525.Az
Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququnu tanımalıdır
Sevinc MÜRVƏTQIZI
BU, BEYNƏLXALQ HÜQUQ KONVENSİYALARININ VƏ ƏDALƏTİN TƏLƏBİDİR
1988-ci ildən bəri Ermənistanın dekonstruktiv və riyakar mövqeyi nəticəsində tarixi Azərbaycan torpaqları işğal altındadır. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququ (BMT-nin nizamnaməsində hərbi təcavüzkarın dəf edilməsi hüququ qeyd olunub) və imkanı olan Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə, ikitərəfli və çoxtərəfli danışıqlar vasitəsi ilə həll etməyə səmimi şəkildə səylərini əsirgəmir.
Ermənistanın hərbi təcavüzü nəticəsində respublikanın 17 min kvadrat kilometr məhsuldar torpaqları işğal olunub, minlərlə şəhid vermişik, minlərlə insan əlil olub,1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal nəticəsində 900 yaşayış məntəqəsi,130939 ev,2389 sənaye və kənd təsərrüfatı obyekti,1025 təhsil,798 səhiyyə ocağı,1510 mədəniyyət müəssisəsi, 348 körpü və telekommunikasiya xətləri dağıdılıb.
Hökumətimiz qaçqın və məcburi köçkünləhin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük miqyası işlər görülüb və görülməkdədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkə başçısının Fərman və Sərəncamlarına əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Füzuli rayonunun ərazisində 4125 ailə, 18169 nəfər üçün hər cür sosial-texniki infrastruktura malik 16 ( Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq 4, Zobucuq-5) qəsəbə, Ağdam rayonunun ərazisində isə 5012 ailə, 21776 nəfər üçün hər cür sosial-texniki infrastruktura malik 17 (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Erği, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) qəsəbə tikilmişdir. Füzuli rayonunun 4944 evdən ibarət 21 yaşayış məntəqəsində ( Horadiz şəhəri, Əhmədbəyli, Qazaxlar, Mirzənağılı, Arayatılı, Babı, Mollaməhərrəmli, Kərimbəyli, Yağlıvənd, Şükürbəyli, Böyük Bəhmənli, Mahmudlu-1, Mahmudlu-2, Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Qarabağ, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Alıxanlı) işğal vaxtı dağıdılmış 4381 evdən 2952 ev bərpa edilib, 1429 ev isə bərpa olunmaqdadır.
Ümumiyyətlə, 2001-2010-cu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (717,9 milyon manat) və digər mənbələrdən (32,03 milyon manat) ayrılan 766,93 milyon manat (958,66 milyon ABŞ dolları) vəsait hesabına 20 min ailə, 90 min nəfər daimi məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün 1110,6 min kvadrat metr sahəsi olan 67 qəsəbə və fərdi evlər inşa edilmiş, 126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib.
Dövlətimiz bütün bu titanik işləri öz vətəndaşının həyat və rifahını təmin etmək üçün həyata keçirir.
Lakin bütün bunlarla yanaşı bu gün bir milyondan artıq Azərbaycan vətəndaşının beynəlxalq konvensiyalarda nəzərdə tutulan – Yaşayış Yeri və Əmlakın Restitusiyası (Bərpası) Hüququ pozulur. Təməl insan hüquqlarının öz əksini tapdığı beynəlxalq təşkilatların ratifikasiya etdiyi hüquq konvensiyalarında qeyd olunur ki, dünyada mövcud olan bütün qaçqın və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası (bərpası) hüququna malikdirlər. Bu mümkün olmayan hallarda isə müstəqil və tərəfsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təsbit edilmiş mülkiyyət və mənzil toxunulmazlığı hüququnun pozulması iddiası ilə bağlı Ermənistan dövləti Avropa İnsan Hüquqları Məhkəməsində cavab verməlidir.
Avropa Konvensiyasının həm də əhəmiyyəti onunla əlaqədardır ki, bu məhkəmə fərdə beynəlxalq hüququn subyekti statusunun verilməsi və beynəlxalq hüququn suveren subyekti olan dövləti beynəlxalq məhkəməyə çəkmək imkanı yaradır.
Nəzərə alaq ki, bu məhkəmə istisna olmaqla, beynəlxalq hüquqda insan haqlarının belə səmərəli müdafiəsini tənzimləyən ikinci bir institusional qurum mövcud deyil.
Qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququ ilə bağlı Respublika Prokurorluğunun hüquqi təminat şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Rəşad Qasımovun araşdırmasında qeyd olunur ki, qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət etmələrində kifayət qədər əsası var. Prokuror araşdırmasında Avropa İnsan Hüquqları Məhkəməsi mülkiyyət hüququnun davam edən pozuntusu konsepsiyasının mövcudluğunu təsdiq edib.
Son statistikaya görə, hazırda Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı daha 650-yə yaxın müraciət var və şikayətlərin sayı gündən-günə artmaqdadır.
Hazırki dövrdə hökumətimizin və dövlət başçısının misilsiz səyləri nəticəsində qaçqın və məcburi köçkünlərə yüksək həyat şəraiti yaradılır, lakin onlar əlbəttə ki, doğulduqları, böyüdükləri, əcdadlarının məzarları yerləşən əzəli-əbədi yurd yerlərinə qayıtmaq arzusu və dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistanın nə zamansa Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verəcəyi ümidi ilə yaşayırlar. Bu arzu və ümid həm də qaçqınların və məcburi köçkünlərin qeyri-qanuni, daha doğrusu zorakılıqla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası (bərpası) hüququ ilə üst-üstə düşür. Bu arzu və ümidin gerçəkləşməsi isə insanların təməl hüquqlarının və ədalətin bərpasının təmini baxımından çox vacibdir.
Yazı Ombudsman Aparatının keçirdiyi ənənəvi
“Hüquqlar-hamı üçün!” jurnalist yazı müsabiqəsinə təqdim olunur
29.11.2012 çap et