"Regionumuzun sabitliyi və təhlükəsizliyi xarici siyasətimizin əsas prioritetlərindəndir. Biz regional problemlərin regional həll yollarını müdafiə edirik. Bu kontekstdə qonşumuz İranda sülh və rifah həm bizim, həm də bölgəmiz üçün böyük əhəmiyyət kəsb edir”.
525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ankara İrandakı hadisələri diqqətlə izləyir:
“Etirazlar zamanı baş verən ölüm hadisələri ilə bağlı dərin kədərimizi bir daha ifadə etmək və İran xalqına başsağlığı vermək istərdim. Hadisələrin əsasən sakitləşməsi sevindirici haldır. Ümid edirik ki, İranın daxili işləri xarici müdaxilə olmadan sülh yolu ilə həll olunacaq. Digər tərəfdən, PKK terror təşkilatının inkişaf edən hadisələrdən istifadə etməyə çalışdığını gördük. Fürsətdən istifadə edərək hər kəsə xatırlatmaq istəyirəm ki, PKK terror təşkilatına qarşı birgə mübarizə aparmalıyıq".
Fidan əlavə edib ki, Türkiyə İrana hərbi müdaxilənin əleyhinədir: “Biz Vaşinqton və Tehranı danışıqlar masasına oturmağa çağırırıq”.
Pərvanə Sultanova
çap et