Qazaxıstan və ABŞ prezidentləri Kasım-Jomart Tokayev və Donald Tramp arasında telefon danışığı olub.
525.az xəbər verir ki, liderlər ikitərəfli gündəlik və Ukrayna da daxil olmaqla, mövcud beynəlxalq vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.
Tokayev bu ilin noyabr ayında Vaşinqtona səfəri zamanı əldə edilən razılaşmaları tam şəkildə həyata keçirməyə sadiq olduğunu təsdiqləyib.
Qazaxıstan lideri Rusiya-Ukrayna münaqişəsinin həllinin mürəkkəb olduğunu, ərazi məsələsinin burda dominant mövqe tutduğunu və cəbhədəki real vəziyyəti nəzərə almaqla hər iki tərəfdən güzəştlər tələb etdiyini deyib.
“Buna görə də, Qazaxıstan bütün tərəfləri səbr, çeviklik və peşəkarlıq nümayiş etdirməyə və sülh formulu axtarışını davam etdirməyə çağırır. Eyni zamanda, ölkəmiz vasitəçi deyil, lakin lazım gələrsə, xoşməramlı şəkildə danışıqlar platforması təqdim etməyə hazırdır".
Kasım-Jomart Tokayev Amerika Prezidentinin bir neçə beynəlxalq hərbi münaqişəyə son qoymasına və ABŞ-ın daxili potensialının gücləndirilməsində müsbət nəticələr əldə etməsinə imkan verən görkəmli liderlik keyfiyyətlərini qeyd edib. Sonda o, Donald Trampı münasib vaxtda Qazaxıstana səfərə dəvət edib.
Pərvanə Sultanova
çap et