525.Az

“Qaçhaqaç” - (romandan parça)


 

“Qaçhaqaç” - <b style="color:red">(romandan parça)</b>

Yazıçı Seyran Səxavət altı il üzərində işlədiyi ikihissəli “Qaçhaqaç” romanını tamamlayıb. Roman bütöv şəkildə “Azərbaycan” jurnalının yaxın saylarında dərc olunacaq.
 

Romanın “Yaxşılığın altı, üstü və haqqın qapısı” adlı bölümünü “525”in oxucularına təqdim edirik. 
 
Yaxşılığın altı, üstü və haqqın qapısı... 

Neçənci il olduğu dəqiq yadımda deyil, onu bilirəm ki, “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdim. O dövran idi ki, respublikamızda təmtəraqlı, səs-küylü toy eləyənlərə qarşı sərin münasibət vardı. Xüsusilə vəzifəli şəxslər təmtəraqlı toy məclisi qurub övladını evləndirəndə onları bağışlamırdılar. Mərkəzi Komitənin orqanı olan “Kommunist” qəzeti bu işdə daha çox canfəşanlıq eləyir, qudurğan, harın məmurların Sovet adamının əxlaq kodeksinə yaraşmayan hərəkətlərini ifşa etməklə, onların axırına çıxırdı. Kimliyindən asılı olmayaraq “Kommunist” qəzetində adı hallanan adamın ələyi ələnib, xəlbiri isə göydə fırlanırdı – onu heç kəs xilas eləyə bilməzdi. Çünki onu xilas etmək istəyənin özünü də xilas etmək qeyri-mümkün idi. Mərkəzi Komitənin başladığı kampaniyanın qabağında heç kəs duruş gətirə bilməzdi – bu, çox təhlükəli idi.
 

Kommunistlərin baxdığı yerdən bu cür harın mənsəb sahibləri meşşan cildində göründüyünə görə, sosializm cəmiyyətinin bünövrəsini qazıb, ora tank əleyhinə mina basdıran adamlar kimi qəbul olunurdu, bağışlanmırdı və “Kommunist” qəzeti, Sovet Azərbaycanı mətbuatının baş mollası kimi onların fatihəsini öz avazında oxuyurdu.
 

Açığını deyim ki, Mərkəzi Komitənin başladığı və həyata keçirdiyi bu əməliyyat xalqın ürəyincə idi, camaatın ürəyindən tikan çıxarırdı. O vaxt mən özüm də bu hadisələrin içində olduğuma görə hər şeyi yaxşı xatırlayıram. Bu, mənə də xoş gəlirdi. Hətta o da yadımdadır ki, bu mövzuda “Ət taxtası” adlı bir hekayə yazıb çap olunmaq üçün “Bakı” qəzetinə vermişdim, demişdilər ki, bir aya-zada çıxar... Mən də gözləyirdim...
 

Mən “Ət taxtası” hekayəmin çap olunmasını gözlədiyim günlərin birində, redaksiyadakı otağımın qapısı hikkə ilə açıldı, uşaqlıq dostum Zeynal içəri girdi, salamsız-kəlamsız gəlib düz gözümün qabağında bitdi:
 

– Nənəmin goru haqqı öldürəjəm! Öldürəjəm! Bu, allahsızlıqdı! Axı, sən özün də orda olmusan! Öldürməsəm, mənnən alçaq adam yoxdu! Seyran, nənəmin goru haqqı öldürəjəm, – dedi, qapıya tərəf boylanıb tapançanı stolun üstünə qoydu, sonra yenə qapıya tərəf baxıb stolun üstündən götürdü, arxadan kəmərinə taxdı.
 

Mən özümü itirmişdim. Zeynal əsim-əsim əsirdi, elə bil titrətmə tutmuşdu, danışdıqca ağzı köpüklənirdi. Tapançanı görəndən sonra vəziyyətin ciddi, qəliz olduğunu o saat başa düşdüm. Mən onun öhdəsindən gəlib sakitləşdirə bilmirdim, tuturdum tutulmurdu, vururdum vurulmurdu. Onunla doğmalaşdığım iyirmi ildə onu heç vaxt bu vəziyyətdə görməmişdim və nə vaxtsa görəcəyimi də ağlıma gətirə bilməzdim. Nə deyirdimsə, tərsinə qəbul eləyirdi. Necə deyərlər, bütün imkanımı, bacarığımı, istedadımı, ərkimi ortalığa qoysam da bir şey çıxmırdı. Tutuquşuya dönmüşdü:
 

– Nənəmin goru haqqı öldürəjəm!
 

