525.Az

"Gecə bənövşələri"nin ətri


 

"Gecə bənövşələri"nin ətri<b style="color:red"></b>

Yazıçı Hüseynbala Mirələmov geniş oxucu auditoriyası qazanmış ədiblərimizdən biridir. Onun istər nəsr, dramaturgiya nümunələri, istərsə də publisistik yazıları həmişə maraqla qarşılanıb. Bu təbiidir, çünki ədib hansı mövzudan yazırsa yazsın, oxucunu həyəcanlandıra bilir, onları əsərlərindən nəticə çıxarmağa, həyat həqiqətləri barədə düşünməyə sövq edir. Yazıçının yaradıcılığı çoxsahəlidir. Ümummilli liderimiz Heydər Əliyev, möhtərəm Prezidentimiz İlham Əliyev, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında dəyərli kitabların müəllifi kimi tanınan Hüseynbala Mirələmov bu kontekstdə fərdi yanaşmanın nümunəsini yaradanlardan biridir.

Qarabağ müharibəsi, bu müharibənin xalqımıza yaşatdığı faciələr, erməni vandalizmi, müharibədə qəhrəmanlıqlar göstərən soydaşlarımız barədə bir-birindən maraqlı nəsr və dram nümunələri meydana qoyan H.Mirələmov problemi daim göz önündə saxlaması, onu ardıcıl şəkildə bədii təcəssümün predmetinə çevirməsi ustalığı ilə seçilir. Hüseynbala Mirələmov həmçinin müasirlərimizdən, onları düşündürən problemlərdən, cəmiyyətimizin milli-mənəvi dəyərlərindən, xüsusilə müasir Azərbaycan insanının həm ali, həm də çatışmayan naqis cəhətlərindən söz açan çox sanballı və gərəkli kitabların müəllifidir. Yazıçının son zamanlar müraciət etdiyi tarixi mövzular, tarixi şəxsiyyətlərin həyatının canlandırılması faktları isə onun bu istiqamətdə narahatlığının bədii ifadəsidir. Nadir şah haqqında iri həcmli, mükəmməl tarixi əsər olan "Sonuncu fateh" əsərini yazmaqla müəllif sübut etdi ki, yazıçı üçün mövzu məhdudiyyəti yoxdur, olmamalıdır. Əsas məqsəd milli məfkurəmizdir, azadlığımızın bədii boyalarla təqdimi, onun gələcək nəsil üçün də qorunub saxlanmasına çaba göstərilməsidir.

Bu yaxınlarda H.Mirələmovun "Gecə bənövşələri" (Bakı, "Nurlar" nəşriyyatı, 2013) kitabını böyük maraqla oxudum. Bu kitabdakı əsərlər milli-mənəvi dəyərlərimizi qoruyan, bu yolda hər cür cətinliklərə sinə gərən, mənəvi saflığın qorunması uğrunda ölümə belə hazır olan insanların mübarizəsinə həsr olunub. Xeyirlə Şərin mübarizəsinə.

Xeyir və Şər ədəbiyyatın təməl mövzularından biridir. Azərbaycan xalqı bəlkə də dünya xalqları içərisində ən çox sınağa çəkilmiş, haqqı tapdanmış, çox böyük məhrumiyyətlərə düçar olmuş xalqlardan biridir. Keçən əsrin 90-cı illərində Sovet İttifaqı çökəndə və xalqımız müstəqillik qazananda biz bütün məhrumiyyətlərin, bəlaların sona çatdığını zənn etdik. Amma təəssüflər olsun ki, qapıları üzümüzə açılan dünyadan Azərbaycana mütərəqqi dəyərlərlə bərabər, mənbəyində şər olan zəhərli fikirlərin, əməllərin axını da oldu ki, bu gün biz bunun acı nəticələri ilə müntəzəm olaraq qarşılaşmaqdayıq. "Gecə bənövşələri" kitabında həmin qorxulu, amansız problemlərdən bəhs edən Hüseynbala Mirələmov realist yazıçıdır. Hadisələri həyat həqiqətinə sadiq qalaraq ifadə etməyə çalışır. Bu əsərlərdə bədii təxəyyül, yazı texnologiyasının çeşidli manevrləri nə qədər rol oynasa da, başlıca məqsəd həyat həqiqətinə sadıq qalmaqdır. Bu, bəlkə də elə ən düzgün yoldur. Çünki yazıçı nədən yazırsa yazsın, ilk növbədə öz əsrinin, dövlət və millətinin oğludur, onun problemlərindən, qayğı və dərdlərindən yazmaq da daha çox həmin xalqın ziyalısının, yazıçısının üzərinə düşür.

