Artıq üç gündür ki, Xalq şairi Vaqif Səmədoğlu haqq dünyasına qovuşub.
Tanınmışların Vaqif Səmədoğlu barəsində fikirlərini təqdim edirik:
Vaqif Yusifli, tənqidçi
Vaqif Səmədoğlu Molla Pənahdan başlanan Vaqiflər sülaləsinin sonuncu korifeyi idi.
Qulu Ağsəs, şair
Maraqlı adam! Onunla hər mövzuda danışmaq mümkün idi. Sözü göydə tutmurdu; yerdən göyə qaldırırdı. Onunla heç kəs darıxmırdı. Amma o hamıyla darıxırdı bu dünyada. Nəsə ürəyimə damıb ki, o dunyada da elə olacaq. Darıxacaq. Biz ondan otru burda darıxacağıq. O kimdən ötrü - yenə bilən olmayacaq...
Qənirə Paşayeva, millət vəkili
Gözəl şair, dəyərli ziyalı və insan, əziz və sevimli Vaqif Səmədoğlunun vəfatı hamımızı üzdü. Onunla son görüşümdə həyat və ölümdən çox danışdıq. Xəstəliyinin ən ağır zamanlarında da həyat dolu idi, yaşamaq, yaratmaq istəyirdi. Uzun illərdi tanıdığım Vaqif müəllim, əziz Vaqif əmi həyatda tanıdığım ən maraqlı insanlardan biri idi. Poeziya ilə bərabər musiqini də çox gözəl bilirdi və gözəl piano çalardı. Yazdığı şeirlər isə illərlə yaşayacaq və onu yaşadacaq. Könüllərdə, gözəl xatirələrdə yaşayacaq Vaqif müəllim. Yazdıqlarımı görsəydi bilirəm ki, hər zamankı kimi deyəcəkdi ki, bəsdi ay Qənirə, məni bu qədər təriflədin...
Sizi çox istəyirdik, əziz Vafiq müəllim və heç bir zaman unutmayacaq, hər zaman xatırlayacağıq. Yoxluğun hər zaman hiss olunacaq. Nur içində yat. Allah sənə rəhmət etsin.
Ramiz Qusarçaylı, şair
Vaqif Səmədoğlu, şeirlərini oxumayanda darıxdığım 3-5 şairdən biridir. Azərbaycanın xalq şairi adına şərəf gətirən imzaya malik bir sənətkar, şairliyin azadlığını öyrədən qələm ustası, ölməyinə də paxıllıq yarada bilən və ölümünü sevdirməyi bacaran bir kişi idi. Allah rəhmət eləsin!
Fərqanə Mehdiyeva, şairə
Çox sevdiyim şair idi. Şeirlərini əzbər deyirəm həmişə. Ulduz jurnalının qonağı olmuşdu. Söhbəti mən qələmə almışdım. O qədər maraqlı danışmışdı ki... Hələ də o söhbətin təsirindəyəm.
Esitmişəm yol üstəsən,
Yaz göndərim gözlərimi,
harda aglamaq istəsən...
Sairlər ölmür. Vaqif Səmədoğlu səxsiyyəti ilə, poeziyası ilə hamının qəlbində yaşayacaq. Ruhu şad olsun...
Aydın Xan Əbilov, yazıçı-kulturoloq
Çağdaş Azərbaycan kreativ-ictimai düşüncəsinin ən tanınmış nümayəndələrindən biri olan xalq şairi Vaqif Səmədoğlunun haqq dünyasına qovuşması tarixi itkmizdir. O, sadəcə, modern yaradıcılığa malik intellektual, ictimai-mədəni xadim, istedadlı şair, fotoqraf, musiqiçi, dramaturq və ssenarist kimi deyil, öz şəxsiyyəti, intellektual-mədəni mövüeyi, unikal sərbəst düşüncə tərzi ilə Azərbaycan kulturoloji-humanitar, ictimai-sosial fikrini qabağa aparan bir sima kimi tariximizdə yer tutdu. Bu itki hələ uzun müddət ədəbiyyatımızda, ictimai-mədəni həyatımızda hissolunacaq...
Knyaz Aslan, şair
Vaqif Səmədoğlu ana sözün şəhdi-şirəsindən poetik arı şanı düzəldən, bal misraların dadını-tamını oxucuların ruhuna hopduran, özü yerdə xəyalı göylərdə olan şair obrazını yaratmağı bacaran ovqat adamı idi. Onun poeziyasından qızıl xətt kimi keçən dərd-ələm, qəm-kədər motivləri isə bəşəriyyətin içini sızım-sızım sızıldadan göynərtilərin yaşantısından doğurdu... Sözünün kəsəri, dilinin təpəri, qəlbinin hənirtisi ilə milyonların yaddaşında yaşamaq haqqı qazanan şairin əzəli-əbədi dünyadakı yeri sonsuzluqdur... Vaqif Səmədoğlu məndən ötrü həm də ona görə unudulmazdır ki, vaxtilə "Oğuz eli” qəzetində şeirlərimə qayğıkeşliklə, ürəkaçıqlığı ilə yer ayırırdı...
Gülarə Munis, şairə
Vaqif Səməd oğlunu şair kimi, nasir kimi, kinofilmlər ssenari müəllifi kimi, mahnı müəllifi kimi çox məhsuldar yaradıcılığı olub. Ədəbi aləmdə sanballı əsərləri ilə tanınan Vaqif Səməd oğlunun müəllifi olduğu bircə "O uzaq yaşıl ada" mahnısını dinləmək kifayətdir ki, onun iş dünyasını görə bilək. Onun son dərəcə incə, kövrək duyğulu bir qəlbi var idi.
Ələmdar Cabbarlı, şair
Doğrudan da Vaqif Səmədoğlu Azərbaycan poeziyasının sonuncu mogikanı idi. Onun demək olar ki, bütün poeziyasını oxumuşam. Eyni zamanda Səməd Vurğunun tədqiqatçısı olduğum üçün onu da bütünlüklə oxumuşam. Mənə elə gəlir ki, Vaqif Səmədoğlunun şeirləri ruh və ovqat baxımından Səməd Vurğunun şeirlərinin davamıdır, xüsusilə Vurğunun ömrünün sonlarında yazdığı şeirlərin. Rəhmətlik Yaşar Qarayev Səməd Vurğunun ömrünün sonlarında yazdığı şeirləri haqqında deyirdi ki, bu şeirlər yeni mənəvi-əxlaqi epoxa ilə birlikdə yenidən doğulan Səməd Vurğunun hələ ilk kövrək şeirləri idi. Tale elə gətirdi ki, Vurğunun yenidən doğumu ilə ölümü eyni vaxta düşdü – bəlkə də bu, poeziya tariximizdə böyük təbii ədalətsizlik və faciə ifadə edən ən dramatik məqamlardan biri idi. Mənə elə gəlir ki, Vaqif Səmədoğlunun poeziyası ilə bu ədalətsizlik aradan götürüldü. Çünki Vaqifin bütün poeziyası məhz Səməd Vurğun yaradıcılığının Yaşar Qarayev dediyi mərhələsində yazılmış və hələ yazılacaq – ölüm, Allah, həyat, həyatın dərki haqqındakı şeirlərdir. Allah ona rəhmət eləsin. Mən bütün xalqımızın başı sağ olsun deyirəm, eyni zamanda Səməd Vurğunun Ev Muzeyinin direktoru, mənim dostum Aygün xanım Vəkilovaya başsağlığı verirəm.
Bakuinfo.Az
çap et