525.Az

“Ermənistan ölüm ayağında olan xəstəyə bənzəyir”


 

 “Ermənistan ölüm ayağında olan xəstəyə bənzəyir”<b style="color:red"></b>

 

“Əgər bir ölkədə ki, parlament sədrinin dəftərxanasından məktub it-bata düşür, görün bu ölkə nə vəziyyətdədir.Bu onu göstərir ki, həmin ölkə ölüm ayağında olan xəstəyə bənzəyir”.

525.az-ın məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM ) Baş Assambleyasının Bakıda keçirilən 40-cı sessiyasının yekunların həsr olunmuş mətbuat konfransında sözügedən qurumun vitse-prezidenti Asəf Hacıyev Ermənistan nümayəndə heyətinin  sessiyaya gəlməməsi məsələsi ətrafında səslənən fikirlərə münasibətini bildirərkən dilə gətirib. A.Hacıyevin sözlərinə görə, bu ilin avqust ayının sonlarında QDİƏT PM-in Beynəlxalq Katibliyinin rəhbərliyi Azərbaycanda səfərdə olub və bu səfər zamanı spiker Oqtay Əsədovla görüş zamanı bütün nümayəndə heyətlərinə rəsmi dəvət məktubları imzalanaraq təqdim edilib:

“Bundan sonra da QDİƏT PM-in Beynəlxalq Katibliyi tərəfindən həmin dəvət məktubları bütün ölkələrə, o cümlədən Ermənistana göndərilib. Ancaq çox təəssüflər olsun ki, bu günlərdə Ermənistanın spikeri belə bir bəyanatla çıxış edib ki, guya onlara dəvət məktubu göndərilməyib.  Bu ağ yalandır, bu növbəti erməni şousudur. Beynəlxalq Katiblik də bir daha təsdiq edə bilər ki, belə bir dəvət məktubu Ermənistana göndərilib. Onu da qeyd edim ki, sonradan Ermənistan parlamentinin mətbuat katibi belə bir məlumat yaydı ki, guya dəvət məktubu spikerin dəftərxanasından yoxa çıxıb. İndi görün bu ölkədə vəziyyət nə yerdədir. Bu ölkə ölüm ayağında olan xəstəyə bənzəyir. Bunun başqa adı yoxdur”.

QDİƏT PM-in baş katibi Kirill Oleqoviç Tretyak isə bu suala birmənalı cavab verməkdən yayınaraq qeyd edib ki, bu təşkilatı hansısa münaqişəyə cəlb etmək lazım deyil: “Ancaq bununla belə şəxsən mən də təsdiqləyirəm ki, belə bir dəvət məktubunu şəxsən mənə bu ilin avqust ayında Oqtay Əsədov cənabları verib və mən də onu Ermənistana göndərmişəm”.

A.Hacıyev öz növbəsində K.Oleqoviçə etiraz edərək “biz heç bir beynəlxalq təşkilatı hansısa münaqişəyə cəlb etmək istəmirik” - deyə, bildirib.

Kamil Həmzəoğlu

 





28.11.2012    çap et  çap et