"Gecə bənövşələri" kitabındakı "Taledən qaçmaq olmur" povestində bir ailənin başına gələn faciədən, bu faciənin bir qızın həyatına vurduğu amansız zərbədən danışılır. Əsərin qəhrəmanı Fidanın ata-anası əslində təmiz, saf, namuslu insanlardır, halal yaşayıblar, bütün həyatlarını qızlarına həsr ediblər, onu namuslu, tərbiyəli böyüdüblər. Fidanın artıq ailə qurmaq vaxtıdır. Fidan gələcək ailəsinin xoşbəxtliyini əsl məhəbbətdə görür, sevib-sevilmədən ailə qurmağı mümkünsüz sayır. Ona görə də yaxın rəfiqəsi Natəvanın Cek adlı ingilisə ərə getməsini heç cür ağlına sığışdıra bilmir, axı sevmədən, var-dövlətə görə necə ailə qurmaq, xoşbəxt olmaq olar? Təəssüf ki, Fidanın valideynləri də Natəvan kimi düşünür, pulu, mənsəbi əsl sevgidən üstün tuturlar. Qız saf, təmiz hisslərini nəzərə almayan atanın qərarına boyun əyməli olur, onun təkidi ilə varlı, imkanlı, ata-anası xaricdə yaşayan Əfqan adlı bir nəfərə ərə gedir. Bundan sonra Fidanın, eyni zamanda Fidanın ailəsinin faciəli həyatı başlayır.

H.Mirələmov digər bədii əsərlərində olduğu kimi "Taledən qaçmaq olmur" povestində də öz qəhrəmanlarını çətin sınaqlardan keçirir. Oxucuya həyatın amansızlığını, qəddarlığı və eybəcərliklərini olduqca qatı, sərt boyalarla təsvir edib göstərməyə üstünlük verir. Onları həyəcanlandırır, düşündürür, nəticə çıxarmağa yönləndirir: insan necə yaşamalıdır, ona verilmiş həyatı necə keçirməlidir, çətinliklər qarşısında necə dayanmalı, səhv yoldan necə çəkilməlidir... H.Mirələmovun əsərlərində bütün bu suallara cavab tapa bilirik...

Oxşar taleli insanlar olan, saflığı, təmizliyi hər şeydən yüksək tutan iki insan - Mehman və Fidan zaman keçdikcə bir-birinə isinişir, bir-birlərindən ayrı yaşaya bilməyəcəkləri qənaətinə gəlirlər. Fidan dələduz əri Əfqanla boşanır, məhkəmə Əfqanı valideynlik hüququndan məhrum edir. Fidan Mehmanla ailə qurur. Usta Mehman Fidanın uşağına öz soyadını verir. Yeni xoşbəxt, sədaqətli ailənin təməli qoyulur.

"Taledən qaçmaq olmur" povestinin təkcə gənclər üçün yox, həmçinin valideynlər üçün böyük tərbiyəvi əhəmiyyəti var. Çünki çox zaman xüsusilə, ailə qurarkən gənclərin fikri, istəkləri nəzərə alınmır, onların övladlarının həyatlarına yanlış müdaxilələri, öz fərdi maraqlarını önə çəkmələri faciə ilə nəticələnir. "Taledən qaçmaq olmur" əsəri bu faciənin köklərini, səbəblərini göstərən bədii mətn kimi dəyərlidir.

Ədəbiyyat cəmiyyətdə tarazlığı saxlayan, xalqın ruhuna, əxlaqına yad olan zərərli adətlərə qarşı mübarizə aparan ideoloji bir sənət növüdür və bu müqəddəs işlə məşğul olan, özü də ardıcıl, yorulmadan məşğul olan yazıçılarımızdan biri Hüseynbala Mirələmovdur. O, "Tənha lalə " povestində yazıçı kimi məhz belə bir ali mövqedən çıxış edir.

