525.Az

“Körpüdə ümid” Yazıçılar Birliyində müzakirə olunub


 

“Körpüdə ümid” Yazıçılar Birliyində müzakirə olunub <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin müəllifi olduğu “Körpüdə ümid” romanının müzakirəsi keçirilib. AYB-nin katibi İlqar Fəhmi əsərin bədii məziyyətlərindən danışaraq bildirib ki, romanda müəllifin ictimai hadisələrə qəribə bir mistik yanaşma tərzi özünü göstərir: “Adətən yazarlar ictimai hadisəni yalnız publisistik dillə təqdim edir, bütün fikirlərini oxucuya çılpaq şəkildə çatdırırlar. Bu zaman isə bədiiyyat görünmür. Burada ədəbiyyatın nədən ibarət olduğu sual altında qalır. Natiq Məmmədli isə ciddi yazıçı olaraq, birinci növbədə ədəbi material ortaya qoyub. Təbii ki, ədəbi material üçün ən vacib olan məqam əsərin kompozisiyasının tapıntısıdır. Romanda bütün hadisələr bir nəfərin vəzifə sahibi olması və bunun ardınca da oğlunun dilinin tutulması üzərində qurulub. Bu məqam oxucunu ardınca aparan faktdır. Bununla əsərə çox vacib kompozisiya düyünü vurulub. Yazıçı bunun ardınca ictimai, habelə fəlsəfi məzmun daşıyan bir sıra məsələləri qaldırır. 

Yazıçı-jurnalist Etibar Etibarlının fikrincə, N.Məmmədlinin “Ləyaqət düsturu” adlı kitabındakı 18 hekayənin ümumi qayəsi “Körpüdə ümid” romanında daha qlobal şəkildə ortaya qoyulub. E.Etibarlı romanda obrazların bitkinliyinə, obrazlara uyğun olaraq təbiət təsvirlərinin verilməsinə, əsərin dilinə diqqət çəkib: “Məsələn, Qırmızı Xudunun kətyan kolundan qorxması, qaçmağa üz tutması, qaçarkən yıxılaraq qorxudan şalvarını islatması, əslində bu adamın xarakterinin göstəricisidir. Əsərdən çıxan digər bir simvolik nəticə özlərini ağıllı sayan adamların günbatana, dəli hesab olunan Pirdəlinin gündoğana baxmasıdır. Romanın üslubu, dili isə olduqca səlis, rəvan, aydın, oxunaqlıdır”. 

Tənqidçi Bəsti Əlibəyli “Körpüdə ümid” romanını 2000-ci illər nəsrinin uğurlarından biri kimi dəyərləndirib: “Romanda  mətnin bədii-estetik məziyyətləri ilə yanaşı, cəmiyyətdəki neqativ olaylara görə özünü sorumlu hiss edən vicdanlı bir insanın vətəndaş mövqeyi də aydın görünür. Yetişkin nəsr təfəkkürünə malik olan müəllif ilk planda xurafat kimi qoyulan lokal  bir problemi ədəbi kombinasiyalarla ictimai-siyasi və hətta  sivilizasiyaların toqquşması kimi dünyəvi problemlər səviyyəsinə qaldıra bilir. Hadisələr məişət səviyyəsindən qlobal səviyyəyə yüksəldikcə, yazıçının nəfəsi də genişlənərək şüur axınına çevrilir. Başqa sözlə, ideya, problem böyüdükcə, mətnin kateqoriyası da fəsil-fəsil dəyişir. Mənə elə gəlir ki, əsərin ilk fəsillərində hiss olunan publisistik intonasiyanın getdikcə bədii-fəlsəfi düşüncə ilə əvəzlənməsi də bundandır. Çünki ciddi ideyalar daşıyıcısı olan müəllif özünü bu sferada daha rahat hiss edir. Əsərdə cərəyan edən hadisələr ictimai məzmun kəsb edib qloballaşdıqca didaktik vurğu da artır. Vətəndaş mövqeyindən baxdıqda və  ciddi, taleyüklü problemlərlə üz-üzə qalan cəmiyyətimizin bu mesajlara çox ehtiyacı olduğunu gözə aldıqda, müəllifə haqq verməli olursan. Sırf bədiiyyat baxımından yanaşdıqda isə bu, özünü doğrultmur. Məncə, didaktika, nəsihət mövqeyi qədərində olsa və müəllif obrazı aşırı yükləməzsə, həm onun daşıdığı ideya daha inandırıcı olar, həm də əsərin bədii çəkisi yüksələr”. 

