"Məlum olduğu kimi, hazırda ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır. 2019-cu ildən həyata keçirilməyə başlayan beş sosial islahat paketi çərçivəsində bu rəqəm 3.1 dəfə artırılaraq 130 manatdan 400 manata çatıb. Artıq altı ildir, minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yuxarı olmaqla daha böyük mahiyyət və məna kəsb edir. Lakin minimum əməkhaqqı ilə bağlı hər şey heç də tələb olunan vəziyyətdə deyil. Onun məbləği ilə yanaşı, əhəmiyyəti və rolu da artırılmalıdır".
Bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. O bildirib ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə dair qanun layihəsinə əsasən, ölkədə minimum əməkhaqqının məbləğinə yaşayış minimumu ilə ehtiyac meyarına olduğu kimi ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq:
"Son illər ölkədə minimum aylıq əməkhaqqının artımı gəlirləri büdcədən asılı olan muzdlu işçilərin hamısına təsir etmir. Məsələn, orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları ayrı mexanizm əsasında tənzimlənir. Yaxud bir sıra dövlət və hökumət orqanlarının tabeliyində, o cümlədən ayrıca fəaliyyət göstərən publik hüquqi şəxs statuslu qurumlarda çalışanların əməkhaqqları da 19 pilləli vahid tarif cədvəli əsasında hesablanmır və artmır. Düzdür, bu sahələrdə də minimal maaş ölkə üzrə müəyyən edilən həddən aşağı ola bilməz və minimum aylıq əməkhaqqı artırılan zaman onlarda da aşağı məbləğdə olan maaşlar artır. Lakin bu, yuxarı maaş alanların aylıq əməkhaqlarına təsir etmir. Qeyd olunan cəhət bəlkə də məqbul haldır. O baxımdan ki, ölkə üzrə aşağı əməkhaqqı səviyyəsi artırıldıqca minimum maaş həddi orta aylıq əməkhaqqının səviyyəsinə cüzi də olsa yaxınlaşır".
Sevinc QARAYEVA
çap et