Bütün imkanlarım tükənmişdi. Kimi və niyə öldürəcəyini də demirdi, elə deyirdi öldürəcəm.
 

Bütün ümidlərimi itirəndən sonra, ayağa durub yaxınlaşdım, onu qucaqlayıb bağrıma basan kimi başını çiynimə qoyub hönkürdü. Biz beləcə, iki heykəl kimi qucaqlaşmışdıq. Hönkürtü yavaş-yavaş hıçqırtıya çevrilirdi və deyəsən, bu hıçqırtı onu sakitləşdirəcəkdi – ümidim vardı, belə də oldu.
 

– Yaxşı, de görüm nə məsələdi, – mən heç vaxt ona belə mərhəm və doğma olmamışdım.
 

– Sən də orda olmusan axı... – Köməksiz, çarəsiz gözlərini silə-silə pıçıldadı.
 

– Harda? Nə deyirsən? – Doğma olsaq da özümü ona bir az da mərhəm göstərməyə cəhd elədim və bunun nə dərəcədə alındığını aydınlaşdıra bilmədim.
 

Zeynal “Məhsul” kənd idman cəmiyyətinin klassik güləş növü üzrə əlli üç kilo çəki dərəcəsində respublika çempionu idi. Özünün ən böyük məğlubiyyətini heç vaxt unutmur, tez-tez dilinə gətirirdi; cavanlığında azərbaycanlı hakimlərin onu, o vaxtın məşhur güləşçilərindən olan erməni əsilli Armais Sayadova xal hesabı ilə necə uduzdurduqlarını yadına salanda dəli kimi olurdu, ədalət yoxdu deyirdi.
 

Zeynal Qarabağın Tuğ kəndindən olan Məşədi Həmzə bəyin nəvəsi, el arasında “revizor Əvəz” kimi tanınan çox yaxşı bir kişinin oğluydu. Babası Məşədi Həmzə bəyi general Duro Tuğ meşəsində güllələmişdi. Atası Əvəz kişi İkinci Dünya müharibəsində 516-cı Taqanroq diviziyasında batalyon komandiri olmuşdu. Onun güllədən deşilmiş metal cildli qeyd dəftərçəsi hərbi-vətənpərvərlik muzeyində saxlanırdı. Beş il tələbə olduğum müddətdə günüm onlarda keçib. Belə bir deyim var, deyirlər ki, filankəs məni öz övladlarından seçmir – ancaq Əvəz kişi seçirdi, fərq qoyurdu, Zeynala beş manat verəndə, mənə on manat verirdi, həm də mənimlə fəxr eləyirdi və bu gün elə bir məqam yetişmişdi ki, onun mənə olan münasibətini, inamını doğrultmalıydım.
 

O vaxt redaksiyamız erməni Avakyanın adını daşıyan, Bakının ən böyük küçələrindən birində yerləşən “Kommunist” nəşriyyatının doqquzuncu mərtəbəsində idi. Mən ondan atalıq gördüyümə görə ata dediyim Əvəz kişinin ümidini doğrultmaq, bir növ də ona olan borcumun çox cüzi bir hissəsini ödəmək üçün ikinci mərtəbəyə endim, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevin qəbul otağında əyləşən qıza salam verib dedim:
 

– Nəsir müəllim yerindədi?
 

– Nəsir müəllim məşğuldu. – Qız üzümə də baxmadı.
 

– Onda mən gözləyirəm, – dedim.
 

– Gözlə də... – yenə üzümə baxmadı və mən onun dediyini belə qəbul etdim: “istəyirsən lap səhərəcən gözlə...”
 

İçim yavaş-yavaş qaynara düşürdü.
 

– Nəsir müəllimin yanında adam var?
 

– Xeyr...
 

– Siz məni tanıyırsınız?
 

– Tanıyıram... noolsun?
 

– Siz Nəsir müəllimə deyə bilərsiniz ki, onunla görüşmək istəyirəm?
 

– Xeyr...
 

