"Yer kürəsinin müxtəlif bölgələrində mövcud problemlərin həlli ölkələrin səylərini birləşdirmədən mümkün deyil".
525.az-ın məlumatına görə, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasında Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Onun qeyd etdiyinə görə Azərbaycan və onun ali qanunverici orqanı olan Milli Məclisi istər QDİƏT-lə, istərsə də Parlament Məclisi ilə əməkdaşlığa böyük önəm verir.
Spikerin bildirdiyinə görə bu regionda reallaşdırılan bir sıra transmilli layihələr Qara dəniz bölgəsi ölkələrinin böyük potensiala malik olmasından xəbər verir.
“Çox təəssüflər olsun ki, dünyamızda, o cümlədən, Qara dəniz hövzəsi regionunda bir sıra həll edilməyən problemlər, o cümlədən Qarabağ münaqişəsi regionun dinamik inkişafına əngəl yaradır. Biz hesab edirik ki, dünyadakı, regionumuzudakı bütün münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Regionun sülh və təhlükəsizlik zonasına çevrilməsi insanlarımızın, region xalqlarının maraqlarına cavab verər”.
Sonra Ölkə Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarına çatdıran O.Əsədov qeyd edib ki, müasir dövrdə regional təşkilatların fəaliyyəti və qarşılıqlı əməkdaşlığı xalqlar və dövlətlər arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.
Azərbaycanın QDİƏT və Parlament Məclisi ilə əməkdaşlığı özünün vacib istiqamətlərindən biri olduğunu qeyd edən dövlət başçısının müraciətində QDİƏT çərçivəsində transmilli layihələrin bölgənin inkişafına böyük və müsbət təsir göstərdiyi öz əksini tapıb.
Kamil Həmzəoğlu