525.Az

Həmişəyaşar Yaşar Nurinin nurlu xatirəsinə


 

Həmişəyaşar Yaşar Nurinin nurlu xatirəsinə <b style="color:red"></b>

Həmişə hər birimizə gülüş bəxş edən bir İnsan ölümüylə üzümüzdən o təbəssümü qoparıb özüylə apardı. Bizə sevinc göz yaşları bəxş etməyi bacaran insan, bizi nəhayət ağlatmağı da bacardı. Sonda çox ağlatdı bizi. Yaşar Nuri aramızdan getdi. Həyatımızda bir gülüşü dəfn etdik. Sevinclərimizdən birinin yas mərasimini keçirdik. Bu mərasim bizdən Yaşar Nurini aldı, onu televiziya ekranlarında canlı-canlı izləməyə bizi həsrət qoydu, amma alacaqları ilə bərabər, verdikləri oldu. Yaşar Nurini tək sağ ikən yox, yoxluğunda da onu qədər sevdiyimizi bizə göstərdi. Onlarla filmdə, televiziya teatr tamaşalarındakı ifaları ilə yaddaşımıza həkk olundu Yaşar Nuri. “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Səni axtarıram”, “Göz həkimi”... televiziya tamaşalarında, “Bəyin oğurlanması”, “Yaramaz”, “Yol əhvalatı neçə-neçə başqa ekran əsərlərindəki misilsiz rolları ilə əbədiyaşarlıq qazandı.

 

Yaşar Nurinin bir cəhətini qeyd etməyə xüsusi ehtiyac var. Məlumdur ki, aktyorların böyük əksəriyyətinin həyata münasibətdə öz fikirləri, öz münasibətləri ya olmur, ən yaxşı halda isə çətinlik çəkirlər. Bunun ən başlıca səbəbi isə onların ömür boyu səhnədən müxtəlif müəlliflərin dili ilə danışmalarından, dramaturqların mövqeyini ortaya qoymalarından irəli gəlir. Daha dəqiq desək, oynadıqları obrazların əsirinə çevrilirlər, sənətdə, sözün əsl mənasında, bir əsirlik həyatı yaşayırlar. Bunun isə yaxşı pis tərəfləri var. Aktyor sənətinin bu ecazkarlığı, bir az da dərinə getsək, eqoistliyi Yaşar Nurini əsirə çevirə bilmədi. O, yalnız səhnədə əsir olaraq qaldı nəticədə, sənətdə olduğu kimi həyatda da öz sözü, öz mövqeyi olan bir şəxsiyyətə çevrildi. Əlli il teatr səhnəsindən, ekranlarından (on bir yaşından səhnədəydi) bizimlə üzbəüz dayanıb sözünü deyən sevimli aktyorumuz bu xüsusiyyətinə görə müxtəlif nəsillərə məxsus tamaşaçıların gözündə bir daha qalxdı, ucaldı, hamı buna görə onu özü kimi sevdi. Yaşar Nurinin televiziya ekranlarında dəfələrlə baxdığım müxtəlif müsahibələrindəki güclü məntiqə söykənən deyimləri, sinə dolusu yumoru, kəskin atmacaları tamaşaçıları silkələyir, necə deyərlər, onların tozunu alırdı. Onun yaratdığı obrazlar qalereyası özünəməxsusluğu, rəngarəngliyi bütövlüyü ilə Azərbaycan teatr sənətində böyük bir yer tutur. Bu mənada, unudulmaz aktyorumuz Yaşar Nuri teatr sənətimizin Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov burada adlarını çəkmədiyim nəhəng nümayəndələrilə bir sırada dayanır.

 

Unudulmaz, həmişəyaşar Yaşar Nurimiz! Ruhun şad olsun!

 

 





28.11.2012    çap et  çap et