525.Az

“Avronest”in həmsədri Azərbaycana təşəkkürünü bildirdi


 

“Avronest”in həmsədri Azərbaycana təşəkkürünü bildirdi<b style="color:red"></b>

"Bu ilin yazında Azərbaycan və onun parlamenti “Avronest” Parlament Assambleyasının növbəti sessiyasına çox yüksək səviyyədə ev sahibliyi etdi. Buna görə bir daha bu tribunadan istifadə edərək Azərbaycana və onun parlament rəhbərliyinə təşkilatımız adından minnətdarlığımızı çatdırmaq istəyirəm".

525.az-ın məlumatına görə, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PA) Baş Assambleyasının Bakıda keçirilən 40-cı iclasında çıxışı zamanı “Avronest” PA-nın həmsədri Kristian Vigenin dilə gətirib. Onun sözlərinə görə, Avropa İttifaqı, Avropa Parlamenti və hər iki qurumun birgə təşəbbüsü, təşkilatçılığı ilə təsis edilən “Avronest” PA Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir.

O bildirib ki, eyni zamanda, hər üç qurum QDİƏT və onun Parlament Məclisi ilə əməkdaşlıqda da maraqlıdır:

“Ümumiyyətlə, bizim üçün enerji və təhlükəsizlik məsələləri ən vacib məsələlərdəndir. Hər iki məsələ Avropa üçün böyük önəm kəsb edir. Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin olunması üçün 2050-ci ilə qədər “Enerji yol xəritəsi” hazırlayıb. Bu məsələ bizim üçün həddindən artıq vacib məsələdir. Biz istəyirik ki, enerji və təhlükəsizlik məsələsinin həllində QDİƏT və onun Parlament Məclisi ilə səylərimizi daha da sıx birləşdirək. Çünki, xüsusilə təhlükəsizlik məsələsi həll olunmadan, bu istiqamətdə səylər birləşdirilmədən ciddi nailiyyətlər əldə etmək çətindir. Ona görə də inanıram ki, enerji və təhlükəsizlik məsələsinin həllində Avropa Parlamenti, Avropa ittifaqı, “Avronest” PA ilə QDİƏT və onun Parlament Məclisi öz səylərini daha sıx şəkildə birləşdirəcək”.

Kamil Həmzəoğlu

 

 





27.11.2012    çap et  çap et