525.Az

Kəmaləddin Qədimin şeirləri


 

Kəmaləddin Qədimin <b style="color:red">şeirləri</b>

GETMƏDİ

Sadiq dostum oldu necə,
Aha bax, aha, getmədi...
Fırlandı yan-yörəmdəcə,
Çəkilib dağa getmədi...
 
Heç bilməzdim çəmi belə,
Əzabmış kef-dəmi belə.
Getmədi dərd-qəmi belə,
Məndən uzağa getmədi...
 
Ayrılıq haqq kimi gəldi,
Lap elə vaxt kimi gəldi.
Gəldi, qonaq kimi gəldi,
Yurd saldı daha, getmədi...
 
Neynim, kaş ki yan ötəydi,
Keçib yanımdan ötəydi...
Bu eşq canımdan ötəydi,
Canımdan baha getmədi...

8 sentyabr 2014

YADIMA GƏLİR...

Bir vaxt sevmişdim səni,
Fələk, yadıma gəlir...
Mələkdin gözlərimdə,
Mələk, yadıma gəlir...
 
Bu imiş Lələliyin,
Qanımmış bələdiyin.
Ələndim, ələdiyin
Ələk yadıma gəlir...
 
Qoçaq, sənin, mənimdi,
O çağ sənin, mənimdi.
Bıçaq sənin, mənimdi
Kürək, yadıma gəlir...
 
Bir qızla qandırdığın,
Üstdə dolandırdığın.
Uğruna yandırdığım
Ürək yadıma gəlir...

Necə saldın atımdan,
Keçdin yeddi qatımdan.
Kəfən çıxmır yadımdan,
Bələk yadıma gəlir...
 
10 sentyabr 201

OLA

Nə sən dünyaya, nə də,
Dünya sənə bənd ola.
Nə sərvəti bal dada,
Nə şöhrəti qənd ola...
 
Vurmalını vuralar,
Qırmalını qıralar.
Min bir oyun quralar,
Çıxmağa bir fənd ola...
 
Tanıyasan Təkini,
Qoruyasan çəkini.
İki vuraq ikinin,
Sonucunda dörd ola...
 
Hikmət var yalanda da,
Kürkdə də, palanda da.
Nə ola, olanda da,
Çəkiləsi dərd ola...
 
Getməsə qanda dava,
Ürəkdə, canda dava.
Çıxar xırmanda dava,
Şumda min cür şərt ola...
 
Dağı dağ üstə məncə,
Qoymaq olar, a bəndə;
Arxanda, yan-yörəndə,
Beş-altıca mərd ola...
 
15 sentyabr 2014

BELƏ DEYİLMİŞ...

Canım, gözəl görüb gözün gözəli,
Bu gözəl gözündə gilə deyilmiş...
Adəmdən-Xatəmə sözün gözəli,
Çox da ki bülbülə, gülə deyilmiş...
 
Başının lap tacı, taxtı sanırdın,
Ondan o yanası yoxdu sanırdın.
Uğruna öləcək vaxtdı sanırdın,
Deyilmiş, deyilmiş, hələ deyilmiş...
 
Qəm idin, təpədən-dırnağa qəmdin,
Əskik olmadı ki dilindən həmdin.
Nə o Xan Əsliydi, nə sən Kərəmdin,
Arxanca gələn də Lələ deyilmiş...
 
Alındı alınmaz qala sandığın,
Doyuldu doyulmaz bala sandığın.
Bəla olsa belə bəla sandığın,
Sən deyən o dadlı bəla deyilmiş...
 
Neynək, tutulduğun qarğış çəkilən,
İslağın təkisən, yağış çəkilən...
Yayın ortasında bu qış çəkilən,
Bu çilə çəkilən çilə deyilmiş...
 
Bu da bir xəyaldı, xəyal, qurmusan,
Elə xəyallarla yatıb, durmusan.
Vallah, o Nuru da sən uydurmusan,
Sən belə görmüsən, belə deyilmiş...
 
18 sentyabr 2014

YOLLARI

Bilmədim, nə sehirsə,
Bax, nə sirrsə, yolları.
Dünyanın belə qoşub,
Tələsirsə yolları...
 
Mən adlı biri vardı,
Baxmaz borandı, qardı.
Geriyə qaytarardı,
Çata bilsə yolları...
 
Kiməm ki sənsiz, qadam;
Dinsiz, imansız adam.
Ya məscid olsun, ya da
Olsun kilsə yolları...
 
Dağ ol, çəkilim sənə,
Ağ ol, bükülüm sənə.
Neynirəm, gülüm, sənə
Gətirmirsə yolları...
 
20 sentyabr 2014

BU GÜN NƏ VAR ƏLVİDADI...

Yaradandan bir qismətdi,
Ərməğandı, paydı dünən.
Qəm nə qəmdi, dərd nə dərddi,
Dərmandı, davaydı dünən...
 
Canındaydım, canındaca,
Dolaşırdım qanındaca.
Elə, qalıb yanındaca,
Ölməli havaydı dünən...

