525.Az

Bakıda Yaponiya İmperatorunun doğum günü qeyd edilib


 

Bakıda Yaponiya İmperatorunun doğum günü qeyd edilib<b style="color:red"></b>

Bakıda Yaponiya İmperatorunun doğum günü münasibətilə ziyafət təşkil olunub. 

525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, deputatlar, Bakıdakı diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya bildirib ki, Yaponiyanın sayca 126-cı imperatoru Naruhito 1 may 2019-cu il tarixində taxta çıxıb.

1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri bu üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin davamlı şəkildə inkişaf etdiyini görürük. "Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla, geniş sahələri əhatə edir. Xalqlarımız arasında canlı mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayır".

Səfir bildirib ki, ötən il Yaponiyada keçirilmiş Osaka–Kansai Ekspo sərgisində Azərbaycan öz milli pavilyonu ilə iştirak edib və pavilyon ümumilikdə iki milyon ziyarətçi qəbul edib:

"Biz bunu dostluğumuzun gücünün və canlılığının bariz göstəricisi kimi qiymətləndiririk. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün azərbaycanlı dostlarımıza göstərdikləri dəstək və əməkdaşlığa görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim".

Diplomat əlavə edib ki, ötən il dekabr ayında Tokioda “Mərkəzi Asiya + Yaponiya” Dialoqunun Zirvə Görüşü keçirilmiş, burada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığıntəşviqi və genişləndirilməsi əsas mövzulardan biri olub: "Azərbaycan Yaponiya ilə Avropanı birləşdirən bu marşrutun mərkəzində yerləşir və rabitə, informasiya-kommunikasiya texnologiyalarının inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin, eləcə də regional sabitlik və tərəqqinin irəlilədilməsində mühüm rol oynayaraq Yaponiya üçün əvəzolunmaz tərəfdaş olaraq qalır.
 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək və gələcəyin şəhər inkişafı ilə bağlı yeni müzakirələrə start veriləcəkdir. Bu yeni formalaşan sahələrdə də Yaponiya ilə Azərbaycanın əl-ələ verərək əməkdaşlığını davam etdirəcəyinə, o cümlədən, yapon şirkətlərinin yeni layihə və investisiyalar vasitəsilə iqtisadi əlaqələrimizəəlavə təkan verəcəyinə səmimi qəlbdən ümid edirəm.

Məmnuniyyətlə bildirmək istərdik ki, hal-hazırda bir Yapon televiziya kanalı hadisələrin Azərbaycanda cərəyan etdiyi televiziya serialı üzərində çalışır. Bir qədər sonra həmin televiziya serialına dair tanıtım videosunu ekranlarda nümayiş etdirəcəyik. Ümid edirik ki, bu layihə Yaponiyadakıtamaşaçılara Azərbaycanınzəngin turizm imkanları və gözəlliklərini tanıdacaq, daha çox səfərlərə ilham verəcək və iki ölkə arasında turizm əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəkdir".

Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışında hökumət adından təbriklərini çatdırıb. O deyib ki, iki ölkə arasında münasibətlər inkişaf etməkdədir. Əlavə edib ki, ötən il Yaponiya idxal üzrə mühüm tərəfdaşlarımızdan biri olub. Ölkəmizdə 48 yapon şirkəti fəaliyyət göstərir. Mədəni, regionlararası əlaqələr də inkişaf edir. Nazir müavini dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Pərvanə Sultanova

 





20.02.2026    çap et  çap et