525.Az

“Ermənistanda referendum seçkilərdən sonra gündəmə gətirilə bilər” - Deputat


 

“Ermənistanda referendum seçkilərdən sonra gündəmə gətirilə bilər” -<b style="color:red"> Deputat</b>

“Azərbaycan Minsk prosesinin başa çatdırılmasına cənab Prezidentin qətiyyətli və prinsipial mövqeyi nəticəsində nail oldu. Nəzərə alaq ki, buna nail olmaq asan məsələ deyildir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Bayramov deyib.

O bildirib ki, sülhə gedən yolda bizim qarşımızda bir neçə maneə var idi: “Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğvi idi. Artıq bu struktur mövcud deyil. İndi isə növbəti məsələlər gündəmdədir. Sülh quruculuğu prosesi heç də asan məsələ deyil. Bu prosesi nizama salmaq, onu davam etdirmək əlbəttə ki, çətindir. Çünki burda çoxlu məsələlər, məqamlar var. Hazırda növbəti hədəf və məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Bunun üçün isə Ermənistan mütləq şəkildə öz konstitusiyasına dəyişiklik etməlidir. Azərbaycanın əsas tələblərindən, şərtlərindən biri də konstitusiya dəyişikliyinə gedilməsidir. Yəni bu konstitusiya dəyişikliyinə gedilmədən yekun sülh sənədi imzalana və hansısa real sülhdən söhbət gedə bilməz. Ermənistan bunu anlamalı və mütləq şəkildə əməl etməlidir”.

Ermənistanda parlament seçkilərinin referendumla eyni vaxtda keçirlməsi ehtimalına gəlincə, deputat deyib ki, belə bir ehtimal var: “Bu, hələ ki, elə ehtimal olaraq qalır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti ilk növbədə seçkilərin keçirilməsinə çalışacaq, seçkilərdən sonra isə referendum gündəmə gətirilə bilər”.

Pərvanə Sultanova

 





02.12.2025    çap et  çap et