– Bəs onda mən neyləyim?
 

– Gözləyin...
 

– Vaxtım yoxdu axı...
 

– Vaxtınız yoxdu? – Bayaqdan bəri ilk dəfə üzümə baxdı, – onda gedin...
 

– İşim var axı...
 

– Onda gözləyin... – Stəkandakı çayın axırıncı qurtumunu da hortdatdı.
 

Telefon zəng çaldı, tez dəstəyi götürdü:
 

– Bəli, Nəsir müəllim... gəldim...
 

Qız qalxıb Nəsir müəllimin yanına girdi, qapını da örtdü. Bu, o qədər tez oldu, ona deyə bilmədim: “Nəsir müəllimə deyin ki...” Bu şans da əlimdən çıxdı. Üç-dörd saniyə vaxtım vardı, nə qədər qız qayıtmayıb qərar qəbul eləməliydim, elədim də... Nəsir müəllimin qapısını açıb içəri girəndə qız hələ onun böyük, uzun kabinetindəki stola təzəcə çatmışdı. Qız məni görən kimi doğrayıb tökdü:
 

– Nəsir müəllim, mən buna demişdim... demişdim ki, siz məşğulsunuz... Olmaz...
 

– Seyrana olar, – Nəsir müəllim gülə-gülə deyəndə qızın üzündə təxminən belə boz bir ifadə əmələ gəldi: “Olar, olar də... mənim nə borcuma?..”
 

Qız otaqdan çıxanda mənə bir qıyqacı baxış atsa da, vecimə almadım, indi də mən onun üzünə baxmadım və iki daşın arasında əvəz çıxırdım.
 

Katibəsi ilə “münaqişəli” olduğum məqamda Nəsir müəllimin məni gülər üzlə qarşılaması bir tərəfdən ləzzət verirdi, digər tərəfdən də ümidim artırdı ki, xahişə gəldiyim məsələ həll olunacaq. Ancaq orasını da fikirləşəndə ki, “noolsun, bu kişi səni həmişə belə qarşılayıb də...” – bax, onda narahat olurdum.
 

Nəsir müəllim həmişəki kimi kreslosundan qalxdı, gəlib mənimlə üzbəüz oturdu. Mən gələndə o, həmişə belə eləyirdi. Fikirləşirdim ki, bu boyda kişi niyə belə eləyir? Onun bu hərəkətinə məna vermədiyimə görə heç kimdən də soruşmurdum. Uzun illər keçəndən sonra bildim ki, bu, hörmət əlaməti imiş. Və özümə söz verdim ki, nə vaxtsa böyük vəzifəm olsa, mən də öz kreslomdan durub yanıma gələn adamla üzbəüz oturacam – Nəsir müəllim kimi...
 

– Hə, Seyran, nə var, nə yox, rayona gedirsənmi, atangil necədi?
 

– Çox sağ olun, Nəsir müəllim, keçən şənbə-bazar rayonda idim... yaxşıdılar.
 

– Yenə öz yerində işləyir, hesabdardı?
 

– Bəli... Sizin haqqınızda atama da danışmışam, demişəm belə böyük bir dostum var. Deyir ki, bir dəfə Nəsir müəllimi qonaq gətir.
 

– Noolar, bir dəfə gedərik... Burdan Füzuliyə nədi ki, üç saatlıq yoldu. Bir dəfə gedərik, yazağzı, oraların yaxşı vaxtı olur...
 

– Qağam maa deyir ki...
 

– Siz də qağa deyirsiniz? – Nəsir müəllim ərklə sözümü kəsdi.
 

– Hə, qağa deyirik... deyir ki, o boyda kişi hara, sən hara? Axı sən onun yanında uşaqsan...
 

– Bəs, sən nə dedin?
 

– Dedim, ay qağa, vallah, elə Nəsir müəllim də uşaq kimidi.
 

– Yaxşı demisən, – Nəsir müəllim elə bil sevinən kimi oldu, – məni düz tanımısan.
 

Nəsir müəllimin belə deməsi özümə arxayınlığımı bir az da artıran kimi dedim:
 

– Qağam mənim sözümdə səhv tutdu.
 

– Nə dedi ki?
 

– Qağam dedi ki, o boyda kişi uşaq ola bilməz, yəqin böyüynən böyükdü, uşaqıynan da uşaq... Sən də uşaqsan dana...
 

