525.Az

Yazıçılar Birliyi ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi imzalanıb - Fotoreportaj


 

Yazıçılar Birliyi ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi imzalanıb - <b style="color:red">Fotoreportaj</b>

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi  (İLESAM) ilə AYB-nin müştərək əməkdaşlığına dair müqavilənin imzalanması mərasimi keçirilib.
 

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid həyata keçiriləcək layihənin bir neçə ay əvvəldən planlaşdırıldığını bildirib:
 
"Hazırlanmış yekun müqavilə layihəsində ədəbi sahədə hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, "XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası"nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə şeir günlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günlərini keçirəcək. Əlbəttə ki, bunlar ilkin əməkdaşlıq üçün nəzərdə tutulmuş şərtlərdir. Güman edirəm ki, İLESAM-la Yazıçılar Birliyi arasında qarşılıqlı işbirliyi gələcəkdə daha da genişlənəcək. Məlumdur ki, Yazıçılar Birliyinin Türkiyədə bir sıra qurumlarla, o cümlədən, Avrasiya Yazarlar Birliyi ilə geniş və sıx əlaqələri var. Keçən ilin fevral ayında Əskişəhərdə Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyi yaradıldı, Anar müəllim də o qurumun sədri seçildi və bu fəaliyyətini davam etdirir. Ümid edirəm ki, AYB və İLESAM-ın qarşılıqlı əməkdaşlığı Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək".

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tədbir iştirakçılarını  rəhbərlik etdiyi qurumun üzvləri adından salamlayıb:

"Düşünürəm ki, bu əməkdaşlıq müqaviləsinin çoxdan imzalanması lazım idi. Bu müqavilə ilə ədəbi qardaşlığımız  artıq yazılı bir şəkildə təsdiqlənmiş olur. Əminəm ki, yazarlarımızın qarşılıqlı şəkildə tanınması, ədəbiyyatımızın təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirmək imkanımız olacaq". M.N. Parmaksız Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslanın burada fəaliyyət göstərdiyi üç il ərzində iki qardaş ölkə arasında maraqlı mədəni və ədəbi layihələrə imza atdğını xatırladıb, onun bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.

Sədr səfər müddətində Azərbaycan Bəstəkarlar İttifaqı ilə də önəmli bir layihəyə imza atılacağını bildirib:

"Şeir sizdən, bəstə bizdən. Artıq ilk addımlar atılıb, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin şeirinə türk sənət musiqisi bəstələnib. Həmin layihəyə əsasən, türk bəstəkarları sizin göndərdiyiniz şeirlərdən uyğun bildiklərinə mahnılar bəstələyəcək, sonra isə həmin mahnılardan ibarət konsert təşkil olunacaq. Mədəniyyət təkcə şeir, sənət deyil, həm də ortaq ruhumuzdur. Bu ruhu birgə yaşatmaq üçün layihələr həyata keçirməliyik". 

AYB-nin sədri, Xalq yazıçısı Anar qardaş ölkənin nümayəndə heyəti ilə görüşdən çox məmnun olduğunu önə çəkib:

"İllər boyu çalışmışıq ki, Türkiyə Azərbaycanda tanınsın, biz Türkiyədə tanınaq. Bu işin ən yaxşı vasitəsi ədəbiyyatdır. Son dövrlərdə Türkiyədə xeyli Azərbaycan yazarının kitabları nəşr olunur, təbliğatı aparılır. Hazırkı anlaşma ilə bu iş daha sistemli şəkildə həyata keçiriləcək.

Mehmet bəy dəyərli şairimiz Bəxtiyar Vahabzadənin adını çəkdi. Bu il onun yubileyidir. Müqaviləmizin bir bəndində həm də qarşılıqlı yubileylərin qeyd olunması nəzərdə tutulub. İnşallah, Türkiyədə və Azərbaycanda bu işləri birgə həyata keçirəcəyik". 

