525.Az

Bir kəndin tarixini yaşadan kitab


 

Bir kəndin tarixini yaşadan kitab<b style="color:red"></b>

İstedadlı telejurnalist, İctimai Televiziyada böyük redaktor Kamil Məhərrəmoğlunun (Nehrəmli) 2014-cü ildə "Xan" nəşriyyatında yayımlanan və doğma kəndi "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında salnamə" adlandırdığı "Tarixi özündə yaşadan kənd" kitabını oxuyarkən yadıma 2000-ci ildə Bakının "Elm" nəşriyyatında işıq üzü görən Azərbaycanın əməkdar jurnalisti və Prezident təqaüdçüsü Nurəddin Babazadənin Əməkdar İncəsənət  xadimi, şair Elman Həbiblə birgə araya-ərsəyə gətirdikləri "Nehrəm və nehrəmlilər" kitabı düşdü. Nehrəmin dünəni, bu günü haqqında müxtəlif səpkili məqalələr, əfsanə və rəvayətlər oxusam da, etiraf edim ki, Nehrəm haqqında bütün yön və istiqamətləri ilə ilk, bitkin məlumatım bu kitabla bağlıdı.

K.Məhərrəmoğlunun da "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında" yazdığı kitab məhz bu tarixi zərurətdən yaranıb. Maraqlı və zəngin faktlarla diqqəti çəkən bu kitabı oxuduqda bir sual həmişə olduğu kimi, yenə də məni düşünməyə vadar edir: hardandır Nehrəm əhalisinin içindəki, genindəki bu qədər cəsurluq, məğrurluq, əyilməzlik və torpağa, böyük mənada Vətəni Azərbaycana bağlılıq? Çox düşünəndən sonra bu nəticəyə gəldim ki, bütün bu keyfiyyətlər onların imanından, qəlbən bağlı olduqları müqəddəs dindən gəlir. Müəllifin kitabında da bu keyfiyyət xüsusi olaraq vurğulanır.  "Hazırda Nehrəmdə 13 məscid əhalinin xidmətindədir". Bu heç də o demək deyil ki, Nehrəm fanatik dindar kənddir. Yox, nehrəmlilər dini də, imanı da Vətən naminə, millət naminə, onların böyük gələcəkləri naminə qoruyub saxlayan bir, müəllifin özü demişkən, "tarixi özündə yaşadan kənd"dir.

Nehrəmin adamları kimi torpağının rəngi də, dadı da özünəməxsusdur. Bu torpaq möhür rəngində, möhür dadındadır. Ona görə də bu kəndin hər bir qarışında  Haqqın dərgahı önündə diz çöküb ibadət etmək olar... 4 fəsildən, 22 bölmədən ibarət olan "Tarixi özündə yaşadan kənd" kitabının elmi redaktoru tarix elmləri doktoru, professor, AMEA-nın Naxçıvan bölməsinin rəhbəri  akademik İsmayıl Hacıyev, "Ön söz"ün müəllifi isə jurnalist İmran Bədirxanlıdır.

 "Ön söz"də İmran Bədirxanlı müəllifi oxucuya daha yaxından tanıtmaq üçün yazır: "...Kamil Məhərrəmoğlu İctimai Televiziyada Azərbaycanın bir çox tarixi abidələrilə bağlı maraqlı proqramlar hazırlayıb. O, "Əshabu-Kəhf", "Nuhun qəbri", "İnanc yerlərimiz", "Duz dağı", "Sirli su Sirab", "Qarabağlar", "Sədərək", "Qız qalası", "Qobustan" sənədli filmlərinin, ulu tariximizi özündə yaşadan "Cavanşir qalası" kimi dərin köklərə malik qədim abidələrimiz barədə  silsilə proqramların, bu gün də yaşadılan ulu adət-ənənələrimiz haqqında verilişlərin müəllifi kimi tanınır. Hazırda İctimai radionun "Axşam oldu" proqramında Azərbaycanın tanınmış şair və yazıçıları, elm və incəsənət xadimləri haqqında hazırladığı "Həmsöhbət"  və "Poeziya dəqiqələri" ədəbi kompozisiyalar dinləyicilərin rəğbətini qazanıb".

K.Məhərrəmoğlu kimi yaradıcı bir insanın illərlə yaddaşında qoruyub saxladığı və bu gün yaddaş süzgəcindən süzülüb "Tarixi özündə yaşadan kənd" adı ilə oxucu ünvanına yol alan bu kitabın başlıca dəyəri nədədir? Hər şeydən əvvəl, torpağa, elə, vətənə və bu torpağın, bu elin, bu vətənin min illərin o üzündən arına-arına, darana-darana bu günümüzə gəlib çatan milli-əxlaqi, mənəvi dəyərlərimizə və bu dəyərlərimizin zaman-zaman daşıyıcısı olan nehrəmlilərə olan məhəbbət və verilən əvəzsiz qiymətdədir.

Kamil Məhərrəmoğlu da 240 səhifəlik kitabı ilə Nehrəm kəndini və nehrəmliləri, müsbət mənada bütöv bir bəşəri mədəniyyətin daşıyıcısı kimi örnəyə çevirə bilib.

Kitabın I fəsli ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin "Nehrəm qeyrətli insanların kəndidir" cümləsi ilə başlayır və "mən bu kəndi həmişə sevmişəm, indi də sevirəm. Bu sözləri bu gün nehrəmlilərə böyük hörmət və ehtiram hissilə deyirəm" fikirləri ilə davam etdirilir.