Tənqidçi Əsəd Cahangir “Körpüdə ümid” romanının müəllifi Natiq Məmmədlinin 40 yaşı haqlamaq üzrə olmasına diqqət yönəldib. Bildirib ki, bu yaşda olan insanlar özünün ciddi sözünü deyir. Onun fikrincə, adətən, belə zamanda deyilən söz, onu deyənin şəxsi iradəsindən daha çox, hansısa irrasional məkandan verilən hökm olur: “Bu vaxtlarda insan oxuduqlarını, bildiklərini, gördüklərini, eşitdiklərini, hiss elədiklərini deyir. Bütün mahiyyət orada ifadə olunur. Hesab edirəm ki, “Körpüdə ümid” romanı Natiq Məmmədlinin indiyə qədər yazdıqları və bundan sonra yazacaqları arasında həm də bir körpüdür. Bir dövrə yekun vurur, gələcək dövrün perspektivlərini açır. Kitabda müəllifin forma və məzmun baxımından bir yazıçı kimi gələcəyi ifadə olunub. Sırf ideya baxımına gəlincə, roman “Allah” sözü ilə başlayır, insana olan ümidin cücərməsi ilə sona çatır. Əsərin əsas ideyası bundan ibarətdir ki, insan yalnız özünə inanmalı, bu günündə yaşamalı, gələcək və keçmişlə çox uğraşmalı deyil. Əsərin bədii baxımına gəlincə, romanın birinci fəsli sırf realistik üslubda yazılıb. Bu, müəllifin özünəməxsus realist qələmə sahib olmasının, müşahidə qabiliyyətinin, obraz yaratma ustalığının göstəricisidir. Romandakı obrazlar, onların dili, hadisələrin təsviri olduqca şirindir, oxuduqca oxumaq istəyirsən. Müəllif əsərində sözlə səsin birləşməsini reallaşdıra bilib. Kim necə danışırsa, o cür də yazılıb. Romanı oxuyarkən o insanların səslərini eşitdim”. 

Ə.Cahangir bildirib ki, “Körpüdə ümid” romanı Azərbaycan bədii ədəbiyyatına ilk dəfə olaraq Mitridat obrazını gətirib: “Həm ümumi, həm də ədəbi metod baxımından “Körpüdə ümid” romanı Markesin əsərləri ilə də səsləşir. Markesin əsərlərində müəyyən şəxslərin və məkanın simvollaşdırılması, nəsillərin bir-birini əvəz etməsi məsələsi qoyulub, bunun timsalında bütün bəşəriyyətin tarixini vermək cəhdləri ifadə olunub. Misal üçün, “100 ilin tənhalığı”nda 5 nəsildən söhbət getsə də, əslində Adəmin özündən bu günə kimi bəşər tarixi təsvir olunub. Natiq Məmmədli də əsərdə kəndin adını Ümidqovan verib. Simvolik məna daşıyan bu kənd həm irreal, həm də real məkandır. Müəllif bu kəndin timsalında Azərbaycanı bir körpüyə bənzədib və haqlı da edib. Azərbaycan karvan yollarının kəsişdiyi, Şərqlə Qərbin ortasında olan bir ölkədir. Bu, tarixi, coğrafi, zaman və mistik baxımdan bizim ölkəmizin taleyidir. Əsərdə Ümidqovan kəndinin sakinlərinin Şərq, yoxsa Qərb dilemması qarşısında qalmağı Mirzə Cəlilin “Anamın kitabı”ndakı seçimlə də səsləşir. Mirzə Cəlil sonradan bu seçimə “Azərbaycan” deyə cavab vermişdi. Natiq Məmmədlinin romanında bu məsələnin siyasi və ideoloji tərəfi ilə yanaşı, həm də ümumbəşəri tərəfi var. Müəllif deyir ki, biz nə Şərqi, nə də Qərbi seçməliyik, biz yalnız özümüzü seçməli, öz gücümüzə, ağlımıza arxalanmalıyıq. Bu ideya müasir dövrümüzlə çox səsləşir. Ona görə də “Körpüdə ümid” romanı həm də siyasi əsərdir”. 

