525.Az

“İki ölkənin maraqları xüsusən indiki tarixi mərhələdə üst-üstə düşür” - Deputat


 

“İki ölkənin maraqları xüsusən indiki tarixi mərhələdə üst-üstə düşür” - <b style="color:red"> Deputat</b>

“Özbəkistan-Azərbaycan münasibətləri son dövrlərdə çox sürətlə və dinamik şəkildə inkişaf edir. Bu, təkcə iqtisadi-siyasi münasibətlər deyil, həm də mənəvi-humanitar sahələri əhatə edən münasibətlərdir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Özbəkistan Azərbaycanla daima sıx ünsiyyətdə olub, hər iki ölkənin maraqları xüsusən indiki tarixi mərhələdə üst-üstə düşür:

“Biz Özbəkistan - Azərbaycan münasibətlərinə tarixi perspektivdən baxsaq, görəcəyik ki, həm də ortaq siyasi keçmişi paylaşacaq qədər yaxın olmuşuq. Yəni Teymurilər imperiyasının dövründə Azərbaycanın çox böyük bir hissəsi bu imperiyanın daxilində olub, əsas milli dövlətçiliyimizin nüvəsi hesab olunan ərazilərimizdən Şirvanşah I İbrahim Teymurun müttəfiqi olub. Hələ Xarəzmşahlar dövründə, Teymurilərdən daha öncə Cəlaləddin Mənguberdi Azərbaycan bəyləri ilə birlikdə işğal olunmuş torpaqlarımızı gürcülərdən azad edib və bu ənənə davam edib. Ən nəhayət, 20-ci əsrin əvvəllərində Özbəkistanda respublika qurulan zaman Azərbaycan dövlət xadimləri, incəsənət və ədəbiyyat xadimləri Özbəkistanın respublika kimi formalaşmasına və inkişafına böyük töhfələr veriblər. Bu ənənə, bu doğmalıq elə sovet dövründə də davam edib. Hazırda isə Azərbaycan Prezidentinin həyata keçirdiyi Türküstan strateji siyasəti kontekstində bu münasibətlər yeni bir keyfiyyət mərhələsi əldə edib. Bu həm Türk Dövlətləri Təşkilatının ümumi çətiri altında, həm də ikitərəfli münasibətər kontekstində mühüm strateji əhəmiyyət kəsb edir”.

Deputat əlavə edib ki, münasibətlərimizin çox böyük perspektivi var. Özbəkistan Orta Asiyanın inkişaf edən, parlayan ölkəsidir. Hələ öz yeraltı və yerüstü resurslarını tam realizə eləməmiş bir ölkədir və böyük potensiala malikdir:

“Biz bilirik ki, Azərbaycanın neft mütəxəssisləri Özbəkistanda işlər aparırlar. Eyni zamanda, bilirik ki, Xəzər dənizi vasitəsilə Özbəkistanla birbaşa əlaqələr qurmaq üçün Özbəkistan-Türkmənistan-Azərbaycan üçbucağı yaranıb. Bütün bunlar bu münasibətlərin strateji xəttini təyin edir. Bu xətt isə Azərbaycan üzərindən Özbəkistanın Avropaya çıxması, Azərbaycanın isə Türküstanın daha dərinliklərinə enməsi üçün Özbəkistan ərazisindən istifadə etməsini nəzərdə tutur. Bu mühüm gələcək vəd edir. Hər iki xalqın rifahı üçün çox böyük iqtisadi, mədəni, humanitar resursların olduğunu göstərir”.

Pərvanə Sultanova

 





14.11.2025    çap et  çap et