525.Az

Cəbhədə keçirdiyim günlər həyatımı tamam dəyişdi


 

Cəbhədə keçirdiyim günlər həyatımı tamam dəyişdi<b style="color:red"></b>

İnsanlar adətən ömrün  ahıl çağında  çevrilib arxaya  boylanır,  keçdiyi həyat yoluna nəzər salır, olub-keçənləri təhlil edir, bir sözlə, öz-özünə hesabat verir. Mən də ömrümün  yetmiş ili ərəfəsində  istədim ki, ötüb- keçdiyim  yola nəzər salım, olub- keçənləri xatırlayım. Və bu xatırlamalar fonunda  Vətən, xalq,  rastlaşdığım  insanlar haqqında  fikirlərimi oxucularla bölüşüm.

Azərbaycanın  dilbər guşələrindən olan  Balakən  rayonunun  Katex kəndində   doğulmuşam. Bu kənd  qədim yaşayış məskənlərindən biri olub. Buranın mehriban,  zəhmətkeş insanları  mənim  sonrakı taleyimdə  çox əhəmiyyətli rol oynayıblar. Doğrudan da, bu  camaat Vətəni, xalqı öz varlıqları qədər sevən, nikbin ruhlu insanlardır.  İndi  mənə  dərs verən  müəllimlərimi  böyük  ehtiramla  yad edirəm. Onlar Sovet dönəmində yaşasalar da, hələ o vaxt Azərbaycanın  azadlığa  çıxacağından,  müstəqilliyə  qovuşacağından  açıq,   böyük yanğı ilə danışardılar. O, vaxtdan  qəlbimdə  qorxmazlıq, azadlıq ruhu   yaranmışdı. Və bir gün  bu xalqın   qaniçən imperiyaya qarşı  qalxan  mübarizləri  sırasında özümü  də görəndə   necə xoşbəxt   olduğumu  təsəvvür etmək  çətindir.

Mən iqtisadiyyat sahəsinin mütəxəssisiyəm. Yaxşı bilirdim ki, bu torpağın yeraltı, yerüstü  sərvətləri talan edilir, bizə isə  yalnız onların tör-töküntüsü qalır. Azadlıq mübarizəsi başlayanda  çoxları  deyirdi ki, Azərbaycan heç  zaman müstəqil yaşaya bilməz. Amma bu  gün   müstəqil Azərbaycanımız  nəinki  azad  yaşayır, eyni zamanda, öz inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələri sırasındadır.

Amma bu müstəqillik asan qazanılmadı. Nə qədər itkilərimiz oldu. 20 Yanvar   gecəsi  imperiya  ölkəmizə  görünməmiş təcavüz etdi. Çox  fəxr edirəm ki, o ağrılı  günlərdə mən də   qəhrəman oğullarımızla bir yerdə olmuşam.  Bu gün Şəhidlər Xiyabanında  dəfn olunan  bu insanları  ziyarət edərkən adam, həqiqətən, qürur, fəxarət hissi keçirir.

 Hələ, sən demə,  qarşıda bizi  daha böyük fəlakətlər gözləyirmiş. Dağlıq Qarabağ müharibəsi bizi əsl imtahana  çəkdi. Nə qədər insanlar yurd-yuvalarından didərgin  düşdü,  torpaqlarımız işğal olundu. Müstəqil Azərbaycanımızın taleyi  təhlükə altında olduğu bir vaxtda ulu öndərin  hakimiyyətə gəlişi Azərbaycanı   dağılmaq təhlükəsindən  xilas etdi.

Müharibə isə davam edirdi. Özümü  xoşbəxt sayıram ki,  mən də torpaqlarımızın  azadlığı  yolundakı  bu müharibənin iştirakçısı olmuşam.

...1992-ci ilin sentyabr ayının  doqquzu  idi. Qapı döyüldü, gələn polis  bildirdi ki,   hərbi kommissarlığa  çağrılırsan. Sonra isə Ağdərə  döyüşləri. Cəbhədə, döyüşlərdə   keçirdiyim  ayları  ömrümün ən şərəfli anları hesab edirəm.  Alay komandiri idim. Ağdərədə bir neçə kənd uğrunda gedən amansız  döyüşlərdə  əsgərlərimiz  böyük  qəhrəmanlıq göstərdilər. Koçekot, Çıldıran, Sırxavənd  kəndləri uğrundakı  döyüşlərdə  itkilərimiz  çox olsa da,   biz  Vəndə  qədər irəliləyə bildik. Burada isə   hər tərəfdən mühasirəyə düşdük. Çətin günlər idi. Amma  uşaqlar  döyüşdən çəkilmək istəmirdilər. Bir əsgər var idi, Şirin  Saramanov. Qorxu nə olduğunu bilməzdi.  Mühasirədən çıxmaq üçün apardığımız döyüşlərdə onu itirdik. Elə onun  dostu  Saşa da  şəhid oldu. Amma  mühasirəni yardıqdan sonra məlum oldu ki,  bizə köməyə gəlməli olan batalyon   gəlib çıxmayıb. O, vaxt belə  hadisələr olurdu, çünki  vahid  komandanlıq yox idi. Orduda da hərc-mərcilik yaranmışdı.

Bu gün, Allaha  şükür ki,  atəşkəsdir.  Amma cənab Prezidentin  dediyi kimi,  biz istəyirik torpaqlarımız  sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun  olaraq  qeyd- şərtsiz  azad olunsun. Əgər bu baş tutmasa,   ordumuz torpaqlarımızı   azad etməyə hazırdır. Bu gün hər bir  döyüş qabiliyyətli Azərbaycan övladı   torpaqlarımız uğrunda  döyüşə hazırdır. Bizim müasir  silahlarla təchiz edilmiş  ordumuz Baş Komandanın  döyüş  əmrini gözləyir.

Ömrümün bu çağında   Vətənimi belə  qüdrətli  görəndə qəlbim dağa dönür.  Bir Bakıya baxın, necə də  gözəlləşib.  Təkcə Bakımı?  Yox,  bütün Azərbaycan yeniləşir, hər  şey yaxşılığa doğru dəyişir. Və inanıram ki, ölkə başçımızın  həyata  keçirdiyi davamlı  islahatlar  Azərbaycanımızın müstəqilliyini daha da möhkəmləndirəcək, onu dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracaq. Və mənim də ən böyük arzum  Böyük Qələbə  Gününü  görməkdir. 

Məhəmməd  QARDAŞOV 
Təqaüddə olan müharibə veteranı

 





05.02.2015    çap et  çap et