– Qağan da yaxşı deyib, – Nəsir müəllim münasibətini ortalığa qoydu.
 

Belə şirin, mərhəm söhbətin içində bura nəyə görə gəldiyimi unutmuşdum. Məni qınamağa çalışmayın, bilənlər bilir ki, böyük kişilərnən üzbəüz qalanda adam bütün dərdi-sərini yadından çıxarır. Böyük kişilərnən üzbəüz qalanda yaşından asılı olmayaraq hər kəs dünyanın böyüklüyünə qovuşur və bu qovuşuqda nə dərd ola bilər ki?..
 

– Təzə nə yazırsan? – Nəsir müəllim qəfil mövzunu dəyişdi.
 

– Təzə roman yazıram, adı da “Daş evlər”di. İki ildi başlamışam, bir-iki aya qurtaracam.
 

Nəsir müəllimin əvvəlcə gözləri güldü, sonra dodaqları qaçdı:
 

– Sən yazarsan, – dedi, – yaz, yaz. Çox gözəl.
 

Mənə elə gəldi ki, əvvəlcə insanın gözləri gülür, sonra dodağı qaçır, axırda da təbəssümə çevrilib onun sifətinə hopur. Bax, indicə Nəsir müəllimdə belə oldu.
 

– Lap yaxşı... neçə səhifə olar, neçə çap listi?
 

– Təxminən iyirmi beş çap listi olacaq, – dedim.
 

– Böyük əsərdi. Kitabı çap eləyəndə çətinliyin-zadın olsa deyərsən.
 

– Çox sağ olun, Nəsir müəllim, mən bilən çətinlik olmaz, əgər... görək də... – Hər təsadüfə qarşı bir ayaq yeri də qoydum, dünyanın işini nə bilmək olar ki?..
 

Nəsir müəllim oturduğu yerdən uzun qolunu uzadıb düyməni basan kimi katibə qız içəri girdi.
 

– Bəs bizə çay vermirsən, – üzünü mənə çöndərdi, – dostum gəlib axı... – dedi.
 

Qız tələsik çıxdı. Armudu stəkanda çay gətirib qabağımıza qoyanda baxışlarımız toqquşdu: “Bax, belə ipə-sapa yatarsan ee...” Ürəyimdən keçənlər gözlərimdə yazılmışdı və deyəsən qız da oxumuşdu. Bu mən gələndən qızın aldığı ikinci “zərbə” idi.
 

Nəsir müəllim cavanların fikirləri ilə, onların həyat tərzi, əxlaqi prinsipləri ilə həmişə maraqlanırdı. Nəsir müəllim söhbət vaxtı bizə verdiyi sualların cavabını çoxdan tapıb oturuşmuşdu. Böyük təcrübə öz sözünü çoxdan demişdi, bərkimişdi. Elə isə mənim kimi birisinin fikirləri onun nəyinə lazım idi? Mənə elə gəlirdi ki, o, bizdən eşitdikləri ilə öz bildiklərini müqayisə eləyir və bununla da bizləri daha dərindən, hərtərəfli tanımaq istəyir ki, görsün bizə arxayın olmaq olar, yoxsa yox? Bəs, bizdən arxayın olmaq onun nəyinə lazım idi? Sonralar dərk elədim ki, bizlərdən arxayın olmaqla, Nəsir müəllim millətin gələcəyindən arxayın olmaq istəyirmiş. Bu istək onda hər şeydən güclü idi...
 

– Nəsir müəllim, yanınıza bir xahişə gəlmişəm, – qəfil dedim.
 

– Bəlkə burda yazını-zadını ləngidirlər? – Nəsir müəllim soruşdu.
 

– Yox, – dedim, – tamam başqa məsələdi, heç bilmirəm deyim, deməyim, qalmışam belə...
 

Nəsir müəllim sir-sifətimin, əhvalımın bir anın içində dəyişdiyini elə dəyişiklik anındaca duyub narahat oldu:
 

– Noolub, – dedi, – evdə-eşikdə salamatlıqdı?
 

– Salamatlıqdı... – deyəsən səsim qırıldı, – utanıram da deməyə.
 

– Niyə utanırsan? Dost dosta söz deyəndə utanmalıdı ki?..
 

