525.Az

"Nizami və Nəvainin “Xəmsə”lərini bir araya gətirməklə müxtəlif layihələr həyata keçirmək mümkündür" - Günay Əfəndiyeva


 

"Nizami və Nəvainin “Xəmsə”lərini bir araya gətirməklə müxtəlif layihələr həyata keçirmək mümkündür" - <b style="color:red"> Günay Əfəndiyeva</b>

"İllər keçir, əsrlər keçir, insanlar dəyişir, nəsillər dəyişir, amma mədəniyyət qalır, söz qalır. Nəvainin sözləri ilə desək , “Söz bir incidir ki, onun dənizi bir könüldür”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva bu gün anadan olmasının 585 illiyi tamam olan Əlişir Nəvainin yaradıcılığından bəhs edərkən bildirib.

Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistan arasındakı tarixi bağlardan, keçmişdən bu günə strateji tərəfdaşlığa çevrilmiş əlaqələrindən, iki ölkənin dövlət başçılarının ən yüksək səviyyədə formalaşmış qardaşlıq və dostluq münasibətlərindən bəhs edərək deyib: “Biz Nəvaidən danışırıqsa, Türk dünyasından danışırıq. Təsadüfi deyil ki, I Türkoloji Qurultayın mövzularından biri də Nəvainin 485 illiyi ilə bağlı olub, çünki onun türk dilinin və ümumilikdə türkçülüyün inkişafında müstəsna rolu vardı”.

Deputat bildirib ki, beş il əvvəl çalışdığı Türk Mədəniyyəti və İrsi Fondunda Əlişir Nəvainin 580 illik yubileyi keçirilib, şairə həsr olunmuş kitab nəşr edilib, dövlət rəsmilərinin, Özbəkistandan gələn qonaqların, türk ölkələrinin alimlərinin iştirakı ilə təqdimatı təşkil olunub, daha sonra isə böyük mütəfəkkirin irsinin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Günay Əfəndiyeva Nəvai irsini türk xalqlarını bir-birinə yaxınlaşdıran mənəvi körpü kimi dəyərləndirərək, vurğulayıb: “Bu gün Əlişir Nəvaidən danışırıqsa, şübhəsiz, Nizami Gəncəvidən də danışırıq. Eyni zamanda həmin dövrdə xalqlarımız arasında mövcud olan əlaqələrdən danışırıq”.

Deputat ötən ilin sonunda Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinin silsilə tədbirlərlə keçirildiyini xatırladıb. Qeyd edib ki, tədbirlər çərçivəsində özbək rəqs ansamblının ifasında “Xəmsə” baletinin nümayişi olub. Günay Əfəndiyeva bildirib ki, bu, yeni təşəbbüslərin başlanğıcı ola bilər və Nizami “Xəmsə”si ilə Nəvai “Xəmsə”sini bir araya gətirməklə müxtəlif layihələr həyata keçirmək mümkündür.

Onun sözlərinə görə, Nəvai haqqında görkəmli şair kimi və eyni zamanda görkəmli dövlət xadimi kimi də danışmaq olar. Bildirib ki, şairin Sultan Hüseyn Bayqara ilə birgə fəaliyyəti dövründə Herat Orta əsr müsəlman Şərqinin ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Günay Əfəndiyeva türk xalqlarının ortaq sərvəti olan Nəvai kimi dahilərin irsinin Türk dünyasının yolunu hər zaman işıqlandıracağını vurğulayıb.

 





10.02.2026    çap et  çap et