"Avropa İttifaqı və NATO-nun təsisçi üzvü kimi Belçika çoxtərəfliliyə, qanunun aliliyinə eləcə də sülhü, davamlılığı və rifahı təşviq edən tərəfdaşlıqların qurulmasına sadiq qalır. Məhz bu bizim Azərbaycandakı işimizi istiqamətləndirir".
525.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Kral Günü münasibətilə keçirilən qəbul zamanı bildirib.
Səfir deyib ki, bir il əvvəl Belçika Baş nazirinin Bakıya ilk səfəri münasibətlərimizin tarixində mühüm mərhələ oldu. O vaxtdan bəri əməkdaşlığımız müxtəlif sahələrdə sıx şəkildə inkişaf edir. Xüsusilə, Belçika vətəndaşlarının tranziti zamanı və İranla hərbi qarşıdurma fonunda diplomatik heyətimizin təxliyəsində Azərbaycanın göstərdiyi dəstəyi vurğulamaq istəyirəm. Bu məsələdə göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə bir daha təşəkkürümü bildirirəm".
Diplomat əlavə edib ki, Belçika Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir:
"Eyni zamanda, biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsini tam şəkildə dəstəkləyirik. Bu inkişaf edən münasibətlər əməkdaşlığın üstünlük təşkil etdiyini, bağlantıları nəzərdə tutan, açıq proqnozlaşdırıla bilən, sabit əlaqələri ehtiva edən daha böyük bir vizyonu əks etdirir".

Səfir Bakı- Brüssel ikitərəfli münasibətlərində müsbət dinamikanı vurğulayıb.
Əlavə edib ki, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin Belçika universitetlərinə üstünlük verməyə davam etməsindən çox məmnundur.
İqtisadi baxımdan isə Belçika şirkətləri dayanıqlı enerji, logistika, tikinti və liman kimi sahələrdə fəaliyyət göstərir.
Jülyen de Frepon qeyd edib ki, iki ölkə arasındakı münasibətlər daimi siyasi dialoq və insanlar arasında aktiv təmaslar üzərində qurulub ki, bu da hər iki cəmiyyətin zənginləşməsinə xidmət edir.
Səfir deyib ki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə razılaşma və son etimad quruculuğu tədbirləri regionda uzunmüddətli və dayanıqlı sülhün əsasını qoyur:
"Ermənistanla münasibətlərin qurulması istiqamətində son qətiyyətli addımlara görə Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm. Normallaşma sazişinin yekunlaşması, razılaşdırma, konkret nəqliyyat layihələri, eləcə də son dövrlərdə həyata keçirilən etimad quruculuq tədbirləri davamlı sülhün bərqərar olması baxımından təməl rolunu oynayır. Bu həm regionda, həm də regiondan kənarda hər kəsə faydalı olacaq".
Pərvanə Sultanova
çap et