– Elə dostuma görə gəlmişəm bura.
 

– Lap yaxşı də... bir dostuna görə başqa bir dostunun yanına gəlmisən, burda nə var ki... sözünü de, eşidirəm. – Nəsir müəllim bu sözləri deyəndə o qədər səmimi, istiqanlı idi ki, mən ürəkləndim, dedim:
 

– Nəsir müəllim, mənim bir dostum var, on-on iki yaşından bir yerdəyik... iyirmi ildi. Əsilləri biz tərəfdəndi, Bakıda yaşayırlar. Biz dost olanda rayondaydılar. Mən onun atasına ata, anasına da ana demişəm, elə indi də heylədi. Məni çox istəyirlər. Dünyaca doğmalaşmışıq. Bizim hesabımıza ailələrimiz də qaynayıb-qarışıb... Hə... On gün bundan qabaq dostumun bacısının toyu idi, dördüncü mikrorayonda. Sizin işçilərdən iki nəfər, toy başlayandan bir az sonra gəlib çıxıblar ora, arada nə söhbət olubsa, gedib felyeton yazıblar... Ona görə gəlmişəm...
 

Əqidəsinin qulu, əqidəsizlərin ağası kimi tanıdığım Nəsir İmanquliyevin bir göz qırpımında aldığı ciddi görkəmi məni qorxutsa da, mənim varlığıma belə bir qorxunun hopduğunu açıq-aşkar hiss etsə də, heç nəyi nəzərə almadan dedi:
 

– Seyran, cavan olsan da mən sənə inanıram, etibar eləyirəm. İndi de görüm, sən o cür toyun tərəfdarısan, yoxsa?..
 

– Tərəfdarıyam...
 

Cavabım Nəsir müəllim üçün gözlənilməz olsa da, o başını bulayıb dedi:
 

– İnanmaram! – Nəsir müəllim cavabımdan nəinki narazı qalmışdı, deyəsən lap inciyən kimi də olmuşdu. – İnanmaram ki, sən...
 

– Nəsir müəllim, niyə inanmırsınız ki? Boğazıma diri ilan salsalar da, sizə heç vaxt yalan demərəm. O toyda cəmisi həştad nəfər adam olub... Mən elə toyun niyə tərəfdarı olmayım ki? Özüm də ordaydım...
 

– Nə?! – Nəsir müəllim sifətindəki vahiməli ciddilik təəccübünün altında qalıb görünməz oldu, – sən nə danışırsan, Seyran, axı felyetonda yazıblar ki, dörd yüz nəfər adam iştirak eləyib... – Üzümə baxdı.
 

– Mənə inanmırsınız? – dedim.
 

– Qalmışam belə. – Nəsir müəllim dedi.
 

– Nəsir müəllim, – dedim, – o toy olan yerə uzaq başı yüz əlli adam sığışa, sığışmaya? Həştad nəfər qonağımız olub cəmisi – çox sadə bir toy oldu, Allah xoşbəxt eləsin... elə bilirəm bajımdı, özü də əlaçıdı...
 

Nəsir müəllim bir az fikrə gedəndən sonra dedi:
 

– Başım çıxmır bu nə məsələdi, – üzümə baxdı, elə bil məndən cavab istəyirdi.
 

– Nəsir müəllim, istəyirsiniz mən deyim nə məsələdi?
 

– De görüm, – o diqqətlə mənə gözünü zillədi.
 

– Nəsir müəllim, elə jurnalistlər var ki, nəfslərinin öhdəsindən gələ bilmirlər, camaata xox gəlib vəsiqə göstərirlər, pul alırlar. Biz qəzet işçiləri onlara ad da qoymuşuq: süləngi-müxbirlər...
 

