525.Az

İrandan İngiltərəyə xəbərdarlıq


 

İrandan İngiltərəyə<b style="color:red"> xəbərdarlıq</b>

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ingiltərəli həmkarı İvet Kuper arasında telefon danışığı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Əraqçi Kuperə İranın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.

Telefon danışığı ilə bağlı sosial media paylaşımında Əraqçi bildirib ki, İngiltərə beynəlxalq məsuliyyətlərinə əsasən Londondakı İran konsulluğunun və səfirliyinin təhlükəsizliyini təmin etməyə borcludur:

“Əgər İngiltərə diplomatik nümayəndəliklərini qorumaq vəzifəsini yerinə yetirməsə, İranın öz işçilərini təxliyə etməkdən başqa çarəsi qalmayacaq".

London hökumətini İranın daxili işlərinə müdaxilə etməkdə günahlandıran Əraqçi söyləyib:

"Mən İngiltərəni İranın daxili işlərinə müdaxilə etməkdən çəkinməyə, o cümlədən xəbər təşkilatları adı altında fəaliyyət göstərən İsrail tərəfindən dəstəklənən terrorçulara qarşı tədbir görməkdən çəkinməyə çağırdım. “Ofcom”un (Böyük Britaniya Rabitə Ofisi) zorakılığa təhrik və terrorizmin təriflənməsi ilə bağlı aydın qaydaları və qanunları var. İngiltərə hökuməti öz daxili qanunlarının tətbiqini təmin etmək üçün hərəkətə keçməlidir".

İngiltərənin xarici işlər naziri İvet Kuper isə telefon danışığı zamanı İranda baş verən hadisələrlə bağlı narahatlığını çatdırdığını bildirib:

“İranda dinc etirazçıların öldürülməsi və vəhşicəsinə yatırılması dəhşətlidir. Mən xarici işlər naziri Əraqçiyə birbaşa çatdırdım ki, İran hökuməti zorakılığa dərhal son qoymalı, fundamental hüquq və azadlıqlara hörmət etməli və İngiltərə vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir”.

İbrahim Cəfərov

 





13.01.2026    çap et  çap et