525.Az

Amerika mətbuatı Vaqif Səmədoğludan yazıb


 

Amerika mətbuatı Vaqif Səmədoğludan yazıb<b style="color:red"></b>

Amerikada çıxan populyar "Forum Daily" yəhudi qəzetində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun vəfatına həsr edilmiş məqaləsi dərc olunub.

Məqalənin müəllifi - beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut qeyd edir ki, böyük şairin vəfatı haqqında bu dəhşətli xəbəri dünyanın unikal məkanında - Azərbaycanın Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbədə olanda eşidib. Həmin gün İsrailin Akko şəhərinin merini Azərbaycana səfərdə müşayiət edən Arye Qut yazır: "Bu dəhşətli xəbəri eşidəndə qəlbimdə sanki bir boşluq yarandı. Müasir Azərbaycanın mədəni və ədəbi həyatında Vaqif Səmədoğlu miqyaslı şəxsiyyətlər yetişməsini hələ çox gözləmək lazım gələcək. Məhz bu cür insanları millətin vicdanı adlandırırlar".

Müəllif ona Azərbaycan xalqının parlaq nümayəndəsi, müdriklik və həqiqi ziyalılıq təcəssümü olan bu nəcib və nurlu insanla tanış olmağı qismət etmiş Tanrıya şükür edir. Arye Qut böyük Azərbaycan şairi Səməd Vurğunun oğlu Vaqifin peşəkar musiqiçi ola biləcəyini xatırladaraq yazır: "Vaqif Moskvaya yola düşmüş, orada əfsanəvi Yakov Fliyer onu dinləyərək ifasını bəyənmiş və öz sinfinə qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin gənc Vaqif musiqiçi deyil, şair olmağa hazırlaşırdı. Musiqi Vaqifin həyatında qaldı. Onun şeirləri də həmişəlik qaldı. O, ilk baxışda nəzərə çarpmayan və bəzən dözülməz dərəcədə çətin bir sənət seçdi - söz sənətini. Vaqif Səmədoğlunun yaradıcılığında dünyanın, insanın və cəmiyyətin fəlsəfi baxımdan dərk edilməsi məsələləri xüsusi yer tutur. Vaqif Səmədoğlunun yaradıcılığı mövzu müxtəlifliyi, poetik təfəkkürün genişliyi ilə seçilir".

Müəllifin fikrincə, Vaqif Səmədoğlunun poetik istedadı onun totalitar Sovet sistemi dağılandan sonra çap olunmuş üç kitabında - müasir Azərbaycan ədəbiyyatında unudulmaz hadisəyə çevrilmiş "Günün baxtı", "Mən burdayam, İlahi" və "Uzaq, yaşıl ada" kitablarında tam şəkildə üzə çıxdı.

Vaqif Səmədoğlunun 2013-cü ildən onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd edən müəllif yazır: "Məhz həmin vaxtdan mən və bir neçə dostum Vaqif müəllimi - ağır xəstəliklə mübarizə aparan, öz nikbinliyini və yumor hissini qoruyub saxlayan bu mətin insanı dəstəkləməyə çalışırdıq. Vaqif Səmədoğlu ilə hər görüşümüzdə o, yaradıcı ünsiyyəti, dostları ilə səmimi məclisləri, maraqlı söhbətləri xoşlayan, dünyəvi dəyərlərin sevincini qiymətləndirən bir insan olduğunu sübut edirdi. Hərçənd, Vaqif Səmədoğlu özünün bəzi şeirlərində sonsuz səhrada tənha dolaşan bədbin bir səyyah təsiri bağışlayır".

Arye Qutun sözlərinə görə, Vaqif müəllimin vəfalı ömür-gün yoldaşı Nüşabə xanım Vəkilova şairin xilaskar mələyi kimi, həmişə onun yanında olub. Bu insanların hər ikisi uzun və çətin yol keçib. Müəllif yazır: "Nəcib insan olan Nüşabə xanım Vaqif Səmədoğlunun bu ağır xəstəliklə mübarizəsində sözün həqiqi mənasında ona dayaq və arxa olub. İlyarım ərzində Vaqif Səmədoğlu və Nüşabə xanım mənim üçün ən doğma insanlara, ailəmin ayrılmaz hissəsinə çevrildilər. Vaqif müəllim ilyarımdan çox bundan əvvəl İsrailə gəldi və orada bu xəstəliklə mərdanə şəkildə əsl mübarizə apardı. Bu müddətdə mən dostlarımla bərabər dəfələrlə onunla görüşüb müxtəlif mövzularda - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun banilərinin rolu, Vaqif müəllimin atası Səməd Vurğunun repressiyalar dövründə çətinliklə salamat qalması, Vaqif Səmədoğlunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsi tanışlığı və görüşləri haqda, həyat, sevgi və ölüm barədə söhbətlər edirdik".

