525.Az

"Qaynana" İsraildə


 

"Qaynana" İsraildə<b style="color:red"></b>

 

Azərbaycan dramaturqu Məcid Şamxalovun məşhur “Qaynana” pyesinin səhnə təcəssümü tapmasından 55 il ötür. Tamaşa  dünyanın onlarca səhnəsində tamaşaya qoyulub, müxtəlif ölkələrin tamaşaçılarının hərarətli alqışlarını qazanıb.

525.az-ın məlumatına görə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman  bildirib ki, nəhayət, “Qaynana” İsrailə də yol tapmış, cuuri dilində tamaşaya qoyulub. Bir çox xalqlar tərəfindən sevilən “Qaynana” komediyasını cəsarətlə Azərbaycan milli klassik dramaturgiyasının ən populyar nümunəsi adlandırmaq olar. 

“Nikah” və “məişət” anlayışlarını təcrübədə sınamış hər bir kəsin qəlbində yuva quran bu duzlu-məzəli komediya artıq zaman və məkan çərçivələrini çoxdan aşmış, qəhrəmanlarını səhnədə heç olmazsa bir dəfə görən heç kəsi biganə qoymamışdır. “Qaynana” pyesinin süjeti tanış həyat səhnəciklərini və doğmalarımızın xasiyyətinin cizgilərini sanki hər birimiz üçün əks etdirən bir aynadır. Qaynana obrazını yaradan Azərbaycanın Xalq Artisti Nəsibə Zeynalova məhz bu rolu ilə vaxtilə Azərbaycanı tərk edən, hazırda bütün dünyaya səpələnərək bir növ milli mədəniyyətimizin elçisi olan bütün insanların sevimli aktrisasına çevrilib. 

Populyar tamaşanın premyerasını İsraildə çoxdan gözləyirdilər. Nəhayət, Azərbaycandan və Şimali Qafqazdan gəlmələrin böyük icmasının cəmləşdiyi Netaniya şəhərinin mədəniyyət sarayında tamaşa baş tutmuşdur. Daha sonra bir neçə ay qabağa qastrollar gözlənilir. “Qaynana” İsrailin bir çox şəhərlərinin səhnələrində oynanılacaq. 

İstedadlı aktyorlar Yeva Şalver, Yafa Giladova, Rambaba Mişiyeva və başqalarının qəhqəhə doğuran şirin ifaları sayəsində tamaşaçılar uğunub gedir, salonda gülüş sədaları səngimək bilmirdi. Sənət fədaisi olan rejissor Roman İzyayevin səyləri ilə Dağ Yəhudilərinin Xalq Teatrı 10 il ərzində uğurlu və populyar teatra çevrilib.
Yeganə Salman: “İsrail azərbaycanlılarının milli icmasının başçısı kimi mənə çox xoşdur ki, yəhudi teatrı Azərbaycan milli mədəniyyətini Müqəddəs Torpaqda təbliğ edir. Mən fəxr edirəm ki, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin canına-qanına hopan Azərbaycan musiqisi və ədəbiyyatı sevilir və əsla unudulmur. Bu fakt bir daha təsdiq edir ki, Vətən və mədəniyyət insanın əbədi yol yoldaşıdır”. 

 

GÜNEL

 





28.11.2012    çap et  çap et