“Dünyanın fövqəldövləti ilə “Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması Azərbaycan liderinin qətiyyətinin, bir daha sübut olunan siyasi səriştəsinin nəticəsidir”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfərindən öncə dövlət başçısı ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı 31 şirkətdən 60 nəfər nümayəndə ilə görüş keçirildi.
"Biznes əlaqələrinin siyasi əlaqələrdən daha sürətlə inkişaf etdiyini görürük. Lakin ABŞ-Azərbaycan münasibətlərində siyasi münasibətlər iqtisadi əlaqələri üstəliyir. Bu, Azərbaycan Prezidentinin və Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir. Bu amili isə biz deyil, məhz qarşı tərəf vurğuladı. ABŞ ilə Azərbaycan arasında hərbi texniki sahədə əməkdaşlıq genişləndirilir. Bu məsələ Xartiyada öz əksini tapıb. Tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirirlər. Deməli, regionun təhlükəsizlik arxitekturası yenidən qurulur və buna gətirib-çıxardan amil Azərbaycanın yaratdığı reallıqdır. Azərbaycan bu yolda ABŞ ilə birgə addımlar atır. Yəni, burada təhlükəsizlik arxitekturasının birlikdə qurulmasından söhbət gedir", - politoloq vurğulayıb.
O əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizə aparan ölkədir: "Əfqanıstanda göstərdiyimiz fəaliyyət məlumdur.
Həmin bu məsələ bir daha Vens tərəfindən vurğulandı və Azərbaycan ordusunun ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandığına diqqət çəkildi. Bu gün dünyada yeni çağırışlar var. Bunlardan biri qarşısıalınmaz süni intellektdir. Bu baxımdan tərəflər rəqəmsal infrastruktur, kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Bu məhz Trampın qeyd edilən yanaşmasına uyğundur. Regional bağlantılar qədər tərəfdaşlığa təkan verən ikinci amil yəqin ki, buna tərəflərin bu layihələrə göstərmiş olduğu sədaqət xidmət edə bilər. Enerji amili üzərindən qurulan əməkdaşlıq, illər ərzində Azərbaycanın etibarlı tərəfdaş olması bu xidmətin sual altına salınmasının ehtimalını belə açıq qoymur. Odur ki, Azərbaycan və ABŞ Transxəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyat infrastrukturunun inkişafını birgə işləmək niyyətinə sadiqlik ifadə edirlər. Bu isə heç şübhəsiz ki, ticarət və tranzitin asanlaşdırılmasını, bariyerlərin aşılmasını nəzərə tutur. Bütövlükdə, elə Vensin səfəri də Azərbaycanın, Cənubi Qafqazın xarici siyasətdə baryerləri aşdığını göstərir".
Pərvanə Sultanova
çap et