...O qız başqa qızdı bu gün,
Nədən vəfasızdı bu gün?
Payızdı, payızdı bu gün,
Yaydı dünən, yaydı dünən...
 
Bu çəkilən əl vidadı,
Bu görsənən yol vidadı.
Bu gün nə var əlvidadı,
Nə var mərhəbaydı dünən...
 
20 sentyabr 2014

MƏN DÜNYANIN MƏĞLUBU...

Mən dünyanın məğlubu,
Qalibimdi vaxt mənim.
Axır sonuma çatdı,
Doğru mənim, haqq mənim.
 
Pozulan cərgə, sıra,
O səf, o düzən mənəm.
Fələklə zər atan mən,
Elə, uduzan mənəm.
 
Dərdlə üst-üstə gəlib,
Cəm olmuşam, cəm belə.
Məğlubiyyət kimidi,
Beş-on heç-heçəm belə.
 
Yığın da bu dünyanın,
Daşın çiynimin üstdə.
Enib ağ bayraq kimi,
Başım çiynimin üstdə...
 
24 sentyabr 2014

XATİRƏLƏR ÖRTÜR MƏNİ

Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
Eləcə də bitir məni...
 
Öz-özünü boşa öydün,
Bu yol çıxış yolu döydü.
Yağış çırpdı, dolu döydü,
Eyləmədin çətir məni...
 
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın.
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
 
Yerindim, ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur qapıdan ötür məni...
 
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
Xatirələr örtür məni...

2 oktyabr 2014

GƏLMƏZ

Kənddən məktub
 
Getdi ağızların tamı,
Dəmlərin o dəmi gəlməz.
Keçməz başa ata, ana,
Yanda dayı, əmi gəlməz...
 
S olu nə çox, sağı nə çox,
Dörd yan düşmən, yağı, nə çox...
Çəkiləsi dağı nə çox,
Çəkiləsi qəmi gəlməz...
 
Daha o bölgəniz yoxdu,
Üstündə kölgəniz yoxdu.
Bu yerlərdə dəniz yoxdu,
Bu yerlərə gəmi gəlməz...
 
Ha xoflanar xoflananlar,
Ha goplanar goplananlar.
Yer dəyişər toplananlar,
Gəlməz, yenə cəmi gəlməz...

Dərd üstündən dərdi gələr,
Namərddən namərdi gələr.
Yaşamağın şərti gələr,
Yaşamağın çəmi gəlməz...
 
2 oktyabr 2014

ADAM ÜZÜYOLADI...

Ürək mənimdi, neynim,
Qadam, üzüyoladı.
Nə elə asiyəm, nə
Şadam, üzüyoladı...
 
Bütün göyərəcəklər,
Tələsməz, yazı bəklər.
Badam vaxtsız çiçəklər,
Badam üzüyoladı...
 
Ruh əzabkeş, can zalım,
Əldə öz yaxan, zalım.
Uçurub, yıxan zalım,
Ya, dam üzüyoladı?..
 
Elə, buyam həmişə,
Elə, sözdü demişəm.
Səhvim üzüyenişə,
Xətam üzüyoladı...
 
Təkim, təkinən olmaz,
Təksən, çəkinən olmaz.
Hər dərd çəkilən olmaz,
Adam üzüyoladı...
 
4 oktyabr 2014

DİLLƏR ƏZBƏRİ

Hamı gedən yoldu bu,
Yolum dillər əzbəri...
Sağım dillər əzbəri,
Solum dillər əzbəri...
 
Ha çalış, ha üstdə əs,
Nimdaş təzə görünməz.
Girər gözə, görünməz,
Halım dillər əzbəri...
 
Mən bir işi əymişin
Biriyəm, neynim, kişi?..
Dərilməz ki dəymişim,
Kalım dillər əzbəri...
 
Nə aşkardı, nə pünhan,
Duzaq, tələ də pünhan.
Adil hələ də pünhan,
Zalım dillər əzbəri...
 
Çəkilir zülüm necə,
Sor desin külüm, necə...
Necəsən, ölüm, necə,
Olum dillər əzbəri...
 
4 oktyabr 2014

YAZ BİTİR...

Sevdim sənin baharını, yazını,
Nə bitirsə bahar bitir, yaz bitir.
Gündə yüz yol əsirgəmə nazını,
Qadın bitir, nə zaman ki naz bitir...
 
Çox da qənim çoxdu düzə, bilirsən,
Kimlər necə baxdı düzə, bilirsən...
Zaval, filan yoxdu düzə bilirsən,
Düz əkilən düz göyərir, düz bitir...
 
Sevgi dolu, eşq doludu bədən ki,
Durub bom-boş gedə bilmir gedən ki...
Sevən elə candan sevər, nədən ki
Göz buraxır, əl yorulur, söz bitir...
 
Halıdır ki gülüm, halın yazımın,
Qəlbi yuxa, əliyalın yazımın.
Bundan belə mənim alın yazımı,
Sən yazırsan, gecikdirmə, yaz, bitir...
 
5 oktyabr 2014

 





09.02.2015    çap et  çap et