“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli bəyanat aktuallığını qoruyub saxlayır”.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu razılaşmanın beşinci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, üç ölkə liderləri arasında saatlarla davam edən danışıqlar qan tökülməsinə son qoyub və regionda sülhün bərpası üçün bir sıra tədbirlər başlayıb. Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirilib.
Üç ölkə daha sonra kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası və s. ilə bağlı daha üç bəyanat qəbul edib.
“Ümumilikdə dörd yüksək səviyyəli bəyanat sülh prosesi üçün yol xəritəsini təşkil edir. Bu razılaşmalar qüvvədə qalır və aktuallığını itirməyib. Üçtərəfli formatda qurulan mühüm təməllərdən Azərbaycan və Ermənistan birbaşa dialoq vasitəsilə fəal şəkildə istifadə edirlər. Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşdırılması prosesini dönməz hala gətirmələri üçün hələ çox işi var, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün Cənubi Qafqaz ölkələrinin və onların yaxın qonşularının maraqlarına uyğun nəqliyyat və iqtisadi əlaqələrin bərpası, dövlət sərhədinin ədalətli şəkildə delimitasiyası və demarkasiyası, eləcə də effektiv vətəndaş cəmiyyəti əlaqələri qurulması üçün çox iş görülməlidir. Rusiya tərəfi Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün sahələrdə, o cümlədən 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) çərçivəsində hərtərəfli yardım göstərməyə hazırdır”.
Bəyanatda, həmçinin Ermənistan və Azərbaycan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsinin paraflanması yüksək qiymətləndirilib.
Pərvanə Sultanova
çap et