Çıxışlardan sonra AYB və İLESAM sədrləri sözügedən müqaviləni imzalayıblar. Sonra Xalq yazıçısı Anara İLESAM adından hədiyyələr təqdim edilib. Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov isə M.N.Parmaksıza Dağlıq Qarabağ həqiqətləri barədə nəşrlər hədiyyə edib.
İmzalanmadan sonra tədbir iştirakçıları fikir və düşüncələrini bölüşüblər.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan hələ ilk gənclik illərindən ədəbiyyatla maraqlandığını, sonra isə Mühəndislik fakültəsini ataraq ədəbiyyat üzrə ali təhsilini davam etdirdiyini diqqətə çatdırıb:

"Mənim fikrimcə, ədəbiyyat insanı insan edən ən önəmli dəyərdir. Yazıçılar Birliyi ilə İLESAM arasında imzalanan bu müqaviləni çox önəmli hesab edirəm. Belə gözəl bir layihəyə xeyir-dua verməklə, könül dünyasına xitab edən insanlarla eyni məclisdə olduğuma görə özümü çox xoşbəxt sayıram. Və hər iki quruma əməkdaşlıqda uğurlar arzulayıram".

İLESAM-ın sədr müavini, qardaş ölkənin tanınmış ədibi İlter Yeşilay Bakıda gördüyü qonaqpərvərlikdən riqqətə gəldiyini, geriyə çox gözəl xatirələrlə dönəcəyini deyib:

"Bütün sizlərlə köklərimizdən, qanımızdan gələn bir qardaşlığımız var. İrəlidəki işbirliyimizə azərbaycanlı qardaşlarımızın da ürəklə qatılacağına inanırıq. Çox həyəcanlı və xoşbəxtəm. Bu duyğuları birliyimizin üzvlərinə çatdıracağıma söz verirəm". Sonra İ.Yeşilay şeirlərini oxuyub.

Əskişəhərdə pedaqoji fəaliyyətlə məşğul olan Tamilla Abbasxanlı bu müqavilənin imzalanmasına sevindiyini dilə gətirib və iki qardaş ölkə arasında gələcəkdə daha geniş ədəbi-mədəni əlaqələr qurulacağına inamını ifadə edib.

Şair Ələmdar Cabbarlı çıxış edib, İlter Yeşilayın yaradıcılığı haqqında söz açıb, indiyədək onun xeyli şeirini dilimizə tərcümə etdiyini deyib.

Onun sözlərinə görə, İ. Yeşilayın şeirlərinə bəstələnmiş məşhur mahnıları Zəki Müren, Sezen Aksu kimi görkəmli sənətkarlar ifa ediblər. 

Sonra Ə. Cabbarlı İlter Yeşilayın, Azərbaycan dilinə uyğunlaşdırdığı şeirini oxuyub:

Ağdənizin sərin yeli,
Günümün ilk işığısan.
Dodağımda bir təbəssüm,
Könlümün tək aşığısan.

Sevgilim, minnət borcum var
Sənlə doğan günə, aya.
Sənlə bağlı hər nə varsa,
Boyamışam narıncıya.

Həsrət, qürbət üzdü məni,
Düşdüm bir çəkilməz eşqə,
Portağal ətirli yarım,
Sənlə həyat tamam başqa.

Səndən gələn hər nə varsa,
Ürəyimdə saxlayıram.
Bircə gün görməsəm səni,
Zülüm- zülüm ağlayıram.

Ömrümə min sevgi qatan,
Sevgiylə əlimdən tutan,
Heca-heca eşq oxudan
Tanrım ayırmasın bizi!

Tədbirdə şairlər Abbas Abdulla, Akif Əhmədgil, tənqidçi Bəsti Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Atatürk liseyinin müəllimi, şair Dursun Elmas da söz alaraq, daha bir qarşılıqlı əməkdaşlıq aktının imzalanmasından məmnunluqlarını ifadə ediblər.

Sevinc MÜRVƏTQIZI

 





04.02.2015    çap et  çap et