525.Az

“Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu


 

“Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu<b style="color:red"></b>

Yanvarın 30-da Bakıda “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu işə başlayıb.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, Oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunur.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı məqsədilə cari ildə keçirilməsi planlaşdırılan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur.

Azərbaycan ilə yanaşı, Türkiyədən, Avropa ölkələrindən məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirak etdikləri tədbir çərçivəsində müzakirələr Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetində təşkil olunacaq. Bundan əlavə, “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul ediləcək.

Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən, xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolundan danışıblar.

 





02.02.2015    çap et  çap et