525.Az

“İki ölkənin ekoloqlarının da görüşünə ehtiyac var” - Politoloq


 

“İki ölkənin ekoloqlarının da görüşünə ehtiyac var” - <b style="color:red"> Politoloq</b>

“Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşü vacibdir. Çünki birbaşa təmaslar qurulur, müxtəlif sahələrin nümayəndələri, xüsusən də media təmsilçiləri arasında ünsiyyət önəm kəsb edir”.

Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu təmaslar hər iki ölkədə baş verən prosesləri olduğu kimi qəbul etmək, yaxud da onu anlamaq baxımından da zəruridir: “Digər tərəfdən müxtəlif sahələri təmsil edən şəxslərin, xüsusilə də ekoloqların görüşünə ehtiyac var. Hazırda ekoloqlar arasında heç bir təmas yoxdur, amma ümid etmək olar ki, gələcəkdə bu təmaslar da olacaq. Eyni zamanda, cəmiyyətin digər nümayəndələrinin bir-birilə görüşməsi hər iki ölkənin həqiqətlərini bir-birinə çatdırması baxımından da çox vacibdir. Uzun illər ərzində Ermənistan cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı müəyyən xoflar, fobiyalar olub, bunlar da köhnə iqtidarlar tərəfindən formalaşdırılırdı. Ona görə ki, cəmiyyəti idarə etmək, müharibəyə kökləmək üçün bu, zəruri bir vasitə sayılırdı. Lakin bu yanaşma öz mənfi nəticələrini verib. Ermənistan cəmiyyəti bunu görməyə bilməz. Mövcud vəziyyəti olduğu kimi çatdırmaq, sülh gündəliyinin onlara nə verəcəyini başa salmaq üçün bu cür görüşlər çox vacibdir”, - politoloq deyib.

O əlavə edib ki, bununla belə mütləq şəkildə müəyyən sərhədlər qoymalıyıq: “Yəni sülh istəmək niyyəti heç də o demək deyil ki, biz, yaxud başqa kimsə sadəlövh olmalıdır, nəyəsə aldanmalıdır, nəyisə yaddan çıxarmalıdır. Sülh istəyi o deməkdir ki, müharibə olmasın və yaxud da müəyyən dərəcədə dayanıqlı inkişaf həm region, həm cəmiyyət üçün təmin olunsun ki, bu da normal qloballaşan dünyada inkişafın vacib bir elementidir. Sülh ona görə lazımdır. Bu o demək deyil ki, bizə qarşı məsələn, kimsə islamofobiya, türkofobiyaya yol versə, yaxud digər əleyhimizə olan prosesləri görsək, buna göz yummalıyıq, deməliyik ki, biz sülhün tərəfdarıyıq. Mən kor-koranə sülhün tərəfdarı olmağın qəti əleyhinəyəm. Ermənistan cəmiyyətində revanşist qruplar mövcuddur. Azərbaycana, cəmiyyətimizə qarşı başqa ölkələrdən, erməni diasporundan təhdidlər mövcuddur. Əlbəttə ki, belə hallara göz yummayacağıq”.

Xatırladaq ki, 21-22 noyabr tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Bundan əvvəl isə oktyabr ayında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda olub.

Pərvanə Sultanova

 





26.11.2025    çap et  çap et