Müəllif vurğulayır ki, Vaqif Səmədoğlu İsrailə son səfərlərinin birində İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü seçilib. O, Arye Qut ilə, habelə uşaqlıq dövründən dostluq etdiyi professor Mixail Aqaronov və onun həyat yoldaşı Turan xanım ilə söhbət zamanı demişdi: "Azərbaycan rəhbərliyinin səyləri, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə olunuram, bu xəstəliklə mübarizəmi davam etdirirəm. Bu müddətdə İsrail mənim üçün ikinci Vətən olub".

Arye Qutun fikrincə, Vaqif Səmədoğlunun həyatı və yaradıcılığı Vətənə xidmət etməyin parlaq nümunəsidir. Müəllif yazır: "Biz onun xeyirxahlıq dərslərini, öz xalqına, Vətəninə sevgi, dostluq və ətrafımızdakı insanlara hörmət dərslərini unutmayacağıq. Azərbaycanın Xalq şairi, həqiqi vətənpərvər, adı böyük hərflərlə yazılmağa layiq olan bu İNSANIN xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Əgər bu həyatda gözəllik və müdriklik varsa, onlar Azərbaycan poeziyasının ustad sənətkarının yaradıcılığında və şəxsiyyətində əks olunub. Vaqif müəllim Azərbaycanın döyünən ürəyi, nurlu çırağı idi. Sevimli şairimiz, əzizimiz Vaqif müəllim dünyasını dəyişsə də, biz yenə onu sevəcəyik. Onu təkcə Azərbaycanda deyil, həm də İsraildə yenə də sevirlər".

Vaqif Səmədoğlunun "Xatirələrin gözəlliyi onların əlçatmaz olmasıdır" sözlərini sitat gətirən Arye Qut məqalənin sonunda yazır: "Hər dəfə Təl-Əvivin sahil küçəsindən keçərkən, Bakı bulvarında gəzərkən dənizi çox sevən, dalğalara və insanlara tamaşa etməyi xoşlayan Vaqif müəllimi xatırlayacağam. Tamamilə əminəm ki, Vaqif Səmədoğlu əbədiyaşar insanlardandır. Onu şeirləri, əsərləri, pyesləri əbədi yaşadacaq. Məhz bu şeirlərin sayəsində Vaqif Səmədoğlunun istedadı Azərbaycana, onun mədəniyyətinə, musiqisinə və poeziyasına hörmət, onlara heyranlıq və sevgi duyğularına transformasiya edib. O, həmin şeirlərində öz Vətəninə - doğma Azərbaycana sevgisini dönə-dönə etiraf edirdi. Azərbaycan poeziyasının bu böyük ustadı həqiqətən əsil-nəcabətlilik, lirizm, insani sadəlik təcəssümü idi. Bəsirət və heç nə ilə müqayisə oluna bilməyəcək həssaslıq dərəcəsinə görə onun tayı-bərabəri yox idi. İstedadının miqyasına görə Vaqif Səmədoğlu ilə müqayisə edilə biləcək yeni şəxsiyyətlərin tezliklə yaranacağını gözləməyə dəyməz. Vaqif Səmədoğlunun ölümü Azərbaycan üçün böyük və əvəzolunmaz itkidir. Bu itkini qəlbin və zəkanın gücü ilə dərk etmək çətindir. Bu hadisə elə nadir hallardan biridir ki, hətta kişilərin də çoxu göz yaşlarını saxlaya bilmir... Böyük Vaqif Səmədoğlunu tanıyanlar, həyatımızda nələr baş verəcəyindən asılı olmayaraq, onu heç vaxt unutmayacaqlar..."

AzərTAc

 





07.02.2015    çap et  çap et