Qəzza zolağında 10 oktyabr 2025-ci ildə qüvvəyə atəşkəs razılaşmasından bu yana 400 fələstinli həlak olub.
525.az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Qazi Hamad “Əl-Cəzirə” kanalına bildirib.
"Atəşkəs razılaşması qüvvəyə minəndən bəri təxminən 400 nəfər həlak olub. Ölənlərin 95%-dən çoxu mülki şəxslərdir. Qəzza zolağında İsrail tərəfindən razılaşmaların təxminən 813 pozuntusu qeydə alınıb”, - o deyib.
Eyni zamanda, danışıqlardakı vasitəçiləri tədbir görməyə çağıraraq, İsrailin hərəkətlərinin Qəzza razılaşmasına ciddi təhlükə yaratdığını vurğulayıb.
9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzza zolağında atəşkəs 10 oktyabrda qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail qoşunları Qəzzanın ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq "sarı xətt" adlanan yerə çəkilib.
Pərvanə Sultanova
çap et