığında nar obrazının geniş yer almasını təbii saymaq olar.

Nar təsvirinə demək olar ki, XX əsr Azərbaycan rəssamlarının əksəriyyətinin yaradıcılığında rast gəlmək mümkündür. Qeyd edək ki, nar təsviri rəssamlarımızın yalnız natürmort deyil, eyni zamanda portret, süjetli kompozisiyalar və mənzərə əsərlərində də əksini tapıb. Lakin Azərbaycan rəngkarlığında nar təsvirinə müraciət edən rəssamlar arasında Xalq rəssamı Toğrul Nərimanbəyovun adı xüsusilə seçilir. Özünəməxsus məna-məzmun daşıyıcısı olan nar obrazı Toğrul Nərimanbəyovun "tanıtım nişanına" çevrilmişdi. Bu mənada rəssamın "Narlarla natürmort" (1957), "Nar və armud" (1965), "Nar ağacı" (1971, 2005), "Nar ağacı xurcun ilə" (2000), "Narlar və quşlar" (2009), "Dağların ətəyində nar" (2009) və s. əsərlərinin adlarını çəkmək olar.

Aslan bəy qeyd edir ki, nar təsvirini Toğrul Nərimanbəyovla yanaşı, digər Azərbaycan rəssamlarının yaradıcılığında da müşahidə etmək mümkündür:

"Bu mənada təsviri sənətin rəngkarlıq sahəsində Tağı Tağıyevin "Nar və üzüm" (1964), Səttar Bəhlulzadənin "Narlar" (1966), Əlövsət Əliyevin "Nar ağacı" (1975), Ağəli İbrahimovun "Nar dənəsi" (1977), Tahir Salahovun "Çiçəklənən nar" (1978), Mirnadir Zeynalovun "Narın metamorfozası" (1980), Sara Manafovanın "Nar rəngi" (1981), Xəlil Əliyevin "Nar budağı" (2003), "Nar" (2003),  Milena Nəbiyevanın "Nar" (2016), "Nar bağçası" (2016), "Naxışlı narlar" (2016), İmran Nurəlinin "Narların metafizik anlayışı" (2019), Ülkər Əbülfətin "Qarabağın şelli narı" (2022) və s.; qrafika sahəsində isə Ələkbər Rzaquliyevin "Narlarla natürmort" (1960-cı illər), Yusif Hüseynovun "Mərdəkan narları" (1995), Arif Hüseynovun "Nar çiçəyi" (2016) və s. əsərləri qeyd etmək olar.

Bir sözlə, təsviri sənətlə yanaşı, Azərbaycan dekorativ-tətbiqi sənətində də nar obrazına kifayət qədər rast gəlmək mümkündür", - deyə Aslan bəy qeyd edib.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən folklorşünas Atəş Əhmədlinin sözlərinə görə, Azərbaycan folklorundanarın özünəməxsus, xüsusi yeri var.

"Bayatılarda, atalar sözü və deyimlərdə, tapmacalarda, nağıllarda narla bağlı çeşidli yanaşmalar görürük.

Bu janrlarda nar sirli, sehrli bir rəmz qismində hadisələrə nüfuz edir, həlli müşkül məsələlərin açılışında ondan mühüm vasitə kimi istifadə edilir.
 
Şirvanın şirin narı,
Turş narı, şirin narı.
Sovqatlar sizin olsun,
Göndərin bizim yarı. 

 
Bu bayatıda nara vasitə qismində müraciət edildiyi aydın görünür. Yəni formal olaraq narın bayatıda iştirakı tam təmin olunur. Sual yarana bilər ki, bunun məzmunla nə bağlılığı var? Fikrimizcə, söyləyici nardan məqamında faydalanmaqla mətniçi əlaqəni qura bilib. Əslində, bir neçə rakursdan mövzunun həlli aktual görünür. Əvvəla, bölgə üçün səciyyəvi meyvə olduğuna görə nar bayatıda daha qabarıq təqdim olunub. İkincisi, bəllidir ki, nar payız fəslinin meyvəsidir və bu dövrdə yara sovqat aparılacaq ən münasib meyvə sayıla bilər. Belə olanda nar payızda həm nübarlıqdır, həm də elə bu xəzan dövründə sevgililəri qovuşduracağına ümiddir. Beləliklə, narın bayatıdakı bir funksiyası da aşiqləri qovuşdurması, vüsalı simvolizə etməsidir. Üçüncüsü isə nar-yar paralelliyinin mətndə təzahürü ilə bağlıdır ki, bu da qafiyə quruculuğunda, bəndin tamlaşması və poetik baxımdan uğurlu alınmasında, polifonik ahəngdarlıqda və digər məqamlarda narın funksional mövqedə olmasına dayanıqlıdır".

Mütəxəssislərin də dediklərindən məlum olduğu kimi, nar bizim xalq üçün estetik və mənəvi baxımdan bir meyvədən daha artığıdır. 

Rəvayətə görə, narın bitdiyi ağacı ilk dəfə sevgi ilahəsi Afrodita əkib. Əlbət, bu meyvənin sevgi ilə assosiasiya olunmasında bir hikmət var.

İsgəndər HƏSƏNOV

 





15.09.2025    çap et  çap et