“Dövlət büdcəmiz ixrac neftimizin orta illik qiymətinin $65-na hesablanıb. Ona görə də bu qiymətdən baha satdığımız hər barel "qara qızıl" dövlət büdcəmizə əlavə qazanc gətirən amildir. Amma gündəlik baş verən bu qiymət dəyişiklikləri situativ "sevinc" və "məyusluq" göstəricisi hesab oluna bilər, çünki neft qiymətləri dünya bazarında anbaan dəyişən xammaldır. Azərbaycan isə hazırda adətən bir gündən artıq müddətdə bazara 1 tanker çıxara biləcək imkandadır. Energetika nazirliyinin məlumatları əsasında deyə bilərik ki, Azərbaycanın orta günlük neft ixracı təqribən 470 min bareldir. Adətən, ixrac üçün 600 min və təqribən 1 mln barel tutumu olan tankerlərdən istifadə edilir. Bu baxımdan da həftədə 4-5 dəfə Azərbaycan neftinin ixracına dair məlumatlara rast gəlirik. Əslində isə Azeri Light markası altında yalnız Supsadan bazara çıxarılan kiçik həcmdə neft satılır”.
Bunu 525.az-a enerji məsələri üzrə ekspert İlham Şaban söyləyib.
O vurğulayıb ki, bu gün neftimiz əvvəlkindən 1 dollar baha satılıbsa, bu o deməkdir ki, ortalama $470 min daha çox qazanmaq şansımız olub və əksinə:
“Azərbaycan nefti 1998-ci ildən qlobal bazara çıxarılsa da, onun qiymətləri hərraclarda (birjalarda) təyin edilmir. Bizim neft "spot" qiymətləri ilə dəyərləndirilir, yəni ixrac terminallarında satıcı və alıcı arasında razılaşdırılır. Bundan əlavə neftin qiymətinə həmin gün dünya birjalarında olan qiymətlər, neftin satıldığı və boşaldılacağı terminalda tələb-təklif də təsir edir. Neftimizin qiymətini Azərbaycanda rəsmən elan edən qurum yoxdur. KİVlərin istifadə etdikləri qiymət yerli bazara "sızdırılan" məlumatdır, ona görə də mənbəsi göstərilmir. Onu deyim ki, Azərbaycanda ixrac neftimizin orta aylıq qiymətləri də açıqlanmır. Maliyyə nazirliyi bəzən yarımillik qiymətləri dərc edir. Yaxud da Milli Məclisdə büdcə müzakirələri zamanı ilin 9 ayını üzrə ortalama ixrac qiymətləri ictimailəşdirilir. KİV-lərimiz xəbər başlıqlarında bir qayda olaraq əhval-ruhiyyə artıran göstəricilərdən istifadə edirlər. Ona görə də reallıqda dövlət büdcəsinə daxil olmalı olan göstəricini deyil, maksimum qiymətə fokuslanırlar”.
Sevinc Qarayeva
çap et