Nəsir müəllim mənə bir az da diqqətlə qulaq asdığına görə mən bir az da dərinə getdim:
 

– Hə... indi Mərkəzi Komitənin başladığı bu kampaniyadan sonra o müxbirlər düşüb bu toy evlərinin canına; onları maraqlandıran əsas məsələ toy yiyəsinin kim olmağı, hansı vəzifədə işləməyidi? Bunlar da gediblər çıxıblar biz toy elədiyimiz yerə, yəqin ki, bir-iki gün əvvəl, hə... toy yiyəsi kimdi – bəs, Azərittifaqda təftiş komissiyasının sədr müavinidi – böyük vəzifədi, deməli, pul bundadı. Qabaqcadan gəlib yerini müəyyənləşdirirlər, toy günü də kəsdirirlər qapının ağzını ki, müxbirik, gəlmişik, bizi yola salın – bax, belədi... O günü nəşriyyatdan çıxanda sizin o iki müxbirdən biri qapının ağzında dayanıb kiminləsə, özü də ucadan söhbət eləyirdi. Mən də dayanıb taksi gözləyirdim; deyirdi ki, əəə, belə şey olar, Azərittifaqın bazasına andatra papaq gəlib bizim xəbərimiz yoxdu. İstədim ona bir az da yaxınlaşıb deyəm ki, Azərittifaqın bazasına andatra papaq gəlməyinin sənə nə dəxli var? Demədim, qoy rədd olsun! Öz qulağımnan eşitdim.
 

– Kişinin adı nədi? – Nəsir müəllim elə bil qəsdən bu sualı verdi ki, onun üçün ağır olan bu iyrənc söhbəti başqa yerə yönəltsin.
 

– Əvəz... Zeynalov Əvəz... Nəsir müəllim, bu kişi doqquz may qələbə bayramında, müharibə görmüş adamdı da, bütün orden-medallarını taxıb ailəsi ilə bərabər gəzintiyə çıxır dəniz qırağında. Hamı ona tamaşa eləyir, qurşaqdan xirtdəyəcən orden-medaldı, pencək alışıb yanır. İş yoldaşları onun haqqında çoxlu lətifələr danışırlar. Şeirə-sənətə, teatra, musiqiyə çox bağlı adamdı. Qeyri-adilikləri də var, uşaq kimi sadəlövhdü, kövrəkdi, özü də yetim böyüyüb...
 

Əvəz Zeynalov haqqında çox şey bilirdim və Nəsir müəllim özünəməxsus böyük səbr, nəzakət, hörmətlə əvvəldən-axıra mənə qulaq asdı.
 

Mən susan kimi dedi:
 

– Bəs oğlu... sənin dostun nə işə baxır? – Zeynalla maraqlandı.
 

– Dostumun adı Zeynaldı. Çox hərtərəfli istedad sahibidi: rəssam, heykəltəraş, muğam bilən, tarçalan, Səməd Vurğunun o boyda “Vaqif” pyesinə parodiya yazan, açılmayan qapıları qadınların saçındakı adi sancaqla açan, butalar haqqında dərin biliyə malik, yaxşı idmançı, çempion, lağ-lağı, zarafatcıl, təpədən dırnağa yumor, aktyor... nə bilim ee. Hüseyn Cavidin əsərində iblisin manoloqunu elə desin ki... Ancaq özündə olan bütün bu keyfiyyətlərə son dərəcə qeyri-ciddi, bivec yanaşan birisidi... Məclis qurmağı, tost deməyi də çox xoşlayır. Belə də... Dostluqda da alınmaz qaladı... həm də qəşəng oğlandı.
 

– Sən kefdəsən, Seyran... belə dostun var. – Nəsir müəllim üzünün bütün nurunu bu sözlərin üstünə tökdü.
 

– Çox sağ olun, Nəsir müəllim. Mən çox imkanlı adamam – Zeynal kimi dostum, Əvəz kimi atam var.
 

– Ay Seyran, sənin neçə atan var ki? – güldü.
 

– Deyim də, Nəsir müəllim... qağam Əsgər bir, məktəbdə oxuyanda ilk yazılarımın orasını-burasını düzəldən Ənvər müəllim iki. Qasım Qasımzadə üç, Əvəz Zeynalov dörd... – Barmağımın dördünü qatmamışdım, – elə siz də mənim atamsınız, beş, – deyib baş barmağımı da qatladım.
 

– Çox sağ ol, Seyran, üzün ağ olsun... – Nəsir müəllim bu dəfə də üzünün nurunu bu sözlərin üstünə tökdü.
 

– Əsas məsələ qalıb bir tərəfdə... – Nəsir müəllim dedi və qalxıb öz yerinə keçdi.
 

Düyməni basıb qarşısındakı mikrafona – əslində isə katibəyə dedi:
 

– Şamil müəllimi təcili yanıma çağır. – Üzümə gülümsədi, – nə qəribə gün oldu. Bir çay da içəkmi?
 

