“Artıq bir müddətdir ki, İranda etiraz aksiyaları güclənib və getdikcə daha geniş vüsət alır. Hesab edirəm ki, bir sıra mühüm amillər nəzərə alınmaldır. Çünki bundan əvvəlki etiraz çıxışlarında hakimiyyət öz gücünü, sərt simasını göstərdi, bu gün isə fərqli geosiyasi mənzərə var”.
Bu barədə 525.az-a politoloq İlyas Hüseynov İranda cərəyan edən hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, xüsusilə Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsindən sonra ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə söylədiyi fikirlər önəm kəsb edir:
“Çağırış da bundan ibarətdir ki, etirazçılara atəş açılmasın, güc tətbiq edilməsin, düşünürəm ki, bu çağırışlar təsirlidir. Elə bunun fonunda biz görürük ki, artıq İranın bütün iri şəhərlərində hakimiyyət əleyhinə üsyanlar baş qaldırır. Şahın oğlu da özünü lider kimi göstərməyə çalışır, nümayişlərə rəhbərlik etmək cəhdlərini irəli sürür, Trampa müraciətlər ünvanlayır. Eyni zamanda, etirazçılara dəstək üçün ABŞ-ın İranı hədəf alması, zərbələr endirilməsi də aktualdır, zaman keçdikcə bu aktuallıq daha da artır. Bu, İran daxilində çox ciddi böhrana, kataklizmlərə gətirib çıxara bilər. Amma mən bir amili də qeyd etmək istəyirəm ki, hər zaman İrana qarşı kənar geosiyasi mərkəzlər güc və təpər göstərdiyi anda daxili auditoriya teokratik rejimin ətrafında daha sıx birləşir. Düşünürəm ki, bu, ABŞ-dakı strateqləri də narahat etməlidir. Bu amil ətrafında ciddi düşünməlidirlər, ümumiyyətlə belə bir ehtimal var ki, sanki rejim çökəcək, amma bütün prosesləri diqqətlə izləmək önəmlidir”.
Pərvanə Sultanova
çap et