525.Az

Milli Kitabxanada türkiyəli qonaqlarla görüş olub


 

Milli Kitabxanada türkiyəli qonaqlarla görüş olub<b style="color:red"></b>

Fevralın 4-də Türkiyənin Elmi və Ədəbi əsər Sahibləri Məslək Birliyinin baş direktoru Mehmet Nuri Parmaksız, həmin qurumun direktor müavini İlter Yeşilay və birliyin bir neçə üzvü Azərbaycan Milli Kitabxanasında olub, direktor Kərim Tahirovla görüşüblər.

Görüşdə elm və ədəbiyyat sahəsində əməkdaşlıqdan, müəlliflik hüququ problemlərindən bəhs edilib. Qonaqlar respublikamızda müəlliflik hüquqlarının necə qorunması və onun qanuni tərəfləri ilə, bu sahədə Milli Kitabxananın həyata keçirdiyi siyasətlə maraqlanıblar. Nuri Parmaksız Türkiyədə nəşr edilən kitablara vahid beynəlxalq standart kitab nömrəsini (İSBN) verən təşkilatın büro üzvü olduğuna görə bu işin Azərbaycanda təşkilinin vəziyyətinə də maraq göstərib. Qonaq təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda nəşr edilən kitabların əksəriyyətinin beynəlxalq standart nömrəsi (İSBN) yoxdur.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, qeyd edilən problem ölkəmizdə bu sahə ilə bağlı prioritet məsələlərdən biridir və Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin diqqət mərkəzindədir. Nazirin təşəbbüsü ilə, Azərbaycan ərazisində nəşr edilən bütün kitablara beynəlxalq standart kitab nömrəsinin (İSBN) verilməsi işinin Milli Kitabxana tərəfindən həyata keçirilməsi barədə Nazirlər Kabinetinə müraciət edilib: "Əgər bu iş Milli Kitabxanaya həvalə olunarsa, respublika ərazisində çap edilən bütün kitablar həm Azərbaycan Kitabının milli arxivinə daxil olar, həm də Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, iqtisadiyyatına dair dəyərli mənbələrin, tarixi faktların gələcək nəsillərə ötürülməsi təmin edilər". K.Tahirov təəssüflə bildirmişdir ki, bütün kitabların məcburi nüsxələri tam şəkildə Milli Kitabxanaya verilmədiyinə görə hazırda, demək olar ki, çap məhsulunun 20 faizə qədəri milli ədəbiyyat arxivimizdə yer almır.

Görüşün sonunda qonaqlar gətirdikləri  bir neçə kitabı Milli Kitabxanaya hədiyyə ediblər, öz növbəsində direktor K.Tahirov isə "Azərbaycan Milli Kitabxanası" fotoalbomunu, muğama dair disklər dəstini və Məhsəti Gəncəvinin şeirlər kitabını qonaqlara bağışlayıb.

 





05.02.2015    çap et  çap et