525.Az

Dini icma rəhbərləri Polad Bülbüloğlunu təbrik etdilər


 

Dini icma rəhbərləri Polad Bülbüloğlunu təbrik etdilər<b style="color:red"></b>

Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüş keçirib.

Tədbirdə Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı  dini icmasının Gennadi Zelmanoviç və digərləri iştirak ediblər.

Şeyxülislam Hacı Allahşükür Paşazadə 70 illik yubileyi münasibətilə QMİ-nin Polad Bülbüloğluya ünvanlan təbrik məktubunu oxuyub. Yubilyarı təbrik edən Şeyxülislam Polad Bülbüloğlu ilə uzun illərə dayanan yaxın dostluq münasibətlərinin olduğunu bildirib. O, P.Bülbüloğlunun ölkə mədəniyyəti və dövlətçiliyimiz üçün göstərdiyi xidmətlərdən danışıb:

"Mən sizin yaşınızı hallandırmaq istəmirəm, amma deyə bilərəm ki, həddi-buluğa hələ indi çatmısınız. Bu xidmətiniz də xalq tərəfindən, ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev tərəfindən heç vaxt unudulmayıb, yüksək qiymətləndirilib. Arzu edirəm ki, Bülbülün yadigarının növbəti doğum günlərini ata-baba yurdunuz Şuşa şəhərində qeyd edək".

Sonra Şeyxülislam P.Bülbüloğluya "Qurani-Kərim" və qiymətli hədiyyələr təqdim edib.

Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Şeyxülislama minnətdarlığını bildirərək deyib ki, Azərbaycan xalqının, ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin onun fəaliyyətinə verdiyi qiymət onda böyük ruh yüksəkliyi yaradır. O, Şeyxülislamın istər Sovet dövründə, istər 20 Yanvar hadisələri vaxtı, istərsə də sonrakı illərdə Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin olduğunu bildirərək, onun xalqın böyük tarixi şəxsiyyətlərindən olduğunu qeyd edib: "Müstəqilliyin ilk illəri çox çətin olub. Qarabağ problemi, 20 Yanvar hadisəsi və ölkədə iqtidarların tez-tez dəyişməsi ilə həyəcan keçirirdik. Şeyxin Azərbaycanın o çətin günlərində millətimiz qarşısında əvəzedilməz xidmətləri olub, o, böyük işlər görüb. Biz fəxr edirik ki, sizin kimi şeyximiz var".

Polad Bülbüloğlu fevralın 4-də Heydər Əliyev sarayında böyük bir tədbir keçirə bildiyinə görə Allaha şükür etdiyini deyib, "Şərəf" ordeni ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Yubilyar həyatında ulu öndər Heydər Əliyev məktəbini keçdiyinə, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında səfir kimi fəaliyyət göstərdiyinə görə də özünü xoşbəxt saydığını vurğulayıb.
 
P.Bülbüloğlu qeyd edib ki, onun yubileyi münasibətilə Bakıya gələn qonaqlar Prezident İlham Əliyevlə görüşdən sonra deyiblər ki, kaş bizim də prezidentimiz bizə belə diqqət və qayğı göstərəydi.

Azərbaycanın ictimai-siyasi tarixində baş verənlərdən, öz fəaliyyətindən və Şeyxülislamla dostluq tarixindən danışan P.Bülbüloğlu sonda əlini ona hədiyyə edilən “Quran”a basaraq and içib:
 
"Əlimi bu müqəddəs Qurana basaraq and içirəm ki, bundan sonra da xalqımın və dövlətimin gələcəyi üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, növbəti ad günümü Qarabağda keçirəcəyəm".

Daha sonra Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Polad Bülbüloğlunu yubiley münasibətilə təbrik edib. A.İşein çıxışının sonunda P.Bülbüloğluna millətlərarası, dinlərarası, ictimai-siyasi və mədəni xidmətinə görə "Müqəddəs Appostol Varfolomey" medalını təqdim edib.

Sonra Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının Gennadi Zelmanoviç çıxış edərək yubilyarı təbrik ediblər. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə Polad Bülbüloğluna təşəkkürünü bildirən Gennadi Zelmanoviç yubilyara yəhudilərin dini simvolu olan şamdan - "Menora" hədiyyə edib.

Cavid ŞÜKÜROV

 





06.02.2015    çap et  çap et