“Dövlət başçısı Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunmuş icra başçılarını qəbul edərkən ölkədə aparılan daxili siyasət haqqında geniş şəkildə fikirlərini söylədi, eyni zamanda, icra başçılarının öhdəliklərini bir daha onların diqqətinə çatdırdı. Prezident bildirdi ki, müəyyən vaxtlarda mərkəzdəki müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq tapşırıqlar verilirdi, həmin şəxslər artıq yoxdur. İslahatlar davam etməkdədir və bu, regionlardakı səmərəlilik siyasətində də özünü göstərməkdədir”.
Bu barədə 525.az-a politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, paytaxt Bakı şəhərindən başqa, Azərbaycanın digər regionlarına da diqqət son zamanlar artıb. Regional siyasətdə bir sıra dəyişikliklər baş verir, islahatlar aparılır:
“Azərbaycanın başda Qarabağ və Şərqi Zəngəzur olmaqla, bütün regionlarında abadlaşma davam etməkdədir. Prezidentin şəxsən özünün rəhbərliyi altında Azərbaycanın hər bir güşəsinə göstərdiyi diqqətə şahidlik etməkdəyik, bu kontekstdə təbii ki, icra başçıları, ümumiyyətlə yerlərdəki regional təmsilçilər, müxtəlif dövlət strukturları öz işlərinə ciddi yanaşmalı, məsuliyyətlə yanaşmalı, xüsusilə əgər söhbət Prezident tərəfindən təyin edilən şəxslərdən gedirsə. Bu mənada bir sıra rayonların icra başçıları ilə bağlı verilən qərarlar, Prezidentin onları qəbul etməsi, qarşılarında yol xəritəsi qoyması, ondan xəbər verir ki, bundan sonra da bu istiqamətə xüsusi diqqət yetiriləcək”.
Pərvanə Sultanova
çap et