525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə,  Şamaxı şəhərinin ən azı 2500 il yaşı var. 

Şamaxıdan 10 km aralıda, Pirsaat çayının sağ sahilində, dəniz səviyyəsindən 850 metr yüksəklikdə Çuxuryurd adi böyük bir qəsəbə yerləşir. Burada vaxtilə Rusiyadan köçüb gəlmiş malakanların nəsli yaşayır.

Zəngin təbiətə malik olan Şamaxı rayonunun həm də qədim tarixi var. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxanı kəndindəki İmamzadə piri, XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və s. XIV əsrdə tikilmiş, yuraltı hamamı olan karvansara kompleksi də böyük marağa səbəb olur. Şamaxıdakı Cümə məscidi təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın ən qədim məscidlərindən sayılır. 743-cü ildə inşa edilən məscidə 1859-cu və 1902-ci illərdə baş vermiş zəlzələlər nəticəsində məscidə ciddi ziyan dəyib, XX əsrin əvvəllərində memar Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. Lakin 1918-ci ilin martında ermənilərin Şamaxıda törətdikləri soyqırım zamanı Cümə məscidi ora toplaşan insanlarla birlikdə yandırılıb.  Prezident İlham Əliyevin 24 dekabr 2009-cu ildə imzaladığı müvafiq sərəncama əsasən, Cümə məscidində əsaslı təmir-bərpa işləri aparılıb.

Çuxuryuddan 9 km aralıda Qala-buqurt adlı dağ kəndi yerləşir. Bu kəndin ətrafında sanki sal qayaya bitişik olan əfsanəvi Qala-buqurt istehkamının (XV-XVI əsrlər) xarabalıqları qalmaqdadır. XIII əsrdə Şirvanşah Şharux hücum etmiş farslardan burada müdafiə olunub. Qalanın içərisində şahın sarayı var. Qala mükəmməl su təchizatı sisteminə malik idi. İstehkam səddinə tağ şəkilli gizli yolla gətirilən suyu saxlamaq üçün daşdan tikilmiş hovuzlar, su qülləsi və su kəməri var.

Gülüstan qalasının xarabalıqları Şamaxının yaxınlığındadır. Şirvan hökmdarlarından biri olmuş Mustafa xanın sarayının qala divarlarının qalıqları Fit dağında ucalır. Şirvan xanlarının uyuduğu Yeddi Qümbəz məqbərəsi (XVIII-XIX əsrlər) yaxşı vəziyyətdə qalmışdır. Ən qədim abidələrdən biri də Xınıslı kəndində daşdan yonulmuş qadın heykəlidir. Üç rayonun - Şamaxı, Dəvəçi rayonlarının qovuşduğu yerdə meşəli dağın zirvəsində qədim Şərgah şəhərinin xarabalıqları var.

Şamaxıda xeyli sayda ziyarətgah - Pirsaat, İmamzadə Şah Xəndan, Qoç baba, Şeyx Abdurrəhman, Pir Qulu ziyarətgahları, Ağa Seyid Əli, Seyid Hüseyn, Dədəgünəş, Yemişan, Qız, Əzizağa, Baba Xələf, Baba Səfər, Alaçıq, Ağacan baba, Qəriblər, Hacı Əbdürrəhman, Şeyx Səyyad, Yel, Təmam Qəddari, Yeddi qardaş pirləri, Mərdəkan, Şeyx Babahəmid türbələri, Molla Xəlil ocağı və digər çoxsaylı müqəddəs məkanlar mövcuddur. 

Şamaxı Xaqani Şirvani, Fələki Şirvani, İmadəddin Nəsimi, Hacı Zeynalabdin Şirvani, Hamidi Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Əzim Əzimzadə və başqa istedadlı söz və fırça ustalarının, dahi mütəfəkkirlərin və memarların vətənidir.

XII əsrin I yarısında Şamaxıda yaşayıb yaradan Azərbaycan alimi, şair Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olub. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlayıb. Fitri istedad və qabiliyyəti sayəsində bu elmə mükəmməl yiyələnib. İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul edib. Bir müddət Şirvanşahlar sarayında yaşayıb, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr edib. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınıb və burada məşhur "Həbsiyyə" qəsidəsini qələmə alıb. Fələki yaradıcılığında məhəbbət lirikasi, təbiət tərənnümləri də üstünlük təşkil edir.

Şamaxıda dünyaya gələn klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir Xaqani Şirvaninin adı  İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olub. İlk təhsilini əmisindən alıb və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olub və təəssüratlarını poetik əsərlərdə verib. Şair ömrünün son illərini Təbrizdə keçirib. Xaqani 1199-cu ildə vəfat edib və məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətul-İraqeyn" poeması daxildir. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.

Azərbaycanın ən görkəmli şair və mütfəkkirlərindən İmadəddin Nəsimi də 1369-cu ildə Şamaxıda dünyaya göz açıb.

Ədəbiyyat tariximizə İmaməddin Nəsimi adı ilə həkk olunan Seyid Əli Seyid Məhəmməd oğlu ilk təhsilini də Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur. Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin tərbiyə və təlimlərindən bəhrələnib. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olub və onun qızı ilə evlənib.

Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. 1417-ci ildə Hələb şəhərində dərisi soyularaq edam edilib.

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi. Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunub və İranda da bir dəfə "Gecə qaranlığında Simurq" adıyla Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilib.

(Ardı var)

S.ABDULLAYEVA

 





06.02.2015    çap et  çap et