525.Az

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi


 

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi<b style="color:red"></b>

Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub.

525.az xəbər verir ki, mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunublar. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev öncə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. Sonra qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə, 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Bu inkişaf və tərəqqidə isə gənclərimizin rolu əvəzolunmazdır. Keçirilən tədbirin əhəmiyyətindən bəhs edən B.Nəbiyev hər bir rəssama öz fəaliyyətlərində uğurlar arzu edib.

Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova “Uğurlarımızla” Milli Mükafatının artıq ölkənin mədəni həyatında ənənəyə çevrildiyini bildirib. O, 2025-ci ilin mədəniyyət sahəsində uğurlarla yadda qaldığını vurğulayaraq, keçirilən sərgilərin və layihələrin Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini qeyd edib. “Uğurlarımızla” Milli Mükafatı, yalnız bir mükafatlandırma mərasimi deyil, həm də mədəniyyətin inkişafına, yaradıcı gənclərin tanıdılmasına və onların fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş genişmiqyaslı təşəbbüsdür. Bu cür tədbirlər, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına, gənc istedadların üzə çıxarılmasına və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.

Beynəlxalq Qalereyanın layihə rəhbəri və tədbirin təşkilatçısı Aygün Əzizova isə çıxışında sənətə verilən dəyərin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. O, rəssamların yaradıcılığının milli kimliyimizin və mədəni irsimizin qorunmasında əvəzsiz rol oynadığını vurğulayıb.

Tanınmış aparıcı Çərkəz Quliyevin təqdimatında keçirilən mərasimdə gənc rəssamların müxtəlif mövzularda işlədikləri əsərlərdən ibarət sərgi nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmi təltifetmə mərasimindən sonra tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə davam edib. Əməkdar artist Səlim Abbasov və sevilən sənətçi Mütəllim Mütəllimov öz musiqi çıxışları ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.

Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu baletmeysteri, Bakı İstanbul Liseyinin müəllimi Amil Əhmədovun rəhbərlik etdiyi “Xarıbülbül” rəqs qrupu, Leyla Aslanovanın bədii rəhbəri olduğu “Qaval” rəqs qrupu və Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Fatimə Rüstəmova milli və klassik rəqs nümunələri ilə çıxış ediblər. Həmçinin Tamara Məmmədovanın rəhbərlik etdiyi “Mələklərim” uşaq bağçasının rəqs kollektivi tədbirə xüsusi rəng qatıb.

Şahanə Müşfiq

 





13.01.2026    çap et  çap et