525.Az

Mətbuat Şurası Bərdədə şair və jurnalist Əliş Əvəzlə görüş keçirib


 

Mətbuat Şurası Bərdədə şair və jurnalist Əliş Əvəzlə görüş keçirib<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində növbəti görüş Moskvada yaşayan azərbaycanlı jurnalist, publisist və şair Əliş Əvəzə həsr olunub. Tədbir jurnalistin doğulduğu Bərdədə rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə baş tutub. Yeni Azərbaycan Partiyasının yerli şöbəsində baş tutmuş tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.

Toplantını giriş sözü ilə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev açıb. V.İsayev qədim Azərbaycan torpağı olan Bərdənin ziyalılar, işıqlı insanlar yurdu kimi səciyyələndirib. O, belə adamların əməyinə hər zaman qiymət verilməsinin vacibliyini vurğulayıb. V.İsayev həmçinin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın yaşadıqları bölgələrin ictimai həyatında iştirakının ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından önəmindən bəhs edib: "Sözün cığırını öz dəsti xətti, şeiri və publisistikası ilə Vətəndən kənarda qərarlaşmağı bacaran həmyerlimiz Əliş Əvəzin müstəsna xidməti Azərbaycan dilini yaşatmaq və qorumaq üçün mətbu orqan yaratmaq kimi çətin işin öhdəsindən uğurla gəlməsidir. O, ötən əsrin 80-ci illərinin əvvəllərində dünyanın sayılıb-seçilən ali təhsil ocağı olan Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Həmin vaxtdan Moskva mühitində yaşayıb, işləyib. Ancaq onu tanıyandan sonra görürsən ki, bu gün də Bərdənin Piyadalar kəndində yaşayir və işləyirmiş kimi  həmyerlilərindən  seçilməyən  saflığa, təvazökarlığa və təəccüb doğuracaq dərəcədə sadəliyə malikdir, doğma Azərbaycan dilinə hədsiz bağlıdır. Bu xarakteri şeirlərində, publisistikasında dilimizə vəfa möhkəmliyinə və sədaqətinə hopub", - deyə V.İsayev vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində indiyədək görülmüş işlərdən söz açıb. MŞ sədri deyib ki, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın Vətənidir: "Əliş Əvəz yaradıcılığı ilə bu sözün məsuliyyətini tam mənada doğruldub. O, hələ 20 Yanvar faciəsinin baş verdiyi dönəmdə Moskvada azərbaycanlıların etiraz nümayişində iştirak edib. Jurnalist kimi faciənin miqyasını əks etdirən vərəqələri dərc etdirərək yayanlardan olub. Xocalı faciəsində 366-cı alayın iştirakı Rusiya mətbuatında ilk dəfə Əliş Əvəzin silsilə məqalələrində vurğulanıb", - deyən Ə.Amaşov Ə.Əvəzin Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkül tapmasına yönələn fəaliyyətinin müxtəlif spesifik cəhətlərindən də söz açıb.

Çıxış edənlərdən şair Telman Hüseyn, şəhər 8 saylı tam orta məktəbin müəllimi Vəsilə Hüseynova və başqaları şairin həyat və yaradıcılığının örnək xarakter daşıyan tərəflərindən söz açıblar.

Ə.Əvəz yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Ömür yolunun ayrı-ayrı məqamlarından bəhs edən jurnalist ona ünvanlanmış sualları cavablandırıb. Şairə Mətbuat Şurasının və Bərdə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub. Sonda Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri Ə.Əvəzin şeirlərindən kompozisiya təqdim ediblər.

Qeyd edək ki, jurnalist, yazıçı, publisist və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin Jurnalistika fakultəsində davam etdirib.

Moskvada Sovet Rusiyasının Yerli Sənaye Nazirliyinin nəşriyyatında redaktor və məsul redaktor (1987-1991), Ümumittifaq "Neftyanik" kütləvi-informatik jurnalında elmi redaktor, məsul katib-baş redaktorun müavini (1991-1995), "Rossiyskaya Federasiya" qəzetinin xüsusi müxbiri işləyib.

2000-ci ildən Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında ("Azərbaycanın səsi", "Azərbaycan diasporu", "Asudə vaxt", "Azərros") fəal iştirak edib. "Azərbaycanın səsi" qəzetinin baş direktoru və redaktoru, 2004-cü ilin martından çıxan "Azərros" qəzetinin şef-redaktoru, sonra baş redaktoru olub. Dünyəvi "21 Azər" jurnalının Moskva təmsilçisi vəzifəsini yerinə yetirib.

Hazırda "Diaspora inform" qəzetinin təsisçisi (2002-ci il) və baş redaktoru, Rusiya Federasiyası Dövlət Tarix Muzeyinin əməkdaşıdır. Moskvada fəaliyyət göstərən "Şəhriyar" Ədəbi-İctimai Cəmiyyətinin təsisçilərindən biri olmaqla, onun idarə heyətinin üzvü və sədr müavinidir.

 





04.02.2015    çap et  çap et