– İçək, – dedim.
 

– Həəə... əzizim Seyran, belə-belə işlər. – Asta-asta başını bulayıb sağ əlini yüngülvari sol əlinin üstünə çırpdı və bir müddət elə də qaldı – əlləri bir-birinin üstündə.
 

“Bakı” və “Baku” axşam qəzetlərinin əbədi və zəhmətkeş məsul katibi və fədaisi Şamil Şahməmmədov içəri girib əlindəki bir üzü ağ olan qəzet səhifələrini Nəsir müəllimin stolunun üstünə düzüb dedi: – Buyurun, Nəsir müəllim.
 

– Bəs Seyranla görüşmədin?
 

Salamlaşdıq.
 

– Necəsən, Seyran, nə var, nə yox?
 

– Çox sağ olun, Şamil müəllim, siz necəsiniz?
 

Şamil Şahməmmədov yaxşı adamdı, Nəsir müəllimin mənə olan isti münasibətindən də xəbəri vardı. Bir neçə dəfə, işin axırında Nəsir müəllimin otağına gəlib xudahafizləşəndə, bizi çay içə-içə söhbət eləyən görmüşdü. Deyəsən, bir az da təəccüblənmişdi ki, ortada o boyda yaş fərqi olan bu iki nəfərin söhbəti necə tutur.
 

İnsan ya heç nəyi başa düşmür, ya da ki, yavaş-yavaş başa düşür. Yenə sonralar başa düşdüm ki, Nəsir müəllim Şamil Şahməmmədova deyəndə ki, “bəs, Seyranla görüşmədin” – sən demə məni saydırırmış...
 

Nəsir müəllim tələm-tələsik baxandan sonra səhifələri səliqə ilə üst-üstə qoyub tən ortadan qatladı və məsul katibə uzatdı: – Al, – dedi.
 

Bayaqdan bəri nəzərlərini Nəsir müəllimdən çəkməyən Şamil Şahməmmədov dedi:
 

– Bəs qol çəkmədiniz axı... qəzet çapa getməlidi.
 

– Şamil, o felyetonu çıxarmaq lazımdı.
 

– Nəsir müəllim, niyə?
 

– Məsləhət deyil, – Nəsir müəllim dedi.
 

– Onu çıxartmaq aşağısı iki saat çəkəcək, gərək matritsa sökülsün... – Təəccüblə Nəsir müəllimə baxırdı.
 

– Sökün də.
 

– Qəzet gecikər axı...
 

– Geciksin də...
 

Şamil Şahməmmədov Nəsir müəllimlə birgə işlədiyi bu illərdə ondan qəzetə belə münasibəti birinci dəfə görürdü. Çox təəccüblənmişdi:
 

– Axı, yuxarıdan bizə söz gələcək...
 

– Elə yuxarının göstərişidi də, – Nəsir müəllim gözucu mənə qımışıb səbrlə dediyinə əlavə də etdi, – Şamil, birincisi yuxarıdan söz yuxarıya gəlir də, nə desələr mənə deyəcəklər, sənə deməyəcəklər ki... mən cavab verərəm. İkincisi... – Nəsir müəllim sözünün dalını demədi.
 

Bayaqdan bəri iki ayağını bir başmağa dirəyən Şamil müəllim sözünün keçmədiyinə əmin olandan sonra başqa bir başmaq tapıb bu dəfə də ayaqlarını ora dirədi:
 

– Nəsir müəllim, sökdürməyinə sökdürərəm ee...
 

– Sökdür də... – Nəsir müəllim dedi, – nə çətinlik var ki?
 

– Məsələ burasındadır ki, “zaqon”da materialımız yoxdu o həcmdə.
 

– Var. – Bunu da mən qəfil dedim.
 

İkisi də maraqla mənə baxırdı. Mən dedim:
 

– Nəsir müəllim, mənim “zaqon”da yığılmış hekayəm var, “Ət taxtası”, həcmi də uyğundu, mövzusu da...
 

Nəsir müəllim Şamil Şahməmmədovun üzünə baxan kimi o dedi:
 

– Hə, Seyranın hekayəsi var, yığılıb.
 

