Bakıda Latviya Respublikasının elan olunmasının 107-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya çıxışında deyib ki, bu gün azadlığımızın və müstəqilliyimizin 107-ci ildönümünü qeyd etdiyimiz gündür.
“Hamımız bilirik ki, azadlıq qurbansız əldə olunmur. Ona görə də bu gün biz ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirik. Amma bu gün həm də gələcəyə baxdığımız bir gündür. Tariximiz bizə ehtiyatlı olmağı söyləyirsə belə, biz ölkəmizin təhlükəsizliyinə və müdafiəsinə inamla baxırıq. Çünki bilirik ki, tək deyilik. Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız var - yaxın və uzaq.
Amma biz onu da bilirik ki, hazırda Avropa tarixində çətin dövrdür. Ukrayna əlamətdar qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Latviya Rusiyanın təcavüzünün ilk günündən Ukraynaya hərtərəfli siyasi, hərbi, maliyyə və humanitar yardım göstərib. Ukrayna ədalətli və davamlı sülhə layiqdir”, - səfir deyib.

O əlavə edib ki, regional kontekstdə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk, bu, həqiqətən də diqqətəlayiqdir:
“Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq və biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk. Latviya Avropa İttifaqına üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçün hər cür lazımi dəstəyi verməyə hazırdır. Bu baxımdan, qarşılıqlı əməkdaşlığın bir nümunəsini icazənizlə qeyd etmək istərdim. Bu ilin oktyabr ayında Bakıda “LEF Network Azerbaijan” adlı layihə çərçivəsində Azərbaycan və Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarətin inkişafının 3 illik aktiv dövrünü başa çatdırmaq üçün Mərkəzi Baltik-Azərbaycan Biznes Forumu və qala tədbiri keçirilib. Layihə çox uğurla başa çatdı və gələcəkdə şirkətlərarası əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndirildi.
Bu layihə, Aİ-nin təqdim etdiyi “İnterreg” proqramı və Azərbaycanda əsas tərəfdaşın – “Caspian Energy Club”un işə cəlb olunması sayəsində mümkün olub.
Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub. Bizim müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlərimiz, xüsusi ilə də parlamentlərarası dostluq qrupları, dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq və hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlığımız, hökumət və özəl sektorlar arasında sıx əlaqələrimiz var”.
Edqars Skuya bildirib ki, əməkdaşlığın perspektivli sahələrindən biri kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və üzvi əkinçilikdir.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında təbriklərini çatdırıb. Nazir bildirib ki, Azərbaycan və Latviya arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır, indiyədək 47 sənəd imzalanıb, 6 sənəd layihəsi isə baxılma mərhələsindədir.
Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq.
M.Məmmədov əlavə edib ki, Azərbaycan Latviya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsinə böyük önəm verir: "Müasir texnologiyaların ötürülməsi, insan kapitalının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi əməkdaşlığın əsasını təşkil edə bilər".
O, hökumətlərarası komissiyanın fəaliyyəti, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Pərvanə Sultanova
çap et