525.Az

Cənnətin bütün sevgiləri sənin olsun!..


 

Cənnətin bütün sevgiləri sənin olsun!..<b style="color:red"></b>

Düz qırx gündür ki, məzarın başında haqqında cənnətdəki ünvanına pıçıldadığım vida nitqim qulaqlarımda səslənməkdədir:

“- Nurəngiz xanım, mənə görə, sənin bir adın da SEVGİ idi. Sən mənim sevgi müəllimim olmusan. Heç bir sevgi dastanlarından, əfsanələrdən, türkü və şərqilərdən öyrənə bilmədiyim özgür sevgi dərslərini sən mənə öyrətdin. Cənnətin bütün sevgiləri sənin olsun!...

Nurəngiz xanım, mənə görə, sənin bir adın da AZADLIQ idi. Heç bir Tarix kitablarından, mübarizələrdən və inqilablardan öyrənə bilmədiyim azadlıq dərslərini mənə sən öyrətdin. Cənnətin bütün azadlıqları və sərbəstlikləri sənin olsun!...

Nurəngiz xanım, mənə görə, sən bu dünyanın ən çox sevilən anası idin. Qucağında titrəyişinlə birlikdə  “Yol getdiyin” JALƏN hamımıza “Cənnətin anaların ayaqları altında” olmasını bütün varlığıyla isbatladı. Cənnətin bütün mələklərinin qutsal ana sevgisi sənin olsun!

Bütün Türk dünyasında   sevə-sevə oxunulan ölümsüz əsərlərin, canlı şahidiyəm ki, “ölümündən” çox-çox öncələr sənə ÖLÜMSÜZLÜK qazandırmışdı.

Ölümsüzlüyün çox mübarək!!!”

Hələ Sovet dönəmində qardaş Türkiyədə tanınan və sevilən çox azsaylı yazarlarımızdan biri idin. Türkiyənin dünyaca ünlü folklorşünas alimlərindən,  professor İrfan Ünver Nesrettinoğlu hələ o zaman yazırdı: “O günlerde kimi şairlerle birlikte Nurengiz Gün Hanımefendi’nin şiirlerini de kendisinden dinledim. Ama Çin’e giderken Nurengiz Hanımın “Ağ Ganadlar” (Ak Kanatlar) adlı şiir kitabıyla, “Tanrı Beşer Evladıdır” adlı uzun hikaye kitabını yanımda götürdüm ve her iki kitabı da adeta yutarcasına okudum. İddia ediyorum ki, Nurengiz Gün’ün bu iki kitabı, ciddi eleştirmenler tarafından ciddi bir biçimde tahlil edilmiş olsaydı, Azerbaycan’dan yükselen bu ses, bütün dünyaya hızla yayılır, Azeri ulusunun bir değerli evladı daha, uluslararası üne kavuşurdu”.

Sonrakı illərdə tanınmış türk aydınlarından Ahmet Tevfiq Ozan, Nail Tan, Bedrettin Keleştimur, Osman Baş, Maksut Koca, Hayrettin İvgin və digərlərinin Nurəngiz Gün yaradıcılığı və şəxsiyyəti haqqında müxtəlif mətbuat orqanlarında böyük sayğı və dəyərlə yazdıqları yazıları oxudum. Tək oxumaqla kifayətlənmədim; sevə-sevə iki kitabınızı yayınladım və 12 il öncə “Povestlər və hekayələr” kitabınıza yazdığım ön sözdə Sizə olan sonsuz sayğımı belə qələmə aldım: “Doğma Vətənimizdə – Azərbaycanımızda aydın qadın obrazı deyiləndə mənim ağlıma ilkin gələnlərdən biri də şairə Nurəngiz Gün olur.

Nurəngiz Gün – bundan əlavə Azərbaycan ədəbiyyatında və jurnalistikasında özünə xas səsi olan bir xanıməfəndi...

Nurəngiz Gün – bu müəyyən mənada özünübəyənmiş şairlərin, yazarların məmləkətində guşənişin olub, öz içinə qapanıb durmadan bir – birindən gözəl əsərlər qələmə alan bir dünyəvi Azərbaycan yazarı...  

Nurəngiz Gün – cəsarətli, Sovet dövrünün qlavlitindən çəkinmədən yeri gələndə xalqının haqq səsini hayqıra bilən bir Türk televizyonçusu...

Zaman onun içində qeyri – adi tonda bir istedad gizlədib. Və gizli istedadın ilkinliyi yavaş – yavaş ədəbi və bədii düşüncənin inkişafından keçərək bu günlərə özünü yetirib.       

Günəş palçıq götürmür.

Nurəngiz Gün –  zamanın incə ələyib sıx toxuduğu, seçilmiş cəmiyyət tərəfindən hər vəchlə ciddi qəbul görən iddiasız (amma haqqını tələb eləyən!) bir işıq daşıyıcısıdır.

Bu işıq daşıyıcısının zaman – zaman başının üstünü qara buludlar alıb. Amma o buludlar tez dağılıb. Çünki günəş əsla palçıq götürmür.