– Lap yaxşı da, felyetonu çıxart, Seyranın hekayəsini qoy onun yerinə.
 

– Oldu, Nəsir müəllim.
 

Şamil Şahməmmədov səhifələri də götürüb çıxmaq istəyəndə Nəsir müəllim onun boynuna bir minnət də qoydu:
 

– Gördün Seyran bizi nə təhər vəziyyətdən çıxartdı... yenə mənim dostum kara gəldi, – dedi və gülümsəyib, gözlərini yumub açdı.
 

Uçmağa qanadım olmasa da uçurdum; belə vəziyyətdə uçmaq üçün adama qanad-zad lazım deyildi, vicdan gərəkdi.
 

Nəsir müəllimin nəhəngliyi qarşısında vergül boyda görünürdüm. O kişi mənim xahişimdən sonra iri, güclü qanadlarını açıb haqqın qapısına tərəf uçdu, uçdu, uçdu, yetişən kimi də haqqın qapısını açdı – qanadlandı uçmağa, haqq qapısın açmağa!.. Açdı da!
 

Nəsir müəllimin ürəkdən gələn bu cəhdini xeyirxahlıq kimi qiymətləndirə bilmərəm, bu, naxış olsa da, yanlış olardı. Çünki haqqı qorumaq xeyirxahlıq eləməkdən dəfələrlə çətindi – Nəsir İmanquliyev haqqı qorumuşdu!!!
 

Mən ona təşəkkür eləyib getmək istəyəndə o, bu fikrimi qırımımdan hiss eləyib soruşdu:
 

– Tələsmirsən ki? – Çox həssas adam idi axı.
 

– Tələsirəm, – dedim. Əslində mən deməliydim ki, hara tələsirəm, ay Nəsir müəllim, istəyirsinizsə lap səhərəcən oturum sizin yanınızda... kişi o boyda iş görmüşdü, – Zeynal gözləyir, – dedim, – indi bağrı partlayır...
 

– Harda gözləyir?
 

– Yuxarıda, redaksiyadadı, mənim otağımda, – dedim.
 

– Başqa işin yoxdursa getmə, zəng elə qoy gəlsin bura.
 

– Bura?! – Çox gözlənilməz oldu.
 

– Hə... bura... Gəlsin görüm sənin Zeynalın nə təhər oğlandı. Bəlkə mən də dost oldum elə...
 

Bəlkə də onu tanıyanların çoxusuna qəribə gələcək, ancaq bu, mənim tanıdığım Nəsir İmanquliyevdi – bu, Nəsir İmanquliyevin əsli idi. Bu yerdə bəzi sənədlərə qoyulan dərkənar yadıma düşdü: əsli ilə düzdür. Nəsir İmanquliyev bütün ömrü boyu əsli ilə düz olub, düz olduğuna görə də çox əyriləri kəsib. “Düz əyrini kəsər” deyiblər axı...
 

Otağıma zəng elədim. İş yoldaşım götürdü dəstəyi.
 

– Seyrandı... orda qonağım var, telefonu ver ona, – dedim.
 

– Çağır də... – Bir az gözləməli oldum.
 

– Alo. – Zeynalın səsi elə bil dəstəkdən yox, quyunun dibindən gəlirdi.
 

– Zeynal, – dedim, – düş ikinci mərtəbəyə, gəl baş redaktorun otağına.
 

– Əəə, de görüm nooldu, ürəyim partdayır bayaqdan?
 

– Narahat olma, hər şey qaydasındadı...
 

Telefonun o başında nə təhər qışqırdısa, bu başında sağ qulağımın pərdəsi titrədi.
 

Dəstəyi üstünə qoydum:
 

– Gəlir, – dedim.
 

Ordan bura gəlmək beş dəqiqəlik olsa da gecikirdi. Narahat olmağa hazırlaşırdım ki, katibə içəri girdi, qapını örtdü:
 

– Nəsir müəllim, – dedi, – bayaqdan bir nəfər gəlib deyir ki, məni baş redaktor çağırıb.
 

– Burax gəlsin də...
 

– Jurnalistə-zada oxşamır axı... – qız təkid elədi.
 

– Dəvət elə içəri... denən, buyurun keçin... Üç stəkan da çay gətir. 
 
(Ardı gələn şənbə sayımızda)

 





02.02.2015    çap et  çap et