Ulu öndərimizin 2001-ci ildə Naxçıvanda böyük Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı zamanı söylədiyi dərin məzmunlu çıxışından alınan bu fikirlər, demək olar ki, kitabın ümumi qayəsini və leytmotivini təşkil edir. Çıxışı zamanı böyük rəhbərimiz bir fakta da aydınlıq gətirir ki, bu da Mirzə Cəlilin doğulduğu yerlə bağlıdır. Məlum olduğu kimi, uzun illərdir ki, cəlilşünaslar Mirzə Cəlilin Naxçıvan şəhərində doğulduğunu yazırlar. Bu tarixi yanlışlığa birdəfəlik son qoyan böyük öndərimiz qeyd edir ki, "Təkcə Cəlil Məmmədquluzadə kimi böyük bir şəxsiyyəti dünyaya bəxş etdiyinə görə Nehrəm kəndi xüsusi diqqətə və hörmətə layiqdir". Bu da bir həqiqətdir ki, C.Məmmədquluzadənin qızı, Naxçıvanda ilk tibb işçilərindən biri Münəvvər xanım ölən günə qədər Nehrəmdə dədə-baba evində yaşamış və xeyirxah əməlləri ilə Nehrəm camaatının yaddaşında əbədi iz buraxmışdır.

Kitabın II fəsli "Cəlil Məmmədquluzadə və Nehrəm" adlanır. Zəngin folklora və tarixi həqiqətlərə söykənən bu fəsildə Azərbaycan elmində xüsusi çəkisi və dəyəri olan akademiklərdən İsa Həbibbəylinin, İsmayıl Hacıyevin, AMEA-nın müxbir üzvü, tədqiqatçı alim, tarix elmləri doktoru Hacı Qədir Qədirzadənin, Xalq yazıçısı, cəlilşünaslığın tədqiqi tarixində özünəməxsus xidmətləri olan Anarın və Nehrəm torpağının yetirməsi, istedadlı tədqiqatçı alim, cəlilşünas Allahverdi Məmmədlinin və digər elm və mədəniyyət xadimlərinin Nehrəm, eləcə də onun yetirmələri haqqında dedikləri fikirlər kitabın dəyərini, sambalını artıran faktlardandır. "Özünəməxsusluğun sirləri" adlanan həcmcə nisbətən kiçik olan III fəsil akademik İsmayıl Hacıyevin epiqraf kimi verilmiş fikirləri ilə başlayır: "Nehrəmlilərin orijinallığının əsas səbəbi onların imanında, əqidə bütövlüyündə, ətrafda baş verənlərə obyektiv yanaşmalarındadır". Tamamilə doğru müşahidə, doğru fikirdir.

Nehrəmin özünəməxsus adət-ənənələrindən, ağsaqqal, ağbirçək örnəklərindən söz açan bu fəsil də yadda qalan epizodlarla diqqəti cəlb etməkdədir.

Kitabda müəllif fikrinin əsas yükdaşıyıcı fəsli IV fəsildir ki, bu fəsil "Yaddaşımda əbədi yaşayan insanlar", "Yaxşılıq neçə min ilməli hana", "Xeyirxahlıq unudulmur" və s. kimi amalı insanlığa xidmət məqsədində birləşmiş 15 yarımbaşlıqdan ibarətdir.

Bu fəsildə müəllifin yaradıcılıq qayəsi, kitabın ərsəyə gəlməsində başlıca ali məqsəd daha çox diqqət mərkəzindədir. Fəslin hər yarımbaşlığında verilən materialın öz qiyməti, tərbiyəvi-əxlaqi dəyəri var. Amma "Ulu öndərlə unudulmaz xatirələr" yarımbaşlığının ayrıca yeri və önəmi var.

 "Ulu öndərlə unudulmaz xatirələr" bölümündə müəllif fikrindən və düşüncəsindən çox danışan bu gün artıq xatirəyə, tarixə dönmüş fotoşəkillərdir. Ulu öndərin  Nehrəmə hər gəlişinin bir anını yaşadan bu şəkillər xalq və rəhbər birliyini əks etdirən əvəzsiz sənədlərdir. Hər biri ayrıca bir tarix olan bu şəkillərin bugünkü gəncliyə aşıladığı böyük vətəndaşlıq qayəsi və amalı ölçüyəgəlməzdir. Bu şəkilləri qoruyub saxlamaq, xalqın sərvətinə çevirmək də yüksək vətəndaşlıq qayəsinin aydın təcəssümüdür.

Əgər insanlıq bir tikə "xörəkdirsə", səmimiyyət o xörəyin duzudur. Duzsuz xörəyi yemək mümkün olmadığı kimi, səmimiyyətsiz insanla da dil tapmaq çətindir. Xalqdan küçə halında gələn və müəllifin yaradıcılıq laboratoriyasında saflaşdırılıb, cilalanıb şəffaf şəkildə yenidən xalqa qaytarılan "Tarixi özündə yaşadan kənd"  kitabının dəyərlərindən biri və həm də başlıcası, onun dilinin və şərhlərin səmimiliyindədir. Elə buna görə də müəllif "Son söz əvəzi"ndə yazır: "Əziz oxucu! Ola bilsin ki, Nehrəmin bəzi görkəmli insanları diqqətimdən yayınıb, onlar haqqında yaza bilməmişəm, onların hər birindən və övladlarında üzr istəyirəm".

İnanırıq ki, bir məqalə çərçivəsində çox da incəliklərinə vara bilmədiyimiz bu kitab Vətənini, millətini dərin məhəbbətlə sevən, ana südünün, ata öyüdünün istisini, hərarətini daima canında, qanında hiss edən hər bir Vətən övladı üçün əziz və unudulmaz dəyərə çevriləcək.

Xanəli KƏRİMLİ, Filologiya üzrə fəlsəfə doktoru

 





27.01.2015    çap et  çap et