Bilindiyi kimi, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı - UNESCO 1999-cu ildən etibarən fevralın 21-i tarixini Beynəlxalq Ana Dili Günü elan edib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan tələbələrdən 4 nəfərinin öldürülməsi hadisəsinin xatırlanması ilə hər bir millətin, fərdin dogma dilinə hörmət olunmasının vacibliyinin simvolu kimi qəbul olunur.
Bu əlamətdar tarixlə bağlı Gəncədə keçirilən dəyirmi masa müzakirələrində AMEA-nın Gəncə Bölməsinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Dəyirmi masanı giriş söz ilə açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev istər sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra, ana dilimizin inkişafı və beynəlxalq münasibətlər sistemində öz təsdiqini tapmasının Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsaslarından biri kimi onun qorunmasına yönələn düşünülmüş strategiyasının nəticəsi kimi xarakterizə edib və 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin siyasi əhəmiyyətini vurğulayıb.
O, həmçinin qeyd edib ki, müasir dövrümüzdə cənab Prezident İlham Əliyev bu ənənələri uğurla davam etdirir və dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə yanaşı, bu istiqamətdə görülən digər ardıcıl işlər dilimizin inkişafına, eləcə də beynəlxalq miqyasda inteqrasiyasına böyük təkan verib.
AMEA-nın Gəncə Bölməsinin Dəyirmi masanın məruzələri ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi, filologiya üzrə fəlsəfə doktoru Elşən Hüseynov “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ana dilinin rolu”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dili haqqında Sərəncamları”, Bölmənin elmi katibi Günay Cəfərova “Azərbaycan dilinin zəngin xəzinəsi: Qərb qrupu dialektləri”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Ana dilimizin fonetik harmoniyası: Dünya dilləri ilə müqayisədə” Bölmənin Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktorları Təranə Verdiyeva “Ana dili uğrunda mübarizədə ziyalıların maarifçilik və ədəbi təşəbbüsləri və Xəyalə Hüseynova “Ana dili və milli kimlik” mövzuları üzrə çıxış ediblər.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsindən olan qonaq iştirakçılara AMEA-nın Gəncə Bölməsinin əməkdaşları adından bu elm ocağında nəşr edilmiş kitablar hədiyyə edilib.
Zakir Muradov, Gəncə




çap et