"Tənha lalə" əsərini oxuyarkən müxtəlif obrazlar aləminə düşürsən... Bu əsərdə Əsmər Sultanlı kimi çox mürəkkəb obraz da var, Xatirə kimi sadə, sevgisinə sadiq obraz da. Balaş kimi ərköyün, özündən razı, müqəddəs ailə dəyərlərinə məhəl qoymayan, həyata bir əyləncə kimi baxan tipin heç bir əxlaqi normalara sığmayan hərəkətlərindən nə qədər rəncidə oluruqsa, Zahir kimi təmiz vicdanlı, gözü-könlü tox, həyatı, cürbəcür ağır sınaqlardan kecən saf insanların xeyirxah əməllərindən bir o qədər təskinlik tapırıq. Övladlarının xoşbəxtlikləri üçün bilməyərəkdən böyük səhvlərə yol verən, əslində isə günahsız olan bu valideynlərin həyatlarını da, nahaqdan böhtana düşən, həbsə atılan Xəzərin taleyini da, Xəzəri ilahi bir məhəbbətlə sevən Xatirənin iztirablarını da, ilk məhəbbətinə qovuşmayan, amma o ilahi sevgisini öz rəsm əsərlərində yaşadan rəssam Samirin taleyini də əsərdə eyni bir daxili narahatlıqla, həyəcanla izləyirik. Qanunun aliliyini hər şeydən uca tutan hüquq işçisi, polkovnik Yaşar Alıyevin, vəkil Əli Adiloğlunun insani əməllərindən mütəəssir oluruq. Xəzərin nahaq həbsə düşməsinə bais olan rüşvətxor müstəntiqin çirkin əməlindən qəzəblənir, dərin təəssuf hissi keçiririk...

Bu əsərdə iki süjet xətti var. Birinci süjetdə Xəzərlə Xatirənin saf sevgisindən, digərində isə həkim Əsmər Sultanlının keşməkeşli, ağır sınaqlardan keçmiş mürəkkəb həyatından bəhs edilir. Həcmindən asılı olmayaraq bu povest roman janrının bütün tələblərinə cavab verir. Əsərin əksər hissəsi Xatirə ilə Əsmər Sultanlının söhbətinə həsr olunub. Əsmər Sultanlı ikinci həyat yoldaşı Zahirdən savayı heç kəsə danışmadığı dramatik həyat tarixçəsini gənc həmkarına - keçmiş tələbəsi Xatirəyə danışmaq qərarına gəlir.

"Tənha lalə" psixoloji üslubda yazılmış povestdir. Əsmər Sultanlının həyat tarixçəsi psixoloji məqamlarla zəngindir. Bizim Azərbaycan ədəbiyyatında Əsmər Sultanlı kimi mürəkkəb, həyatın çox ağır sınaqlarından keçmiş qadın obrazlarımız azdır. Hüseynbala Mirələmov Əsmər Sultanlının daxili dünyasına peşəkar bir psixoloq kimi nüfuz edir, gerçək həyat hadisələri fonunda onun daxili, mübhəm yaşantılarını çox böyük ustalıqla qələmə alır.

Psixoloji əsər yazmaq həmişə çətindir. İnsan qəlbinin dərinliklərinə nüfuz etmək, onun ən qaranlıq guşələrini işıqlandırmaq hər yazıçıya nəsib olmur. Çünki qəlbin dərin qatlarında, həmin insanın özünə belə məlum olmayan gizli hisslər yatır.  "Tənha lalə"də gərgin, gözlənilməz, amma inandırıcı, maraqlı psixoloji məqamlar çoxdur. Keçdiyi ömür yolu Əsmər Sultanlıya çox şeyi öyrədir. Həyat Əsməri ağır sınaqlara çəksə də, o gördüyü, yaşadığı sərt olaylar qarşısında məğlub vəziyyətə düşmür, daha mübariz, daha inadcıl olur. Bununla da Əsmər həyatda təkcə özünü xilas etmir, eyni zamanda yoldaşının xəstəliyindən, bəxtinin gətirməməsindən, nəhayət həyat yoldaşının vəfatından ağır mənəvi zərbə alan Zahiri də ümidsizlik adlı qorxudan xilas edə bilir.                 

lll

Qeyd etdiyimiz kimi, yazıçı Hüseynbala Mirələmov üçün mövzu məhdudiyyəti yoxdur. "Gecə bənövşələri" kitabındakı "Cəza" povestini oxuyandan sonra fikrimin doğruluğuna bir daha əmin oldum. "Cəza" povesti mənim fikrimcə, Azərbaycan ədəbiyyatında bənzərsiz, orijinal bir əsərdir. Bu əsər ədəbiyyatımızda istər janr, istərsə də mövzu baxımından bir yenilikdir.

