Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini və yeni təyin edilmiş icra başçılarını qəbul edərkən onların öhdəliklərini xatırlatdı və qarşılarına bir sıra tapşırıqlar qoydu. Əsas tapşırıq isə xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır. Eyni zamanda, şəffaf fəaliyyət, düzgün kadr seçimi, məşğulluq məsələsi, korrupsiya və digər qanunsuz hallarla mübarizə prioritet istiqamətlər olaraq qeyd edildi. Bu prinsipləri pozanlar isə qanun qarşısında cavab verməli olacaqlar.
Dövlət başçısı bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır:
“Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.
Prezident söyləyib ki, yeni təyinat alan icra başçıları rəhbərlik edəcəkləri bölgələrdə öz işləri ilə bu seçimin düzgün olduğunu sübut etməlidirlər. Əks təqdirdə, lazımi ölçülər götürüləcək.
Dövlət başçısı yerlərdəki qanunsuz hallara da toxunub, bəzi qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişlərinin dayandığını deyib. Məmurlar da məcbur olub o qanunsuz hərəkətləri icra ediblər: “Amma sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.
İcra başçıları yerlərdə ölkə rəhbərini təmsil edirlər, onların düzgün, şəffaf fəaliyyəti, məsuliyyətlərini dərk edərək öz vəzifələrini vicdanla yerinə yetirməli göstərilən etimadı doğrultmaları deməkdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov “525”ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabr tarixində Naxçıvana Prezidentin yeni səlahiyyətli nümayəndəsini təyin etməklə yanaşı, bir sıra rayonlara da yeni icra hakimiyyəti başçıları təyin etdi, bəzilərinin yerdəyişməsini həyata keçirdi: “Cənab Prezident onları qəbul edərkən çıxışında olduqca korrekt, həmçinin aydın fikirlər səsləndirdi. İfadə edilən fikirlər nəinki bu dəfə qəbul edilən kadrlar, bütün kadrlar üçün imperativ olmalıdır. İşi xalqa xidmətdən keçən məmurlar gördükləri işlə onlara qarşı göstərilən etimad arasında düz mütənasib formada hərəkət etməli, seçimin yanlış olmadığını sübut etməlidirlər”.
Deputat söyləyib ki, Azərbaycanın hər bir bölgəsinin özünəməxsus, zəngin potensialı var: "Əsas amal bu potensialın bütünlüklə kəşf olunması, üzə çıxarılmasıdır. Bu işdə yerli sakinlərdən, onların həyat tərzinin gətirdiyi təcrübədən bəhrələnmək lazımdır. Yeni təyin olunan kadrlar işsizliyin aşağı salınması istiqamətində fəaliyyət göstərməlidirlər. İş yerlərinin açılması üçün iş adamlarına dəstək verməlidirlər. Bəzi hallarda yerli icra hakimiyyəti başçıları sahibkarları dövlətdən narazı salır, dövlətlə sahibkar arasında uçurum yaradırlar ki, bu, qəti şəkildə olmaz. Azərbaycan Prezidenti atdığı addımlarla kiçik və orta sahibkarlığın inkişafını bütün ölkə boyu təşviq edir. Məhz sahibkarlığın bu növü xalqın həyat şəraitinin yaxşılaşdırılmasına əvəzolunmaz töhfədir. Dövlətimiz insanların ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atır. İş yerləri yaradılarkən də ölkədəki ümumi əmək haqqı səviyyəsi, yaşayış minimumu, sosial təminat müavinətləri və digər sosial qrupların nisbi həyat səviyyəsi nəzərə alınmalıdır.
Ümumi rifaha xidmətdən başqa, dövlət idarəçiliyinin işlək mexanizminə, onun nüvəsinə edilən istənilən müdaxilə fəaliyyətə mənfi təsir edir. Bu həm də həmin şəxslərin qanun qarşısında cavabdehliyinin vacib ölçüsünə çevrilir. Azərbaycanda qanunun aliliyi təmin olunur. Məmurlar bütün addımlarında qanunla paralel irəliləməlidirlər.
Çıxışda diqqətçəkən məqamlardan biri o idi ki, dövlət başçımız bildirdi ki, hər hansı bir mənfi hal olarsa, bu haqda dərhal məlumat verilsin. Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb ki, bu da dövlət idarəçiliyində təmizləmə işlərinin nəticəsidir”.
Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, hazırda, bölgələr ilə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb: “İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimizə sərmayələrin cəlbinin artırılması vacibdir. Regionlarda biznesin inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Hazırda iri sahibkarlıq subyektlərinin 80 faizə yaxını Bakı şəhərinin payına düşür. Orta sahibkarların 65.0 faizi, kiçik sahibkarlıq subyektlərinin 70,0 faizi, mikro sahibkarlıq subyektlərinin isə 68,0 faizi paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımdan yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır.
Yeni təyinatlarda gözləntilər də məhz Azərbaycanda balanslı iqtisadiyyatın dəstəklənməsinə töhfənin artırılmasıdır. Bu, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Yeni sərmayələr məhz bu prioritetə daha qısa zamanda çatmağa dəstək olacaq. Son təyinatlar bir daha təsdiq etdi ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış edir”.
Ekspert Zaur Məmmədov “525”ə deyib ki, dövlət başçısı Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunmuş icra hakimiyyətləri başçılarını qəbul edərkən ölkədə aparılan daxili siyasət haqqında geniş şəkildə fikirlərini söylədi, eyni zamanda, icra başçılarının öhdəliklərini bir daha onların diqqətinə çatdırdı: “Dövlət başçısı qeyd etdi ki, müəyyən vaxtlarda mərkəzdəki müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq tapşırıqlar verilirdi, həmin şəxslər artıq yoxdur. İslahatlar davam etməkdədir və bu, regionlardakı səmərəlilik siyasətində də özünü göstərməkdədir. Ümumiyyətlə, məlum məsələdir ki, paytaxt Bakı şəhərindən başqa, Azərbaycanın digər regionlarına da diqqət son zamanlar artıb. Regional siyasətdə bir sıra dəyişikliklər baş verir, islahatlar aparılır, Azərbaycanın başda Qarabağ və Şərqi Zəngəzur olmaqla, bütün regionlarında abadlaşma davam etməkdədir. Prezidentin şəxsən özünün rəhbərliyi altında Azərbaycanın hər bir güşəsinə göstərdiyi diqqətə şahidlik etməkdəyik, bu kontekstdə təbii ki, icra başçıları, ümumiyyətlə yerlərdəki regional təmsilçilər, müxtəlif dövlət strukturları öz işlərinə ciddi yanaşmalı, məsuliyyətlə yanaşmalı, xüsusilə əgər söhbət Prezident tərəfindən təyin edilən şəxslərdən gedirsə. Bu mənada, bir sıra rayonların icra başçıları ilə bağlı verilən qərarlar, Prezidentin onları qəbul etməsi, qarşılarında yol xəritəsi qoyması, ondan xəbər verir ki, bundan sonra da bu istiqamətə xüsusi diqqət yetiriləcək”.
çap et