Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycan 129 min 933 ton buğda idxal edib. Bu həcmdə buğdanın dəyəri 28 milyon 871,7 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 43 min 278,75 ton (50 faiz), dəyər baxımından isə 10 milyon 176,3 min ABŞ dolları (54,4 faiz ) çoxdur.
Azərbaycanın buğda idxalının artması bir neçə amillə izah olunur. Birincisi, daxili istehsalın mövsümi xarakteri və məhsuldarlıq göstəriciləri fonunda un və çörək sənayesinin fasiləsiz təminatı prioritet olaraq qalır. Dövlət Statistika Komitəsinin əvvəlki illərə dair məlumatları göstərir ki, ölkədə illik buğda istehsalı ümumi tələbatı tam qarşılamır və idxal struktur ərzaq təhlükəsizliyinin tərkib hissəsidir. İkincisi, beynəlxalq bazarda qiymətlərin nisbətən əlverişli olduğu dövrlərdə daha çox həcmdə alış həyata keçirmək praktik baxımdan rasional yanaşma hesab olunur. Bu, həm ehtiyatların formalaşdırılması, həm də daxili bazarda qiymət sabitliyinin qorunması baxımından əhəmiyyətlidir.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin strateji dayaqlarından biri olan buğda ilə təminat məsələsi kompleks və çoxistiqamətli bir strukturda formalaşır. Daxili istehsal imkanları, idxal mənbələri və qlobal bazarların dəyişkən konyunkturası bu sistemin əsas tənzimləyici faktorlarıdır. Son illərdə isə daxili buğda istehsalında baş verən dəyişikliklər və idxaldan asılılığın qalması həm iqtisadi, həm də strateji baxımdan narahatedici tendensiyalar ortaya qoyur.
Xalid Kərimlinin fikrincə, mövcud vəziyyətdən çıxış yolu yalnız qısamüddətli tədbirlərlə deyil, uzunmüddətli və kompleks strateji yanaşmalarla mümkündür. Bu yanaşma ilk növbədə daxili istehsalın gücləndirilməsini, resurslardan səmərəli istifadənin təmin edilməsini və xarici asılılığın azaldılmasını nəzərdə tutur: "İlk növbədə, daxili istehsalın stimullaşdırılması əsas prioritetlərdən biri olmalıdır. Bu məqsədlə subsidiyaların daha hədəfli və effektiv bölgüsü həyata keçirilməli, eyni zamanda müasir aqrotexniki metodların tətbiqi genişləndirilməlidir. Fermerlərin texnologiyalara və aqroservislərə çıxışı artırılmalı, innovativ becərmə üsullarına keçid təşviq olunmalıdır. Məhsuldarlığın artırılması istiqamətində suvarma sistemlərinin modernləşdirilməsi və torpaqların keyfiyyətinin bərpası da vacibdir. Əkinə yararlı torpaqların tədricən sıradan çıxmasının qarşısını almaq üçün torpaq xəritələşdirməsi aparılmalı, münbitlik göstəriciləri izlənilməli və torpaq mühafizəsi tədbirləri gücləndirilməlidir. Paralel olaraq fövqəladə hallarda ərzaq buğdasına olan tələbatı qarşılamaq üçün suveren ehtiyat fondlarının yaradılması zəruridir. Bu fondlar təchizatda mümkün kəsintilər zamanı bazarda stabilliyi qorumağa və qiymət şoklarının qarşısını almağa imkan verəcək".
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, Azərbaycanın yerli istehsalı hesabına tələbatı ödəmək potensialı var: "Dünyada kənd təsərrüfatı inkişafda olan ölkələrdə hektardan 5 ton taxıl götürmək orta göstərici sayılır. Hazırda yüksək göstərici 70-80 sentnerdir. Bir sıra ölkələrdə bəzi innovativ buğda sortları 90 sentnerə qədər buğda verib. Bizim məhsuldarlığımız həmin innovativ sortların üçdə biri qədər məhsul verib. Ona görə də mövcud potensialı reallaşdırmaq üçün Elmi-Tədqiqat İnstitutu, Dövlət Aqrar Universiteti, Kənd Təssərrüfatı Nazirliyi kimi qurumlarla işləyərək məhsuldar sortların ölkəyə gətirilməsi, yerli şəraitə uyğunlaşdırılması ilə məşğul olmalıdırlar. Digər tərəfdən, buğda zəmilərində aqrotexniki xidmətin yüksəldilməsi, innovativ-aqrotexniki qaydaların Azərbaycana gətirilməsi, selləmə-suvarmadan imtina edilərək yağış-damcı yolu ilə suvarma tətbiq eidlməlidir. Bundan başqa, Azərbaycanın su tutmayan çoxlu həcmdə boş torpaqları var ki, həmin torpaqlara kəmər vasitəsilə su çəkib, həmin ərazilərdə də taxıl əkmək mümkündür. Rayonlara səfər edərkən görmək olur ki, yolun sağı-solu boş sahələrdir və yovşan, qarağat bitir. Əgər biz boru kəməri ilə suvarma sisteminə keçsək, artıq relyef problemi aradan qalxar. Azərbaycanın məhsuldar torpaqlarının yarıdan çoxu dəmyə torpaqlarıdır. Onları da suvarmaq olar, yağışın ümidinə qalmasın. Hökumətin hərtərəfli şəkildə işləmək potensialı var. Yerli istehsalın artıraraq tələbatı ödəmək imkanları xeyli genişdir. Sadəcə olaraq o potensialı reallaşdırmaq lazımdır".
Sevinc QARAYEVA
çap et