Yaşadığımız əsr iki təbii fəlakətlə üz-üzədir. Bunlardan biri qlobal istiləşmə, digəri isə ekoloji böhrandır. Qlobal istiləşmə sırf təbiət hadisəsidir - bu fəlakətin qarşısını almaqda hələlik dünya acizdir. Ekoloji böhran isə əksər hallarda insanların yaratdığı problemlər üzündən yaşamır ki, Hüseynbala Mirələmov "Cəza" povestini, məhz bu aspektdən qələmə alıb.

Hüseynbala Mirələmovun həm bu günümüz, həm də gələcəyimiz üçün lazımlı olacaq "Cəza" povesti insan-təbiət münasibətlərinə, təbiətin qəniminə çevrilmiş bəzi üzdəniraq insanlara həsr olunmuş çox dəyərli bir əsərdir. Vaxtı ilə böyük hind mütəfəkkiri Taqor deyəndə ki, "İnsan vəhşiləşəndə vəhşi heyvandan pis olur", - haqlı idi.

"Cəza" povestinin miskin qəhrəmanları Tülkü Qasım ilə Ağalələ vəhşi xislətli insanlardır. Onların yalnız bir amalı var - hansı vasitə ilə olursa olsun, pul qazanmaq. Bu sərvət hərisləri, var-dövlət xəstələri öz çirkin niyyətlərinə çatmaq üçün təbiətlə manyak kimi davranırlar, ağacları qırıb restoran tikir, parket sexi açırlar.

Əsərdə iki canavar obrazı var: Erkək Köysərəklə dişi Ayçən cütlüyü. Bu iki canavar nəsil artırmaq üçün hər cür fədakarlığa hazırdırlar və onlar belə demək təbiri-caizsə, Ağalələdən və Tülkü Qasımdan müqayisə edilməyəcək dərəcədə insaflıdırlar. Xislətində vəhşilik olan canavarlar hərdən rast gəldikləri qocalara, uşaqlara, gəlinlərə, ümumiyyətlə dinc insanlara hücum etmir, lüzumsuz yerə mal-qaraya ziyan vurmurlar.

Parket sexi əllərindən alınandan sonra gəliri azalan Ağalələnin əlinin altında işləyən və əlaltısı olan Tülkü Qasım Ağalələyə insanın ağlına batmayan bir təklif edir. Tülku Qasım uzun müddətdir ki, canavarların izinə düşüb. O, Ağalələyə təklif edir ki, tələ qurub canavarları tutsunlar, tutduqları həmin canavarları restoranın həyətində qəfəsə salsalar-canavarları görməyə gələnlərin hesabına restoranın müştəriləri xeyli artar. Həmin təklif başqaları üçün nə qədər müdhişdirsə, Ağalələ üçün bir o qədər cəlbedicidir.

Hüseynbala Mirələmov Tülku Qasımla silahlıları "Bədheybət məxluqlar" adlandırır. Bu bədheybət məxluqların törətdiyi vəhşilikləri - dörd balasının tüstüdə boğulub ölməsini, Aysunun tora salındığını Köysərək iztirablar içərisində dağın başından izləyir, amma onları xilas etməkdə aciz olur. Onların tükürpədici əməllərini dəhşət hissi ilə izləyən Köysərəyin gücü ancaq üzünü dağlara tutub acı-acı ulamağa çatır.

Bütün dünyanı Allah yaradıb və bütün yaratdıqlarına yaşamaq haqqı verib. "Cəza" povestində Ağalələ və Tülkü Qasım dünyanın bu əzəli və əbədi qanununa qarşı çıxırlar. Dünyanın əşrəfi sayılan insan rəzil vəziyyətə düşüb və ən dəhşətlisi budur ki, düşdükləri rəzillikləri nəinki anlamırlar, hətta anlamaq belə istəmirlər. Canavar cütlüyü isə bu insanların əlindən xilas olmaq, öz yeganə, sağ qalmış balalarını həyatda saxlamaq üçün özlərini hər təhlükəyə, ölümə atırlar. "Cəza" povesti qədim türk mifologiyasında çox işlənən "Boz qurd" toteminə əsaslanan mifoloji əsərdir. Bu canavarların sayının kəsilməsi üçün hər cür bəd əmələ əl atan Ağalələ ilə Tülkü Qasım onlara qənim kəsilməklə keçmişimizə, insani dəyərlərimizə əl qaldırırlar. Amma onlar başa düşmürlər və başa düşmək iqtidarında da deyillər ki, bu mümkünsüzdür. Müqəddəs kitablarda, əfsanələrdə, əsatirlərdə qiyamət günü haqqında çox yazılıb çox deyilib. "Qiyamət nə vaxt olacaq" sualına müqəddəs kitabların, əfsanələrin, əsatirlərin cavabı isə budur: haqq aradan qalxanda, nahaq dünyada bərqərar olanda.

