525.Az

Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illiyi - Musiqi mədəniyyətimizin yaşayan tarixi


 

Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illiyi - <b style="color:red"> Musiqi mədəniyyətimizin yaşayan tarixi</b>

Bu il Azərbaycan Respublikasının mədəniyyəti üçün xüsusi bir il kimi yadda qalır. Dahi Üzeyir Hacıbəylinin 140 illiyi, həmçinin Üzeyir bəyin ev-muzeyinin yaradılmasının 50 illiyi tamam olur.

Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və milli musiqi düşüncəsinin formalaşdırıcılarından biri olub. 1915-1942-ci illərdə Bakıda Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) ünvanında yerləşən mənzildə yaşayıb. Onun ən möhtəşəm əsərlərinin bir qismi məhz bu evdə yaradılıb. Azərbaycan Respublikasının Dövlət Himni burada bəstələnib, “Sənsiz”, “Sevgili Canan” kimi məşhur romanslar elə bu evin divarları arasında formalaşıb, “Koroğlu” operası bu mühitdə yazılmışdır. Bu baxımdan, ev-muzey yalnız bir yaşayış məkanı deyil, milli musiqi tariximizin canlı yaddaşıdır.

Əsası 1975-ci ildə qoyulmuş, açılışı isə 20 noyabr 1975-ci ildə baş tutan muzey dahi bəstəkarın irsinin qorunmasına və tədqiqinə xüsusi önəm verən Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və ilk ziyarətçisi də özü olmuşdur. Ekspozisiya Üzeyir bəyin şəxsi əşyalarını, sənədlərini, yaradıcılıq mühitini özündə qoruyur və gələcək nəsillərə çatdırır. Dörd otaqdan və bir şüşəbənddən ibarət bu ev, XX əsr Azərbaycan ziyalısının həyat tərzini, yaradıcılıq atmosferini və o dövrün mədəni mühitini olduğu kimi nümayiş etdirir.

Muzeyin divarları yalnız musiqi xatirələrini deyil, həm də yüksək mədəniyyət nümayəndələrinin, ictimai xadimlərin və sənətkarların ziyarətlərini daşıyır. Muzeyin tarixi boyunca onu Azərbaycanın və ümumiyyətlə, türk dünyasının tanınmış ədibləri, bəstəkarları və sənət adamları ziyarət ediblər. Bu məkana gələn dəyərli qonaqlar arasında xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə, ədəbiyyatımızın görkəmli nümayəndəsi Əziz Şərif, dünya şöhrətli türk şairi Nazım Hikmət, Azərbaycan ədəbiyyatının tanınmış söz ustadı Süleyman Rüstəm, həmçinin görkəmli rus bəstəkarı Tixon Xrenikov kimi böyük şəxsiyyətlər olub. Onların muzeyi ziyarət etməsi Üzeyir Hacıbəylinin sənətinə, şəxsiyyətinə və Azərbaycan musiqi mədəniyyətinə duyulan dərin ehtiramın parlaq ifadəsi olaraq bu məkanda xüsusi iz buraxmışdır.

Üzeyir Hacıbəylinin irsini yaşadan ilk ev-muzeyi Şuşada – onun böyüdüyü ata ocağında fəaliyyət göstərirdi. Təəssüf ki, işğal illərində erməni vandalizmi nəticəsində həmin muzey tamamilə dağıdılmışdır. Lakin bu il Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Şuşadakı Üzeyir Hacıbəylinin ev-muzeyi fəaliyyətə başlayıb. Bu, Şuşanın mədəni həyatının dirçəlməsi, o cümlədən Üzeyir bəyin irsinə göstərilən sayğının davamı kimi qiymətləndirilir.

Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illiyi yalnız bir müəssisənin yubileyi deyil – milli musiqi tariximizin, mədəni yaddaşımızın, sənət irsimizin yarım əsrlik qorunmasının bayramıdır. Bu dəyərli irsin təqdim olunması həm tarixi yaddaşımıza ehtiram, həm də gələcək nəsillərə məsuliyyət hissidir. Üzeyir bəyin ölməz musiqisi isə bu evin hər küncündə yaşamaya davam edir.

Ləman Həsənova

Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşı

 





19.11.2025    çap et  çap et