“Vaşinqtonda diplomatik mandatın dövründə məni ən çox təəccübləndirən beyin mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. ABŞ-da olduğum müddətdə öyrənmək istədiyim mövzular barədə çox düşündüm və başa düşdüm ki, beyin mərkəzləri mənim üçün vacib mənbə olacaq. Tez-tez onların tədbirlərində iştirak edirdim”.
525.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib.
O bildirib ki, səfirlərimiz beyin mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir.
“Həmin illərdə Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, - H.Paşayev vurğulayıb.
Rektor Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulmasına diqqət çəkib: “Düşünürəm ki, bu addım hər iki tərəf üçün faydalı olacaq. Həmçinin forum çərçivəsində yeni ideyalar və məlumatlar təqdim ediləcəyinə ümid edirəm”.
Pərvanə Sultanova
çap et