“Sülh Şurasının yaranmasının əsas səbəbi onunla bağlıdır ki, bütövlükdə ənənəvi beynəlxalq təşkilatlar, beynəlxalq institutlar öz missiyasını, öz funksiyasını yerinə yetirə bilmirlər. Yəni BMT-nin, digər beynəlxalq təşkilatların timsalında bunu görürük”.
Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
O xatırladıb ki, hazırda dünyada 60-dan çox münaqişə var, onların həllində vurğulandığı kimi, BMT başda olmaqla bu təşkilatlar hər hansı praktiki rol oynamır və yaxud rol oynaya bilmirlər: “Düşünürəm ki, məhz bu zərurətdən çıxış edərək ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının yaradılmasını təklif etdi”.
Ekspert bildirib ki, Sülh Şurasının əsas məqsədi ilk növbədə münaqişələrin həlli ilə məşğul olmaqdır.
“Düzdür, indi Sülh Şurası daha çox Qəzza münaqişəsinə fokuslanıb. Amma nizamnaməsindən də aydındır ki, digər münaqişələrlə də məşğul olacaq. Sülh Şurasının fəaliyyətinin real nəticə verəcəyini təbii ki, gələcək göstərəcək”, - ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Sülh Şurasına dəvət olunması ilk növbədə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu ilə bağlıdır:
“Ölkəmiz Sülh Şurasının təsisçisi üzvlərindən biridir. Azərbaycanın orda iştirak etməkdə məqsədi ilk növbədə beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan özü Cənubi Qafqazda sülh prosesinin, sülh quruculuğunun əsas müəllifidir. Ölkəmiz regionda ədalətsiz müharibəni, münaqişəni bitirib, ədaləti bərpa edib, sülhü faktiki olaraq bərqərar edib. Azərbaycan özü sülhlə bağlı bir nümunə yaradıb. Düşünürəm ki, digər ölkələr də bu nümunədən istifadə edə bilərlər”.
Pərvanə Sultanova
çap et