Əsərlərində nəyi qələmə alıbsa, hansı düşüncəni oxucusuyla paylaşıbsa, orda özü olub Nurəngiz Gün. Özünü süni bir qılıf içrə gizlədənlərə inad göstərib həmişə, onun bir üzü olub həmişə.Təmiz, arı Azərbaycan türkcəsində qələmə aldığı bütün əsərlərində o, cəmiyyətə mesajlar yollayır.

Nurəngiz xanımın bu mesajlarını ala bilmək amacında olanlar  isə bu dünyanın ən mutlu insanlarıdır!”

2004-cü ildə Türk dünyasında ilk dəfə Bakı şəhərində keçirilən “Xəzər Şeir Axşamları” Beynəlxalq poeziya festivalının Azərbaycan tərəfindən təşkilat komitəsinin sədri olaraq, Nurəngiz xanımı da bu möhtəşəm tarixi şeir tədbirinə dəvət etdim. Tam səmimiyyətimlə bildirirəm ki, dönəmin türk dünyasının canlı klassikləri olan Bekir Sıtkı Erdoğan, Yavuz Bülent Bakiler, Erdem Beyazit, Yehya Akengin, Eset Bayram, Harid Fedai  və digərlərinin iştirak etdiyi bu əfsanəvi şeir bayramında 15-dək ölkədən qonaq gəlmiş 60 nəfərdən çox nümayəndə heyətinin ən çox diqqətini çəkən Nurəngiz xanımın şeirləri və şairə obrazı oldu. 10 ildən çoxdur ki, Türk dünyasının getdiyim fərqli-fərqli coğrafiyalarında hər zaman soruşulan və salam göndərilən isimlərdən biri də Nurəngiz xanım olub. Təsadüfi deyil ki, Nurəngiz xanım ötən il türk ədəbiyyatının inkişafına göstərdiyi xidmətlərə görə Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk ədəbiyyatına xidmət” Beynəlxalq mükafatına layiq görülüb.

Bu günlərdə “525-ci qəzet”də istedadlı gənc yazarımız Sevinc Mürvətqızının Nurəngiz xanımın kimliyini çox sərrast  açıqlayan bir yazısını oxudum:  “Nurəngiz Gün – Qadınlığın müstəsna halı”. Nurəngiz xanım haqqında riyazi-fiziki dəqiqliklə söylənilmiş bu səlis və geniş qapsamlı, obrazlı fikir diqqətimi çox çəkdi. Amma mənə görə Nurəngiz xanım təkcə qadınlığın yox bütün İNSANLIĞIN müstəsna halıdır!!!

Mənə görə, o həm də bəşəri poeziyanın müstəsna halıdır!

Mənə görə, o həm də bəşəri təfəkkür və məntiqin müstəsna halıdır!

Mənə görə, o həm də sərbəst, azad və özgür düşüncənin müstəsna halıdır!

Mənə görə, o həm də ailəmizin ən əziz dostlarından biri olaraq dostluğun müstəsna halıdır!

Böyük İspan rəssamı Pablo Pikasso yazırdı: “Mən dünyanı gördüyüm kimi deyil, düşündüyüm kimi çəkmək istəyirəm”.

Nurəngiz Gün “Tanrı Bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Povestlər və hekayələr”, “Xocalı simfoniyası” və digər kitablarında gördüyü yox, görmək istədiyi dünyasını – Nurəngiz Gün dünyasını “çəkdi”.

Mən onun bütün bu əsərlərini Vinset van Qoqun “Günəbaxanlar”ı, Salvador Dalinin “Zaman-Əzik saat” tabloları, Pikassonun “Hernika”sı və Səttar Bəhlulzadənin “Kəpəzin göz yaşları” şedevrləri kimi təbiət hadisəsi olaraq qəbul edirəm.

Yaşadığım ömürdə dünyaya, insanlara və sənətə dəyər vermək, qiymətləndirmək baxımından Nurəngiz Gün zövqü ailəmiz üçün etalon idi. O,   xanımıma “sənin yoldaşın dünyanın ən ləyaqətli insanlarından biridi” deməklə buna onu da, məni də inandıra bilirdi. Qızıma “sənin atan dünyanın ən dəyərli atalarından biridi” deməklə buna onu da, məni də inandıra bilirdi. Və bu anlar bizim ailəmizin yaşadığı fövqəladə mutlu anlar olurdu. Çünki bu sözləri Nurəngiz xanımın dilindən eşidirdik. Həyatda heç zaman qeyri-səmimi, saxtakar olmağı bacarmayan Nurəngiz xanımın! Ömründə bir dəfə də olsun boğazdan yuxarı bir kəlmə belə söyləməyən Nurəngiz xanımın!

...Düz qırx gündür ki, məzarın başında haqqında cənnətdəki ünvanına pıçıldadığım vida nitqim qulaqlarımda səslənməkdədir:

– Nurəngiz xanım, mənə görə, sənin bir adın da SEVGİ idi. Sən mənim sevgi müəllimim olmusan. Heç bir sevgi dastanlarından, əfsanələrdən, türkü və şərqilərdən öyrənə bilmədiyim özgür sevgi dərslərini sən mənə öyrətdin. Cənnətin bütün sevgiləri sənin olsun!... BÜTÜN SEVGİLƏRİ!!!

 





02.02.2015    çap et  çap et