“Kitab evi” İctimai Birliyinin sədri, yazıçı Salatın Əhmədli N.Məmmədlinin yaradıcılığı ilə tanış olarkən gəldiyi qənaətləri bölüşüb. Bildirib ki, həm hekayələri, həm də romanı oxuyan zaman hiss edib ki, müəllif nənə-baba yanında böyüyüb, filosofları çox oxuyub, onlardan lazımınca bəhrələnib. Bütün bunlar isə N.Məmmədlinin dünyagörüşünə, gələcək fəaliyyətinə müsbət təsir edib: “Ləyaqət düsturu” kitabındakı hekayələri, demək olar ki, su kimi içmişəm. Sonralar bu hekayələrdən aldığım təəssüratı məqalə formasında mətbuatda dərc etdirdim. Hekayələrdəki süjet xətti, obrazlar, onların vasitəsilə cəmiyyətdə baş verənlərin oxucuya çatdırılması çox mükəmməl idi. “Körpüdə ümid” romanı da müəllifin bundan əvvəlki əsərləri kimi olduqca oxunaqlı, maraqlı ədəbiyyat nümunəsidir. Romanda obrazların dili ilə verilən bir çox fikirlər dərin mənalı aforizm kimi yaddaşlarda qalacaq”.

Ədəbiyyatşünas alim Əlizadə Əsgərli əsərin mövzusu və süjet xəttini təhlil edib. Bildirib ki, müstəqillik dövründə belə bir mövzuya müraciət etməsi N.Məmmədlinin həssas yazıçı müşahidəsindən xəbər verir: “Romanın mövzusu olduqca aktualdır. Janra münasibətə gəlincə, romanın özünün ənənəvi çərçivəsi var. Əsərdəki Ümidqovan kəndi dünyəviliyin bir təsəvvür forması kimi qiymətləndirilə bilər. Yazıçı ştrixlərlə, nüanslarla daha çox istəyir ki, özünü bu romanda ifadə etsin. Bu da əsəri ənənəvi romanlar çərçivəsindən kənara çıxarır. Fikrimcə, psixoloji roman anlayışı bu əsərə daha çox uyğun gəlir. Əsərdə mənəvi-psixoloji məqamların daha çox səslənməsi var. Romanda sosial hadisələr sferası deyil, sosial hadisələrin yazıçıda doğurduğu subyektiv, psixoloji-mənəvi dəyərlərin yer alması müşahidə olunur. Natiq Məmmədli romanda daha çox təhkiyə müəllifi kimi çıxış edir. Bununla yanaşı əsərdə hadisələrin əlvanlığı, çoxfaktlılığı yoxdur. Müəllif hər bir obrazın ayamasından tutmuş, onların ideya yükünə kimi hər şeyi özündə saxlayır. Natiq müəllimin özünəməxsusluğu ondadır ki, əsərə kifayət qədər müdaxiləli və münasibətli yazıçıdır. Yəni, hadisə ondan kənarda baş vermir, sanki hadisələrlə üz-üzə, şahid olaraq danışır. Hər bir obrazın özünün tutumu var”. 

“Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid romanı mütaliə edərkən hiss-həyəcanla, ümidlə, möcüzələr gözləyə-gözləyə əsərin sonuna doğru yol getdiyini dilə gətirib: “Körpüdə ümid” kiçik həcmli olsa da, çoxqatlı romandır. Romanın alt qatında çox mətləblər ifadə edilib. Natiq müəllim əsərin hər bir yerində, hər bir detalında gözləntilər qoyur. Romanda təsvir edilən “üçüncü gecə”ni çox səbirsizliklə gözləyirdim. Ehtimal edirdim ki, bu fəsildə mütləq nəsə möcüzə baş verəcək. Lakin həmin yeri mütaliə etdikdə, hadisələrin möcüzə deyil, real şəkildə baş verdiyinin bir daha şahidi oldum. Ətrafa səpələnən məktublar arasından yalnız birində bu xalqa, bu millətə deyiləcək söz var idi – “Qarabağ amanatı”. 

Şair Dayandur Sevgin qeyd edib ki, bu əsəri mütaliə edən şəxsin təsirlənməməsi, roman barədə düşüncəsini dilə gətirməməsi mümkün deyil: “Yazıçı əsəri elə qurub ki, hər bir oxucu, ədəbiyyat adamı onun barəsində ayrıca fikir bildirmək imkanı qazanıb. Müəllif çox böyük ustalıqla hər bir obrazı öz dilində, öz şivəsində danışdırır. Romanı oxuyarkən obrazların dilindən verilən ibrətamiz fikirlər xüsusilə diqqət çəkir”. 

Rufik İSMAYILOV
 

 





02.02.2015    çap et  çap et