Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bu ölkəyə səfər edən Tailand kralı Maxa Vaçiralonqkornla görüşüb.
525.az xəbər verir ki, tərəflər Çin-Tailand münasibətləri və onun daha da irəli aparılmasını müzakirə ediblər.
Si Cinpin bildirib ki, səfər Çin-Tayland münasibətlərinə verilən yüksək əhəmiyyəti və iki ölkənin dərin dostluğunu tam şəkildə əks etdirir. O, Tailand kral ailəsinin Çinlə qədim münasibətlərə malik olduğunu və iki ölkə arasında dostluğun inkişafına mühüm töhfələr verdiyini qeyd edib və Pekinin bunu yüksək qiymətləndirdiyini söyləyib.
Bu il diplomatik əlaqələrin 50 illiyinin və Çin-Tailand dostluğunun qızıl yubileyinin qeyd edildiyini söyləyən Si Cinpin, son yarım əsrdə, daim dəyişən beynəlxalq mənzərə fonunda Çin və Tailandın həmişə birlikdə çalışdığını və bir-birini dəstəklədiyini, iki ölkəni yaxşı dost və yaxşı tərəfdaş etdiyini bildirib.
Si Cinpin bildirib ki, bu yeni tarixi başlanğıc nöqtəsində Tailand kralı ilə birlikdə növbəti 50 il ərzində iki ölkənin münasibətlərini, dostluğunu daha da gücləndirməyə hazırdır. Həmçinin Çin-Tailand dəmir yolu kimi böyük layihələr üzrə əməkdaşlığı davamlı olaraq inkişaf etdirməyə, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının idxalını artırmağa, süni intellekt, rəqəmsal iqtisadiyyat və aerokosmik sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, kralın dövlət səfəri noyabrın 19-dək davam edəcək.
Pərvanə Sultanova
çap et