ABŞ vətəndaşı, 90 yaşlı ingilis dili müəllimi Beverli Hannett-Prays Ginnesin rekordlar kitabına düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna qadının 67 illik fasiləsiz dil tədris etməsi səbəb olub.
Prays Miçiqan ştatındakı "Detroit Country Day School" məktəbində işləyir. Rekordla bağlı müvafiq sertifikatı da ona burada təqdim ediblər.
Maraqlıdır ki, qadının bundan xəbəri olmayıb. O, məktəbdə düzənlənən tədbirə dəvət edilib və sürprizlə qarşılaşıb. Üstəlik, sertifikatı müəllimə məşhur aktyor, bir vaxtlar onun şagirdi olmuş Kortni B.Vens təqdim edib. Yeri gəlmişkən, xanım Prays karyerası ərzində bir çox məşhurlara, o cümlədən, aktyor Robi Uilyamsa, "Microsoft"un keçmiş baş direktoru Stiv Balmerə dərs deyib.
Qeyd edək ki, mərasimdə çıxış edən Beverli Hannett-Prays 90 yaşına rəğmən, təqaüdə çıxmaq fikrində olmadığını, müəllimlik karyerasını davam etdirmək istədiyini bildirib.
L.Tağıyeva
çap et