“Prezident İlham Əliyevin sədrliyi ilə keçiriən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə də qeyd olunduğu kimi, növbəti mərhələdə rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsulda payının artırılması əsas hədəflərdən biridir. İnsan kapitalının gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı təkcə iqtisadi dayanıqlığın təmin olunmasına deyil, eyni zamanda yeni dəyər zəncirlərinin formalaşmasına, innovativ məhsul və xidmətlərin yaradılmasına imkan verir”.
525.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov söyləyib.
Onun dediyinə görə, qlobal iqtisadiyyatda da rəqəmsal sektorun payı sürətlə artmaqdadır. Azərbaycanda iqtisadiyyatın təxminən 3 faizi rəqəmsal sektorun payına düşür və qarşıya qoyulan əsas məqsəd bu göstəricini daha da artırmaqdır:
“Müşavirədə səsləndirilən məsələlər vahid və sistemli fəaliyyət mexanizminin formalaşdırılmasına, dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu yanaşma iqtisadiyyatın innovasiyalaşdırılmasını sürətləndirəcək, süni intellekt də daxil olmaqla qabaqcıl rəqəmsal texnologiyaların tətbiqini genişləndirəcək və nəticə etibarilə Azərbaycanın iqtisadi artımının davamlılığını və dayanıqlığını daha da möhkəmləndirəcəkdir".
Sevinc Qarayeva
çap et