Bu əsərdə Tülkü Qasım və Ağalələdən başqa da mənəviyyatsız, bütün əxlaqi normalardan uzaq, insanlıq adına ləkə olan obrazlar var. Hatəm, Qərənfil, falçı Tavat. Bu surətlər əsərdə az görünsələr də Hüseynbala Mirələmov onların iç üzünü açmağa müvəffəq olur.

"Gecə bənövşələri" kitabındakı növbəti povest "Gecə sürünən ilanlar" adlanır. Ümumiyyətlə, hörmətli yazıçımız Hüseynbala Mirələmovun əsərlərini oxuyarkən onun bir vətəndaş kimi gənclərimizin taleyi üçün necə narahat olduğunu açıq-aydın hiss edirik. Gənclik millətin gələcəyi deməkdir. Sabahımızın necə olacağı bu gün yetişən gənclərdən, onların sağlam düşüncələrindən asılıdır.

Bu povestdə iki qızın Aydanla Fəridənin dostluğundan bəhs edilsə də, əsas qəhrəmanı Fəridədir. Hadisələr məhz Fəridənin taleyi fonunda baş verir. Bu əsərdəki Fəridə və Aydan "Gecə bənövşələri" kitabındakı digər gənc qız obrazlarından fərqlənirlər. "Tənha lalə"dəki Əsmər Sultanlı, "Taledən qaçmaq olmur" povestindəki Fidan valideynlərinin seçimləri ilə ailə qururlarsa, "Gecə sürünən ilanlar" əsərindəki Fəridə və Aydanın ailə qurmalarında valideynlərinin heç bir ciddi müdaxiləsi rol oynamır. Amma onların həyatdan gözlədikləri xoşbəxtlik bu qızlara da nəsib olmur. Əsərdə iki qızın taleyindən bəhs edilsə də, əslində ən çox diqqət çəkən surətlər Fəridə, Aydan və Aydanın əri Əkrəmdir. Ümumiyyətlə Əkrəm olduqca mürəkkəb obrazdır. Cilddən-cildə girən, şəraitə uygun olaraq təkcə xasiyyətini, danışığını, hərəkətlərini deyil, əqidəsini belə dəyişən, mənsəbə, vəzifəyə çatmaq üçün gözünü belə qırpmadan istənilən alçaqlığa gedən Əkrəm surətini yazıçı Hüseynbala Mirələmov tam dolğunluğu ilə canlandıra bilmişdir. Bəzi yazıcılar povest yazarkən təfərrüatlı təhkiyədən qacırlar. Amma hörmətli yazıçımızın yazı üslubu özünəməxsus, tamamilə fərqlidir. Əkrəmin xarakterinin açılmasında geniş təhkiyə hadisələrin təfərrüatına qədər canlandırılması zərurətindən, istəyindən doğur. "Gecə bənövşələri" kitabındakı istər "Gecə sürünən ilanlar", "Tənha lalə", "Cəza", "Taledən qaçmaq olmur", istərsə də "Əclaf" povestləri ona görə maraqla oxunur, yadda qalır ki, bu əsərlərdə təsvir olunan hadisələri, xarakterlərin daxili dünyasını, düşüncələrini bütün incəliklərinə qədər dərk edə bilirsən. 

Fəridə özünə inamı, qətiyyəti hesabına, ləyaqətini, şərəfini uca tutmaqla təkbaşına Əkrəm kimi ilana qalib gəlir. Nəinki qalib gəlir, onu əzir, təhqir edir, bu qara ilanın - Əkrəmin mənliyini ayaq altına atır.

Özünə inanmaq, sona qədər mübarizə aparmaq, ən qorxulu düşməndən belə qorxmamaq... Sadaladığım bu müsbət cəhətlər, ali dəyərlər insanda varsa, belə insanları heç bir vasitə ilə əzmək, məğlub etmək olmaz. Fəridə kimi iradəli, mərd, cəsarətli qızlar Əkrəm kimi yaramazlarla mübarizədə həmişə qalib olurlar. Hüseynbala müəllimin "Gecə sürünən ilanlar" əsərindən çıxardığımız nəticə bizi belə düşünməyə vadar edir.

(Ardı var)

Etibar ƏBİLOV

 





04.02.2015    çap et  çap et